28 fevralda ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi hücumlardan sonra bir sıra ölkələr İrandan öz diplomatik nümayəndələrini çıxarıblar. Bir neçə gün əvvəl əldə edilən atəşkəsdən sonra isə bəzi ölkələr öz diplomatik fəaliyyətlərini bərpa istiqamətində danışıqlara və konkret addımlar atmağa başlayıb. Artıq İspaniya Xarici İşlər Nazirliyi İranda səfirliyin bərpa ediləcəyini elan edib. Almaniya da İranla diplomatik danışıqları bərpa edib. Bu o deməkdir ki, diplomatların qayıdışı artıq başlanıb, amma hələ məhdud və mərhələlidir.
Maraqlıdır ki, xarici ölkələrin diplomatları İrana nə zaman qayıdacaq?
Modern.az-a açıqlmasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, diplomatların geri qaytarılması məsələsi səfiri göndərən ölkədən asılıdır:
"Səfirin qəbul edildiyi ölkə isə bu istiqamətdə hansısa qərarın qəbul olunmasında, adətən iştirak etmir. Sadəcə olaraq, məsələlər hansısa müzakirələrlə müşayiət olunur. İran tərəfi XİN səviyyəsində bu və ya digər təminatları vəd edə bilər. Bu da sadəcə olaraq, məşvərət formasında mümkündür. İspaniyanın səfirliyini yenidən açmağa hazırlaşması və Almaniyanın diplomatik danışıqları bərpa etməsinə gəldikdə, ola bilsin diplomatik əlaqələrin aşağı salınmasına birtətəfli qərar verildiyindən, indi bu məsələləri həll etmək üçün hansısa müzakirələr aparılır. Amma məlum olduğu kimi, İrandan bir çox ölkələrin diplomatik heyəti Azərbaycandan təxliyə olunub. Həmin ölkələr hazırki məqamda uyğun bilsələr, diplomatlarını geri qaytara bilərlər. Düzü, Tehranda aeroportların fəaliyyəti bərpa olunmayınca çoxlarının qayıdacağına inanmıram. Bəzi ölkələrin bu istiqamətdə danışıqları başlatmasını isə sülhə, stabilliyə yönəlmiş siyasi mesaj kimi qəbul etmək lazımdır. Bir növ atəşkəsin əldə olunmasına dəstək kimi bunu başa düşməliyik. Praktiki baxımdan isə proses çətindir. Yenə də deyirəm, çox ölkələrin hələ də səfirlikllikərinin fəaliyyətinin tam şəkildə bərpasına gedəcəyinə inanmıram".

T.Zülfüqarov vurğulayıb ki, İrandan təxliyə olunan Azərbaycan diplomatları ilə bağlı məsələ daha fərqlidir:
"Azərbaycan diplomatları ilə bağlı məsələdə fərqli nüanslar var. Azərbaycanın bu məsələdə konkret şərti var. Belə ki, Naxçıvana hücum edən ünsürlər müəyyən olunmalı və araşdırmaların nəticələri Azərbaycana çatdırılmalıdır. Azərbaycan XİN başçısı iranlı həmkarı ilə danışığı zamanı bu məsələni açıq şəkildə qeyd edib. Hesab edirəm ki, Azərbaycan diplomatlarının geri qayıtması ilk növbədə bu məsələ ilə bağlıdır".