28 fevral tarixində İsrail və ABŞ-nin İranda başlatdığı müharibə bütün dünyanın diqqətini bölgəyə yönəldib. Müharibə artıq Körfəz ölkələrinə yayılıb. Belə ki, İran ABŞ-nin ərəb ölkələrindəki hərbi bazalarına zərbələr endirməyə davam edir.
ABŞ Prezidenti Donald Tramp İranla aparılan müharibəyə dair müxtəlif açıqlamalar verir. O, ötən gün ictimaiyyətə açıqlamasında ABŞ-nin İranda hərbi kampaniyanı yaxın həftələrdə başa çatdıracağını deyib.
“Bizim bir məqsədimiz var idi - onların nüvə silahı olmayacaq. Bu məqsədə nail olduq. Onların artıq nüvə silahı olmayacaq”, -deyə Tramp qeyd edib.
ABŞ İranın hərbi imkanlarını məhv etdiyini açıqlasa da, Tehran Hörmüz boğazı kartından istifadə edərək, Vaşinqtonu çətin vəziyyətə qoymaq istəyir. ABŞ Avropa ölkələrindən boğazın açılması ilə bağlı kömək istəyib, amma müsbət cavab almayıb. Məhz bu səbəbdən iqtisadiyyatda yaranan çətinlik fonunda ABŞ-nin İrana quru yolla daxil olması məsələsi də gündəmə gəlib.
İsrailli jurnalist, politoloq İqor Roytapel Modern.az-a açıqlamasında bildirib ki, müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırmaq mümkün deyil:
“2-3 həftəlik müharibəyə dair açıqlamalar daha çox siyasi xarakter daşıyır. Əslində, bu cür münaqişələr, xüsusən də potensial quru əməliyyatları başlayarsa, daha uzun müddət davam etməyə meyillidir. İsrail vaxt çərçivələrinə deyil, nəticələrə diqqət yetirir. Əməliyyat yalnız əsas təhlükəsizlik məqsədlərinə çatdıqdan sonra başa çatacaq”.
"Sizcə, İsrailin məqsədinə çatması nə qədər vaxt aparacaq" sualına isə İ.Roytapel belə cavab verib:
“İsrailin 3 hədəfi var: ballistik raketlərin və onların istehsal infrastrukturunun məhv edilməsi; uran zənginləşdirilməsi də daxil olmaqla, nüvə imkanlarının neytrallaşdırılması; Ayətullah rejiminin dəyişməsi üçün şəraitin yaradılması.
Bunun nə qədər vaxt aparacağını demək mümkün deyil. İsrail təqvimə deyil, nəticələrə əsaslanaraq hərəkət edir və əməliyyat bütün təhlükəsizlik məqsədlərinə tam nail olunana qədər davam edəcək”.