Modern.az

Yeni geosiyasi dərslər və Azərbaycan TƏCRÜBƏSİ

Yeni geosiyasi dərslər və Azərbaycan TƏCRÜBƏSİ

Analitika

Bu gün, 17:45

Çağdaş dünya paradoksal bir mərhələyə daxil olub – məntiqi qaydalara uyğun gəlməyən, qəribə, inanılmaz, gözlənilməz və bir-birini inkar edən fikirlər, hallar, hadisələr düşüncələrə, durumlara hakim kəsilib. Budur, çaxnaşmaların, gərginliklərin sayı artır, lakin onların həlli mexanizmləri daha da zəifləyir. 
Bu fon özəlliklə Rusiya–Ukrayna savaşında və Yaxın Şərqdə paralel şəkildə davam edən gərginliklərdə özünü açıq şəkildə göstərir. Savaşlar uzandıqca onların ilkin məqsədləri arxa plana keçir, nəticədə isə siyasi boşluq və iqtisadi tənəzzül dərinləşir.

Belə bir mürəkkəb geosiyasi mühitdə Azərbaycanın ortaya qoyduğu model fərqli bir yanaşma kimi diqqət çəkir.
Söhbət strateji aydınlıqdan – məqsədin konkretliyindən gedir.
Bizim əsas üstünlüyümüz məhz məqsədin dəqiqliyində (və əlbəttə, haqlılığında!) idi. Savaşlar abstrakt ideyalar uğrunda olmur (yaxud olmamalıdır); bizim əks-hücumla başlayan savaşın da konkret məqsədi, hədəfi vardı – işğala son qoyulması, bununla da ərazi bütövlüyünün və həmin ərazilərdə suverenliyin bərpası!
Bax, bu, qərarların sürətini və ardıcıllığını təmin edən əsas faktora çevrildi.

Bəli, zaman faktoru önəmlidir; o, uzanan olmamalı, savaşsa savaş olunca da ölçülü-biçili və əlbəttə, ləyaqətli olmalı!
İndi Yer üzündə mövcud çaxnaşma, gərginlik və savaşların əsas probleminin biri onların qeyri-müəyyən zaman çərçivəsidir. Halbuki Azərbaycan modeli savaşın da bir plan kimi idarə oluna biləcəyini göstərmişdir.

44 günlük müharibə hərbi güclə birgə, operativ planlaşdırmanın təntənəsi idi. Burada, necə deyərlər, zaman resurs kimi istifadə olundu – o, itkiyə çevrilmədi, üstünlüyə gətirib çıxardı.

Biz siyasi iradə və hərbi koordinasiyanın nələrə qadir olduğunu apaydın gördük.
Qələbənin arxasında duran ən önəmli faktor siyasi və hərbi qərarların sinxronluğu idi. Dövlət rəhbərliyinin qətiyyətli mövqeyi ordunun fəaliyyətinə aydın yön verdi.

Gücümüzü ədalətlə göstərdik, sözümüzü ləyaqətlə yerinə yetirdik!

Başqa bir məsələ, diplomatik legitimlik və informasiya üstünlüyü ilə bağlıdır.
Biz həm döyüş meydanında, həm də beynəlxalq müstəvidə üstünlük qazandıq. Savaşın hüquq əsaslarına söykənməsi, düzgün informasiya siyasəti qələbənin qəbul olunmasını təmin etdi.

Çağdaş dönəmdə bu, qazanılmış qələbəni təsdiqlətmək mərhələsinin vacibliyini ortaya qoyur.

Bir çox münaqişə, savaş yarımçıq qalır. Azərbaycan isə prosesi sonadək aparmaqla fərqləndi; biz yeni regional gerçəkliyin başlanğıcını qoyduq.
Beləliklə, Azərbaycan modeli – yeni təhlükəsizlik yanaşmasının özü oldu.
Mövcud qlobal gərginliklər fonunda Azərbaycan təcrübəsi bir neçə əsas dərs təqdim edir:
1. məqsədin aydınlığı münaqişəni qısaldır;
2. ⁠ siyasi iradə nəticəni təmin edir;
3. ⁠uğurlu diplomatiya əsas qələbəni legitimləşdirir;
4. ⁠proses sonadək aparılmalıdır.

Bax, bu model göstərir ki, XXI yüzillikdə uğur yalnız güclə qazanılmır; bununçün strateji düşüncənin idarəetmə ilə sintezi olmazsa olmaz.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada