Modern.az

Ekstremal yağıntılar: London və Paris belə tab gətirmir - ARAŞDIRMA

Ekstremal yağıntılar: London və Paris belə tab gətirmir - ARAŞDIRMA

Analitika

Bu gün, 12:20

Son günlər Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrimizdə intensiv xarakterli yağışlar müşahidə edilir. Müşahidə olunan güclü yağıntılar bir daha göstərir ki, iri şəhərlərdə hava şəraiti bəzən gündəlik həyatın ritmini dəyişə bilir. Bu isə yalnız bir şəhərə xas hal deyil kimi qiymətləndirilmir. Qısa müddətdə normanı aşan yağış dünyanın bir çox inkişaf etmiş paytaxtlarında da oxşar mənzərə yaradır.

Nümunə olaraq, dünya təcrübəsinə nəzər salsaq, London üzrə uzunmüddətli statistikaya görə, şəhərdə illik yağıntı təxminən 600 mm civarındadır. Bu, Bakı ilə müqayisədə xeyli yüksək göstəricidir. Buna baxmayaraq, 2021-ci ilin iyulunda Londonda cəmi bir neçə saat ərzində aylıq normaya yaxın yağıntı düşdü. Nəticədə onlarla ev su altında qaldı, metro stansiyaları bağlandı, bəzi xəstəxanalarda xidmət məhdudlaşdırıldı. Bu hadisə göstərdi ki, yüksək yağıntı təcrübəsi olan şəhər belə qısa müddətdə düşən ekstremal yağış qarşısında çətinlik yaşaya bilir.

Oxşar vəziyyət Paris üçün də xarakterikdir. Parisdə illik yağıntı orta hesabla 600-650 mm arasında dəyişir. Buna baxmayaraq, son illərdə güclü yağışlar zamanı Sena çayının səviyyəsi qalxır, sahilyanı ərazilər su altında qalır, nəqliyyatın hərəkəti məhdudlaşır. Bundan əlavə, 2025-ci ildə baş verən güclü tufan zamanı şəhərin bəzi hissələrində su basma halları da qeydə alındı ki, bu da paytaxt və həyat səviyyəsinə təsirsiz ötüşmədi.

Digər bir nümunə isə Dubay ilə bağlıdır. Fars körfəzinin sahillərində yerləşən bu şəhərdə illik orta yağıntı təxminən 100 mm-dən də azdır. Lakin 2024-cü ilin aprelində 24 saat ərzində 140 mm-dən çox yağış yağıb. Daha dəqiq desək, Dubay bir gün ərzində illik normasından artıq su qəbul edib. Nəticədə hava limanı fəaliyyətini qismən dayandırıb, əsas yollar su altında qalıb, şəhər infrastrukturunda ciddi problemlər yaranıb.

Dünya praktikasına söykənən faktlar bir məqamı aydın göstərir ki, məsələ şəhərin ümumilikdə nə qədər yağış alması deyil də, yağıntının intensivliyidir. Yəni bir neçə saat ərzində normadan dəfələrlə artıq su düşdükdə, istənilən şəhərin - istər London kimi “yağışlı”, istər Dubay kimi “quraq” şəhərin infrastrukturu yüklənir.

Mütəxəssislər bunu “qəfil sel” və ya “ekstremal yağıntı epizodu” kimi qiymətləndirir. Belə hallarda drenaj sistemləri (yağış, qar suları və artıq suyun ərazidən uzaqlaşdırılması üçün qurulan infrastruktur sistemi) qısa müddətdə bu qədər suyu ötürməkdə çətinlik çəkir, nəticədə küçələrdə suyun yığılması qaçılmaz olur.

Ermənistandakı vəziyyət də region üçün yeni deyil: oxşar mənzərə Tbilisidə də yaşanmışdı...

Ermənistanda son günlər müşahidə olunan leysan və daşqınlar ilk baxışda fövqəladə hadisə kimi görünsə də, əslində region üçün yeni deyil. Son illər Cənubi Qafqazda da bənzər mənzərə bir neçə dəfə təkrarlanıb.

2024-cü ilin mayında Ermənistan və Gürcüstanda baş verən hadisələr bunu açıq şəkildə göstərmişdi. Güclü yağışlar nəticəsində çaylar məcrasından çıxmış, bir neçə nəfər həyatını itirmiş, yüzlərlə insan evlərini tərk etməyə məcbur qalmışdı. Bəzi yaşayış məntəqələri isə tamamilə əlaqəsiz, təcrid vəziyyətində qalmışdı. Eyni zamanda, Gürcüstanın Marneuli və Bolnisi bölgələrində küçələrin su altında qalması, nəqliyyatın dayanması vəziyyətin miqyasını ortaya qoyurdu.

Bu kontekstdə ən çox diqqət çəkən nümunə isə Tbilisidə yaşananlardır. 2023-cü ilin avqustunda şəhərə yağan güclü yağış bir neçə saat ərzində vəziyyəti dəyişmiş - küçələr və yeraltı keçidlər su ilə dolmuş, ağaclar aşmış, elektrik xətləri zədələnmişdi. Hadisələr zamanı xilasedicilər əsasən suyun çəkilməsi, habelə nasoslama işləri ilə məşğul olurdular. Şəhər xidmətləri isə Avropa nümunəsində də olduğu kimi problemi təkcə yağıntı ilə yox, drenaj xətlərinin tutulması ilə də əlaqələndirirdi. 

Tbilisi ilə bağlı daha bir maraqlı məqam isə 2023-cü ildə qeydə alınan yağıntının miqyasıdır. Həmin dövrdə yağan yağışın həcmi 2015-ci ildə baş vermiş və ağır nəticələrə səbəb olmuş daşqınla müqayisədə daha yüksək olmuşdu. Elə həmin dövrlərdə, 2015-ci ildə baş verən daşqın nəticəsində 19 nəfər həyatını itirmiş, şəhərin bir hissəsi ciddi ziyan görmüşdü.

Bununla belə, intensiv yağışın yaratdığı mənzərəni konkret bir şəhərin problemi kimi təqdim etmək doğru deyil. Cənubi Qafqaz nümunəsi ilə paralel olaraq, London, Paris və Dubay kimi fərqli iqlim və imkanlara malik şəhərlərin eyni hadisə ilə üzləşməsi onu göstərir ki, bu, artıq qlobal miqyasda bütün və xüsusilə iri şəhərlərin qarşılaşdığı bariz reallıqdır.

Sizə yeni x var
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi