Modern.az

YAP-dan sonra ən böyük partiya hansıdır? - SORĞU 

YAP-dan sonra ən böyük partiya hansıdır? - SORĞU 

Analitika

Bu gün, 09:19

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən partiyanın üzvlərinin reyestrində baş verən sonrakı dəyişikliklər barədə ildə bir dəfə — yanvar ayının 15-dək Ədliyyə Nazirliyinə məlumat verilməlidir.

Artıq 2026-cı illə bağlı reyestrdəki dəyişikliklər Ədliyyə Nazirliyinə partiyalar tərəfindən təqdim edilib. Hakim Yeni Azərbaycan Partiyasının saytında yerləşdirilən məlumata görə, hazırda 755 629 nəfər bu partiyaya üzvdür.

Maraqlıdır ki, son statistikaya əsasən digər partiyaların neçə nəfər üzvü var?

Modern.az məsələ ilə əlaqədar siyasi partiyalar arasında sorğu keçirib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa sorğumuza cavabında qeyd edib ki, başqanı olduğu Böyük Quruluş Partiyasının 7000-dən artıq üzvü mövcuddur:

“Hər il reyestrdən keçirik. Üzvlükdən çıxan çox şəxs yoxdur. Amma vəfat edənlər var, partiyamıza qoşulan yeni şəxslər var. Onların da statistikası ciddi şəkildə aparılır”.

Saytımıza açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev bildirib ki, hazırda partiyanın üzvlərinin sayı 6525 nəfərdir.

Sabiq deputat Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının 21 400 nəfər üzvü var.

Bu barədə partiya sədrinin müavini, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı sorğumuza cavabında bildirib.

“Vətəndaş Həmrəyliyi Partiyasının 21 400 nəfər üzvü var. Onlardan 7 704 nəfəri (36%) qadın, 13 696 nəfəri (64%) isə kişilərdir. Üzvlərin 4 280 nəfəri (20%) 35 yaşadək, 13 482 nəfəri (63%) 35–65 yaş arası, 3 638 nəfəri (17%) isə 65 yaşdan yuxarı şəxslərdən ibarətdir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri 83 rayon (şəhər) və 1 muxtar respublika təşkilatında birləşiblər. Partiyanın 1 253 özək təşkilatı fəaliyyət göstərir. Onlardan 172 özək sədri qadın, 1 081-i isə kişidir. Həmçinin, ölkə vətəndaşı olan 18 azsaylı xalqın nümayəndələri VHP-də təmsil olunub”, — deyə T. Rüstəmxanlı qeyd edib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadənin sədri olduğu Azərbaycan Milli İstiqlal Partiyasının üzvlərinin sayı isə 6000 nəfərə yaxın üzvü var.

“Əslində isə bizim partiyamızın üzvlərinin sayı daha çoxdur. Bizdə zamanında 30 min nəfərə yaxın partiya üzvünün məlumatları indiyə qədər qorunub saxlanılır. Təbii ki, onlar arasında partiyanı tərk edənlər, dünyasını dəyişənlər var. Partiya işi ilə bir sıraya sığmayan fəaliyyətlə məşğul olduqlarına görə partiya sıralarından kənarda qalanlar var. İstənilən halda son dəfə reyestr məlumatlarını yanvarda Ədliyyə Nazirliyinə təqdim etdik. Partiyaya 300 nəfər yeni üzv yazılıb. Reyestr məlumatları yenilənərkən biz yeni üzvlərimizin anket məlumatlarının reyestrə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Hazırkı dönəmdə 6000-ə yaxın partiya üzvünün anket məlumatları Ədliyyə Nazirliyində mövcud olan reyestrə daxil edilib”, — deyə Arzuxan Əlizadə bildirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev isə sədri olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyasının 6132 nəfər üzvü olduğunu söyləyib:

“Azərbaycan Demokratik Maarifçilik Partiyasının üzvlərinin sayı ilə bağlı dövlət reyestrinə təqdim edilən ən son əlavələrdən sonra rəqəm 6132-dir. Eyni zamanda, 2025-ci ildə partiyanın 3 üzvü vəfat edib. Son iki ildə partiyaya əksəriyyəti gənclər olmaqla 535 yeni üzv qəbul edilib”.

Deputat Razi Nurullayevin sədri olduğu Milli Cəbhə partiyasının üzvlərinin sayı isə 5438 nəfərdir.

“09.01.2026-cı ildə üzvlərlə bağlı hesabatı Ədliyyə Nazirliyinə təqdim etmişik. Belə ki, reyestrdən keçən üzvlərimizin sayı 5438 nəfərdir”, — deyə partiyadan saytımızın sorğusuna cavab olaraq bildirilib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyevin sədrlik etdiyi Ədalət, Hüquq, Demokratiya Partiyasının üzvlərinin sayı isə 6200 nəfərdir.

Bu barədə saytımıza ƏHD Partiyasının katibi Niyaməddin Ordubadlı məlumat verib.

“Ədliyyə Nazirliyinin reyestr sistemində 6200 nəfər rəsmən qeydiyyatdan keçib”, - deyə o qeyd edib.

Milli Məclisin deputatı Günay Ağamalı rəhbərlik etdiyi Ana Vətən Partiyasının 6000-ə yaxın üzvünün olduğunu bildirib.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə partiyasının 5239 üzvü olduğunu deyib.

O, əlavə edib ki, bu il 161 nəfər partiya üzvü olub.

Ağ Partiyanın sədri Tural Abbaslı reyestrdən keçən üzvlərin sayının 10 mindən çox olduğunu bildirib.

Azərbaycan Xalq Partiyasının sədri Qiyası Sadiqov saytımızın sorğusuna verdiyi cavabda partiya üzvlərinin sayının 5500 civarında olduğunu dilə gətirib.

REAL Partiyasının sədri Natiq Cəfərli isə sorğumuza cavabında deyib:

“Hər il qanunvericiliyə uyğun reyestr məlumatları dəqiqləşdirilir. Yanvar ayında bizdə dəqiqləşdirmə aparıldı. Dəqiq rəqəm yadımda deyil, amma 5200–5300 arası üzvümüz var”.

Vəhdət Partiyasının sədri Adəm Bakuvi isə 9000-ə yaxın üzvlərinin olduğunu qeyd edib.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli hazırda partiyanın 5627 nəfər üzvünün olduğunu vurğulayıb:

“Siyasət dinamik proses olduğundan partiyaların təşkilati işləri də buna adekvatdır. Daha çox fəallıq buna uyğun olaraq daha çox üzvlərin cəlb olunması deməkdir. Son vaxtlar Ədalət Partiyasına gənclərin fəallığı hiss olunur və bu rəğbət doğurur. Yaxşı haldır ki, çox ləng də olsa partiyamızın üzvlərinin sayı getdikcə artır. Hazırda Ədalət Partiyasının 5627 nəfər üzvü var”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu partiya üzvlərinin sayında hər hansı dəyişiklik olmadığını və hazırda 5800 nəfərin partiya üzvü olduğunu deyib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə sorğumuza belə cavab verib:

“Partiya yaranandan bu yana 77 630 ədəd partiya bileti yazıb vermişik. Ədliyyə Nazirliyinin reyestrində qeydiyyatdan keçən üzvlərimizin sayı isə 6000-dən çoxdur. Üzvlərimizin sayı artır. Gəncləri cəlb etmişik, qadınlar qolu bizdə güclüdür, ağsaqqallar şurası daim fəaliyyət göstərir. Belə, hər şey qaydasındadır”.

Müsavat Partiyası baş katibi Arif Hacılı partiyanın 6000 civarında üzvü olduğunu vurğulayıb.

Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyasının 17 yanvar 2026-cı il tarixində keçirilən İdarə Heyətinin iclasında 2025-ci ilin dekabr ayının sonuna HƏP-də partiya üzvlərinin sayının 31 051 nəfərə çatdırıldığı qeyd edilib.

Yeni Zaman Partiyasının sədri Musa Ağayev isə açıqlamasında partiyasına 9870 şəxsin üzv olduğunu qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Putinin üzünə bunları dedi - Rədd cavabı onu şok etdi