Macarıstanda keçirilən parlament seçkiləri əsas müxalifət partiyası “Tisza”nın qələbəsilə yekunlaşdı. Bununla da müxalifət hazırkı Baş nazir Orbanın 16 illik hakimiyyətinə son qoyub. “Tisza” partiyası parlamentdəki 199 yerdən 138-ni qazanaraq təkbaşına iqtidar qurmaq imkanı əldə edib.
Parlament seçkilərində qalib gəlmiş “Sayğı və Azadlıq Partiyası”nın (Tisza) lideri Peter Madyar indi Avropada diqqətləri özünə çəkib.
Maraqlı olan məsələlərdən biri də Macarıstanın Türk Dövlətləri Təşkilatındakı müşahidəçi statusu ilə bağlıdır.
Sabiq Baş nazir Viktor Orbanın türk dünyasına inteqrasiyada olduqca maraqlıydı. Yeni Baş nazirin daha çox Avropa Birliyinə meyilli olması və daha çox Avropa sisteminin bir parçası olmaq siyasətini hədəfləməsi Macarıstanın yeni dövrdə TDT ilə münasibətləri məsələsini ciddi sual altına alır.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Macarıstan Parlamentlərarası İşçi qrupunun və Türk Dövlətləri Assembliyasının üzvü Fazil Musatafa bildirib ki, Orbanın hakimiyyətdən getməsi Azərbaycanın xeyrinə bir hal deyil:
“Əlbəttə, macar xalqı demokratik seçkilərdə öz iradəsini nümayiş etdirərək yeni bir qüvvəni hakimiyyətə gətirdi. Təbii ki, əbədi hakimiyyət yoxdur. Viktor Orban 16 il Macarıstanın Baş naziri olub. Orbanın Azərbaycana, Türk Dünyasına, Türkiyəyə münasibəti olduqca yüksəkdir. Azərbaycanlılar macar xalqının nöqteyi-nəzərindən məsələyə yanaşıb, sanki Orbanın gedişinə sevinirlər. Belə bir düşüncə yaranıb ki, yeni hökumət Orban hökumətindən fərqli olaraq, Ukraynaya guya yardım edəcək. Amma daha çox Azərbaycan mərkəzli düşünən insanlar kimi məsələyə yanaşdıqda Viktor Orbanın hakimiyyətdən getməsini bizim xeyrimizə olan hadisə olmadığını düşünürük. Çünki Macarıstanın türk dünyasına inteqrasiya siyasətində yer almasını faydalı hesab edirdik. Çünki Avropa İttifaqı içərisində türk dövlətlərinin marağını təmsil edən, ona qarşı olan addımlara öz sözünü deyən bir lider görürdük. Digər yandan, Orbanın Ramil Səfərovun qaytarılması, Macarıstanın TDT-yə müşahidəçi üzv kimi iştirakı ilə əlaqədar addımları hər halda müsbət yanaşma idi. Hesab edirəm ki, bu aspektdən Orbanın xidmətlərini unutmaq olmaz. Hər halda bu Macarıstanın daxili şərtlərini əlaqələndirən bir seçkidir. Xalq da bu cür uyğun görübsə, deməli, dəyişiklik labüd sayılıb”.

F.Mustafa Orbanın Türk Dünyası ilə əməkdaşlıq xəttini Peter Madyarın yenə də davam etdirəcəyinə ümid edildiyini söyləyib:
“Təbii proses əvvəlki tempdə olmasa da, hər halda yeni Baş nazir bu siyasətin dəyişməsinə imkan verməyəcək”.
Politoloq Natiq Miri isə qeyd edib ki, Macarıstanın Türk Dövlətləri Təşkilatı ilə əlaqələrinin tamamilə kəsilməsinə ehtiyac yoxdur:
“Madyar da bunu anlayacaq. Ona görə ki, TDT Avroasiyada getdikcə güclənir və bu gün bəlkə də, ən güclü birlikdir. Yəni prespektivi olan milli birlikdən söhbət gedir. Digər yandan bu gün həm ticarət, həm nəqliyyat-logistika, həm də enerji transferi nöqteyi-nəzərdən bu coğrafiya cəlbedicidir. Bundan başqa, TDT-nin üzvü olan əksər türk dövlətləri enerji mənbələrinə sahibdir. İstər Azərbaycan, istər Qazaxıstan, istərsə də Türkmənistan Xəzər dənizi vasitəsilə rahatlıqla Avropanın enerji təhlükəsizliyinin təminatında iştirak edə bilir. Bu Macarıstana böyük üstünlük qazandıran amildir. Belə birlikdə iştirak, düşünürəm ki, nə Avropa Birliyinin, nə də Macarıstanın əleyhinə olan prosesdir. Əksinə, hər cəhətdən öz təminatını şaxələndirmək imkanıdır. Üstəgəl prespektivdə çox böyük güc mərkəzinə çevrilən bir birliklə normal münasibətlərin saxlanılması, Macarıstana niyə ziyan olsun? Bütün bunlar ehtimallardır. Çünki Madyarın TDT ilə bağlı konkret siyasəti və açıqlaması yoxdur. Yeni Baş nazir fəaliyyətə başladıqda Azərbaycan və digər dövlətlərlə normal dostluq münasibətləri də qurulduqdan sonra düşünürəm, Macarıstanın yeni rəhbərliyinin münasibəti də bu prosesə müsbət olacaq. Bu Macarıstan dövlətinin maraqlarına xidmət edən məsələdir. Türkiyənin dünyanın mərkəzində yerləşdiyini unutmamaq lazımdır. Türkiyə, Cənubi Qafqazda həlledici dövlət olan Azərbaycan, o cümlədən Orta Asiya türk dövlətləri ilə münasibətlərin yüksək səviyyədə qurulması, Macarıstanın ziyanına ola bilməz. Əksinə bu, ölkə üçün geosiyasi və geoiqtisadi üstünlüklər vəd edir. Bundan başqa bir də Macarıstan TDT-nin tamhüquqlu üzvü yox, sadəcə müşahidəçi rolunda ittifaqda çıxış edir. Burada da hər hansı məhdudiyyət Macarıstan üçün mövcud deyil”.

Politoloq Macarıstanın TDT ilə əməkdaşlığının Avropanın da maraqlarına xidmət etdiyini deyib:
“Bu gün TDT-yə müşahidəçi üzv olmaq istəyən bir sıra ölkələr var. Ona görə də, Macarıstan üçün bu məsələ ən azından müşahidəçi statusunda həll olunmuşkən yeni Baş nazir bu əməkdaşlığı niyə ləğv etsin. Bu yöndə Avropa Birliyinin də Macarıstana hər hansı təzyiqlər edəcəyini düşünmürəm. Çünki bu AB üçün müəyyən mənada təsir imkanı deməkdir”.