Modern.az

Vaşinqtonda 907-ci düzəliş müzakirə olundu - Komitə sədrindən AÇIQLAMA

Vaşinqtonda 907-ci düzəliş müzakirə olundu - Komitə sədrindən AÇIQLAMA

Analitika

Bu gün, 15:27

8 avqust 2025-ci ildə Prezident İlham Əliyevin tarixi Vaşinqton səfəri zamanı ABŞ lideri Donald Tramp Azərbaycana qarşı 907-ci düzəlişi dayandırıb. Lakin ABŞ qanunvericiliyinə görə, məsələnin tam hüquqi ləğvi üçün Senat və Konqres qərar verməlidir. Vaşinqton görüşündən sonra bu istiqamətdə ilk addım ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna tərəfindən atılıb. O, 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib.

Lakin layihənin təqdim edildiyi 2025-c ilin dekabr ayından bu yana hər hansı dəyişiklik gözə çarpmır.

Maraqlıdır, proses hansı mərhələdədir?

Modern.az saytı məsələ ilə əlaqədar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası ittifaq komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası işçi qrupunun rəhbəri Səməd Seyidovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında komitə sədri bildirib ki, artıq hər kəs 907-ci düzəlişin ABŞ-nin maraqlarına zidd olduğunu anlayıb:

“Prezident İlham Əliyevin 8 avqust 2025-ci il tarixində Ağ Evə səfəri zamanı ABŞ prezidenti Donald Tramp 1992-ci ildə qəbul olunmuş Azadlıq Aktına 907-ci düzəlişi dayandırıb. Lakin bu, ABŞ Konstitusiyasına əsasən, heç də düzəlişin tam ləğvi ilə bağlı prosedurun yekunlaşması demək deyil. Hər hansı düzəlişi müvəqqəti olaraq dayandırmaq ABŞ liderinin tam səlahiyyətindədir. Yekun qərar isə Senat və Konqres tərəfindən verilir.

ABŞ-lə münasibətlərdə bu düzəlişlə bağlı məsələni daim gündəmə gətirmişik. Bu düzəliş Azərbaycana qarşı qeyri-obyektiv və ədalətsiz addım idi. Doğrudan da, bu, ədalətsiz yanaşmadır. ABŞ-nin Nyu-York ştatında 2001-ci ilin 11 sentyabr tarixində baş verən terror hadisələrindən sonra Vaşinton Əfqanıstana müharibə elan etmişdi. Həmin dövrdə ABŞ Azərbaycanın hava məkanı və logistikasına ehtiyac duyduğuna görə, 907-ci düzəlişi dayandırmışdı.

Azərbaycan terrora qarşı mübarizədə ABŞ-yə hava limanlarından və logistik imkanlardan istifadə üçün şərait yaratdı. Bununla yanaşı, Azərbaycan beynəlxalq koalisiya çərçivəsində Əfqanıstana hərbçilər göndərdi. Azərbaycan Kabildəki hava limanını müdafiə etdi və ölkəni ən son tərk edənlərdən oldu. Hava limanını müdafiə edərkən, əslində, amerikalıları da qoruyurduq.

Lakin ABŞ Əfqanıstandan çıxdıqdan sonra sanki Azərbaycana ehtiyacın qalmadığı düşüncəsi formalaşdı və erməni lobbisinin təsiri ilə ölkəmizə qarşı yenidən kampaniya başlandı. Təəssüf ki, Bayden-Blinken administrasiyası ermənilərə tərəf çıxaraq, 907-ci düzəlişi bərpa etdi. Bu qədər hiyləgərliyi və ikiüzlülüyü beynəlxalq münasibətlərdə nadir hallarda görmək mümkündür. Bu addım Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərdi.

Lakin ABŞ-də hakimiyyət dəyişikliyindən sonra Bayden-Blinken administrasiyasının Azərbaycana qarşı ədalətsiz addımlarına son qoyuldu. Ümumilikdə, 907-ci düzəlişin bərpasının ABŞ-nin milli maraqlarına zidd olduğu artıq hər kəsə aydındır. Çünki bu düzəliş iqtisadi cəhətdən güclənmiş, ordusu möhkəmlənmiş Azərbaycana real təsir göstərmirdi, lakin mənəvi təsiri qalırdı.

Bu baxımdan ABŞ ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi 907-ci düzəlişlə mümkün deyildi. Onun mövcudluğu özü-özlüyündə münasibətləri məhdudlaşdırırdı. Tarixi Vaşinqton görüşü isə bir neçə mühüm məsələni həll etdi. İlk növbədə, ABŞ ilə strateji tərəfdaşlıq məsələsi gündəmə gətirildi və bunun üçün xüsusi xartiyanın hazırlanmasına dair sənəd imzalandı.

Artıq energetika, logistika, eləcə də hərbi avadanlıqların alınması kimi sahələrdə əməkdaşlıq başlayıb. Bütün bunlar 907-ci düzəlişin qüvvədə olduğu şəraitdə mümkün olmazdı. 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Donald Tramp bu düzəlişi yenidən dayandırdı.

Bu gün artıq hər kəs anlayır ki, 907-ci düzəliş ABŞ-nin maraqlarına zidd və qeyri-obyektivdir. Lakin ABŞ Konstitusiyasına əsasən, Prezident onu tam ləğv edə bilməz, yalnız təsirini azalda və tətbiqini dayandıra bilər. Düzəlişin tam ləğvi isə Konqres və Senatın səlahiyyətindədir, bunun üçün müvafiq təşəbbüs irəli sürülməlidir.

Vaşinqton görüşündən sonra konqresmen Anna Paulina Luna tərəfindən 907-ci düzəlişin ləğvi ilə bağlı təşəbbüs irəli sürülməsi olduqca mühüm və tarixi addım idi”.

S.Seyidov əlavə edib ki, iki həftə əvvəl ABŞ-də konqresmen Anna Paulina Luna ilə görüş keçirərək məsələ ətrafında müzakirələr aparıb:

“Sovet İttifaqına qarşı ABŞ Senatı və Konqresi tərəfindən vaxtilə qanun layihəsi irəli sürülmüşdü. Həmin qanunda Cekson–Venik əlavəsi yer alırdı və bu əlavə SSRİ ilə əlaqələrin məhdudlaşdırılmasını nəzərdə tuturdu. SSRİ artıq mövcud deyil, uzun illərdir dağılıb və müstəqil dövlətlər yaranıb. Buna baxmayaraq, Cekson–Venik əlavəsi hələ də ABŞ qanunvericiliyində qalır.

ABŞ qanunvericiliyinin spesifikasına görə, qəbul edilmiş belə əlavələrin ləğvi olduqca çətin prosesdir. 907-ci düzəlişin tam ləğvi üçün Konqresdə qanun layihəsi irəli sürülməli, xüsusi prosedur qaydalarına uyğun şəkildə müzakirə edilməli, daha sonra eyni layihə Senata da təqdim olunmalıdır. Hər iki palatada qəbul edildikdən sonra isə yekun səsverməyə çıxarılmalıdır.

Bu səbəbdən proses uzun, mürəkkəb və çoxmərhələlidir. Hazırda bu istiqamətdə işlər aktiv şəkildə davam etdirilir. Mən yaxın zamanda ABŞ-də olmuşam və iki həftə əvvəl konqresmen Anna Paulina Luna ilə görüşmüşəm. Bu məsələni ətraflı müzakirə etmişik.

Lakin prosedurun mürəkkəbliyini nəzərə alaraq, qısa müddətdə nəticə gözləmək doğru olmaz. Bu, uzunmüddətli prosesdir və dərhal nəticə verməsi real deyil. Buna baxmayaraq, bu, zəruri və mümkün prosesdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Burada hər hansı dayanma və ya ləngimə yoxdur”.

Qeyd edək ki, 907-ci düzəliş 1990-cı illərin əvvəllərindən etibarən ABŞ–Azərbaycan münasibətlərində ən mübahisəli mövzulardan biri olub və müxtəlif administrasiyalar dövründə yalnız müvəqqəti istisnalarla tətbiqi dayandırılıb. Yeni qanun layihəsinin qəbul olunması məhdudiyyətlərin hüquqi əsasının tam aradan qalxması ilə nəticələnə bilər.

Müşahidəçilər hesab edirlər ki, sənədin Konqres gündəminə çıxarılması ABŞ–Azərbaycan münasibətlərində yeni siyasi mərhələnin və Vaşinqtonun regiondakı geosiyasi yanaşmasının dəyişdiyinə dair mühüm siqnal kimi qiymətləndirilə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Putini BİABIR ETDİ - Moskvada gərgin anlar