2009-cu il oktyabrın 1-dən yeni Mənzil Məcəlləsi qüvvəyə minəcək. Məcəlləyə əsasən, sosial kirayə məsələsi həllini tapacaq, mənzilsizlərin qeydiyyatı aparılacaq. Bunun üçün aztəminatlı ailələr aidiyyatı üzrə ərizə ilə müraciət etməklə qeydiyyata alınmalıdır. Onlar mənzillə növbəlilik əsasında təmin edilməlidirlər.
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov hesab edir ki, sosial kirayə üçün mənzillər dövlət və bələdiyyələrin müvafiq tikinti şirkəti ilə imzaladıqları müqavilə əsasında tikilə bilər. İngiltərədə əhalinin 30 faizinin sosial kirayədə yaşadığını misal çəkən N.Məmmədov bu təcrübənin səmərəli olacağını bildirdi. Onun fikrincə, sosial kirayə ev ala bilməyən vətəndaşların mənzil probleminin həll olunmasına, həm də vergi ödənişlərinin artmasına gətirib çıxaracaq. Bundan ən çox qazanan bələdiyyələr olacaq.
Nazim Məmmədov qeyd edir ki, bizdə bələdiyyələrin maddi texniki bazası o qədər aşağıdır ki, bu tez bir zamanda vüsət almayacaq: “Elə bələdiyyələr də möcüddur ki, onların kifayət qədər torpaqları var. Həmin torpaqlar tikinti şirtəktlərnə verilə bilər. Müqavilə əsasında bələdiyyə torpağın əvəzinə həmin mənzilləri götürər. Bununla da uzunmüddətli qazanc əldə edə bilər ki, bu da bələdiyyənin saxlanmasına və bəzi maddi məsələlərin həllini asanlaşdırar”.
Qanunvericiliyə əsasən, mənzil haqqı və kommunal ödənişlər 6 aydan keçsə, eyni zamanda mənzildən təyinatı üzrə istifadə edilməsə sosial kirayə müqaviləsi ləğv edilə bilər. İpoteka kreditinin alınması, torpaq sahəsinin ayrılması və digər hallarda da vətəndaş siyahıdan çıxarılacaq. Qeyd edək ki, məcəllə ilə xidməti yaşayış sahələri, yataqxanalar, qaçqın və məcburi köçkünlərin müvəqqəti yerləşdirildikləri yaşayış sahələri xüsusi təyinatlı yaşayış sahələri hesab edilir. Bu yaşayış sahələri satıla, icarəyə və kirayəyə verilə bilməz. Yeri gəlmişkən, Mənzil Məcəlləsində mənzil-tikinti kooperativlərinin fəaliyyətinə də toxunulub. Sənədə əsasən, mənzil tiknti korporativləri üzvlərinin pay haqları ilə yaşayış evlərinin tikilməsi, eləcə də binaların yaşayış və qeyri-yaşayış sahələrinin idarəedilməsi məqsədilə istehlak kooperativi formasında yaradılır. Mənzil tikinti koperativləri üzvlərinin sayı beşdən az ola bilməz. Bu cür kooperativlər dövlətin və bələdiyyənin dəstəyi ilə də yaradıla bilər. Yaşayış binası tikildikdən sonra korporativ ləğv edilməli və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Cəmiyyəti binanın mənzil mülkiyyətçilərinin 50%-dən çoxu təsis etməlidir. Bütün lazımı saxlanma xərcləri mənzil mülkiyyətçilərinin öhdəsinə düşəcək.
Qeyd edək ki, yaşayış fondunun qeyri-yaşayış fonduna və əksinə keçirilməsi müvafiq icra hakimiyyətinin razılığı ilə həyata keçirilə bilər. Belə hallar əsasən çoxmənzilli binaların birinci mərtəbələri üzrə yol verilir.
Modern.az