Modern.az

Ermənistan KTMT-dan çıxmaqdan qorxur

Ermənistan KTMT-dan çıxmaqdan qorxur

Analitika

Bu gün, 13:13

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin ilə Moskvada keçirilən son danışıqlardan sonra keçirdiyi brifinqdə diqqətçəkən açıqlamalar verib. O, bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etməsini gözləmək real deyil.
Ermənistan tərəfinin Moskvadakı danışıqlardan sonra KTMT ilə bağlı mövqeyini dəyişib-dəyişmədiyi ilə bağlı suala cavab olaraq isə  Baş nazir deyib ki, keçmişə boylanmağa ehtiyac yoxdur.

Görünən odur ki, Ermənistan KTMT-dən çıxmaq üçün yazılı müraciət edəcək. Lakin bununla yanaşı, Rusiyanın məsələyə cavabı diqqət çəkir.

Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Nikol Paşinyan hökuməti KTMT-dən çıxmaq üçün yazılı müraciət etməyə cəsarət etmir:

“Ermənistan faktiki olaraq, KTMT-nin heç bir tədbirlərində iştirak etmir. KTMT-yə üzvlük haqqını belə ödəmir.  Eyni zamanda, Ermənistan tərəfinin konkret olaraq, KTMT-dən çıxmaq üçün yazılı müraciət etməyə də cəsarəti çatmır.  Əslində Ermənistan bütün günahları Kremlin üzərinə  yükləməyə çalışır. Halbuki, KTMT-də qəbul ediləcək qərarlara digər KTMT üzvləri də “hə” deməlidir.  KTMT-yə üzv ölkələr arasında Azərbaycan ilə daha yaxşı, üstün strateji münasibətlərə malik həm türk dövlətləri, həm də Belarus var. Bu ölkələr Kremlin Azərbaycana qarşı istənilən müdaxilə qərarını bloklayacaqdılar. Belə olan halda Rusiyanın özünü tənqid obyektinə çevirməmək üçün Azərbaycana hücum edəcəyi onsuz da istisna idi. KTMT Azərbaycana qarşı deyil.  Bu təşkilat hərbi blok olaraq yaradılıb, lakin anadan ölü doğulub. Təşkilat indiyə kimi dünyanın heç bir yerində hansısa proseslərə hərbi müdaxilə etməyib və hansısa müharibə və münaqişənin həllində iştirak etməyib. KTMT ölkələri eyni blokda yer aldıqları Rusiyanı Ukrayna müharibəsinə görə nəinki dəstəkləməyiblər, hətta onu işğalçı adlandırırlar. Eləcə də Ermənistanı eyni blokda yer aldığı ölkələr Azərbaycan ərazilərinin işğalına görə qınayıblar. Ardınca isə Azərbaycanı qələbə münasibətilə təbrik ediblər. Azərbaycan torpaqlarını işğalda saxlayan və işğala dəstək olan ölkələr indi uğursuzluqlarına görə bir-birlərini qalib Azərbaycan qarşısında açıq şəkildə tənqid etməklə məşğuldurlar. Bizimlə savaşanlar xoşbəxt olmur”.

Ə.Verdiyev vurğulayıb ki, Ermənistanın KTMT-dən çıxmaq üçün müraciəti, təbii olaraq, Rusiyanın növbəti qəzəb dalğası ilə nəticələnəcək:

“Biz artıq bunun ilk siqnallarını görürük. Rusiyanın Ermənistana qarşı birbaşa hərbi addımlar atacağı gözlənilmir, amma iqtisadi məsələlərdə Ermənistan Rusiyadan çox asılıdır. Ermənistan ərazisindəki bir çox böyük şirkətlər Rusiyaya aiddir. Digər tərəfdən Ermənistana gələn valyuta axınının böyük bir hissəsi Avrasiya İttifaqı çərçivəsində Rusiyadan gəlir. Rusiya bu məsələlərdə müəyyən problemlər yarada bilər. Hərbi məsələlərə gəldikdə, onsuz da, Rusiyanın hərbi bazası Ermənistan ərazisindədir. Onlar birbaşa olmasa da, dolayısı ilə Ermənistan daxili məsələlərə müəyyən qədər təsir etməyə, o cümlədən idarə etdikləri Köçəryan və Karepetyan komandalarını yayda keçiriləcək seçkilərdə dəstəkləmək üçün müəyyən addımlar atacaqlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı