Modern.az

Ramazan ayında toy mərasimi keçirmək olarmı?

Ramazan ayında toy mərasimi keçirmək olarmı?

8 Sentyabr 2009, 10:37

İFTARDAN REKLAM XATİRİNƏ İSTİFADƏ ETMƏK GÜNAHDIR

Xeyli vaxtdır müqəddəs Ramazan ayının içindəyik və dindarlar oruc tutmaqla İslam dinin əsas şərtlərindən birini yerinə yetirirlər. Ramazan ayı həm də xüsusi tərbiyəvi əhəmiyyətə malikdir. Məsələn, digər vaxtlar spirtli içki qəbul edənlərin bir çoxu bu ayda oruc tutmasalar da, İslamın qadağan etdiyi alkoqoldan uzaq durmağa çalışırlar.
Müxtəlif səbəblərdən Ramazan ayında oruc tuta bilməyən bəzi insanların fikrincə, onlar bu ay spirtli içkilərdən imtina etməklə günahlarının bağışlanacağını düşünürlər. Digər aylardan fərqli olaraq ancaq Ramazanın davam etdiyi müddətdə ticarət obyektlərində spirtli içkilərin satışı bir qədər zəifləyir. Bunu həmin obyektlərin satıcıları da təsdiqləyirlər. Müşahidə apardığımız bəzi topdansatış anbarlarından bildiriblər ki, bu günlərdə restoran və şadlıq evlərindən sifariş qəbul etmirlər. Bu, toy-nişan, yubiley və digər belə mərasimlərin keçirilməməsilə bağlıdır. Onu da qeyd edək ki, ticarət obyektlərində spitli içikilərin satışı zəifləsə də, bu, onların qiymətininin aşağı düşməsinə səbəb olmayıb.
Orucluq şadlıq evləri və restoranların da fəaliyyətinə təsir göstərib. Bakıdakı bir sıra restoran və şadlıq evləri Ramazan ayı başa çatanadək toy mərasimləri keçirməkdən imtina edib. Bəzi istirahət və əyləncə mərkəzlərində isə ad günləri, yubileylər və digər əyləncə tədbirləri iftardan sonra (saat 19.30-dan sonra) düzənlənir. Amma onu da qeyd edək ki, bu cür hallarla yanaşı iftardan əvvəl də toy-düyün mərasimləri təşkil olunan şadlıq evləri var. Belə məclislərin bəzilərində süfrəyə spirtli içkilər düzülür, bəzilərində isə ondan imtina edilir.
Dinşünas alimlər bildirirlər ki, Ramazan matəm ayı olmadığından toy mərasimlərinin keçirilməsinə adi yanaşmaq lazımdır. Ona görə də insanların müqəddəs orucluq ayında toy mərasimi keçirməkdən imtina edib-etməmələri onların öz işləridi. Ölkənin bəzi regionlarında Ramazan müddətində toy məclislərinin dayandırılması artıq bir ənənə halını alıb. Məsələn, Abşeron zonasını, cənub bölgəsini buna misal göstərmək olar. Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı müddətində toy mərasimlərinin iftardan sonra keçirilməsini tövsiyyə edir. Bu zaman təbii ki, spirtli içkilərdən istifadə məsləhət görülmür. Təzəpir məscidinin axun­du Ha­cı Fa­izin fikrincə, Ra­ma­zan­da iç­ki­li toy mərsimi təşkil etmək ən böyük günahdır.
Dinşünas alimlər gündüzlər təşkil olunan yas mə­ra­sim­lə­rin­də də eh­san ver­məyin əleyhinədirlər. Onların fikrincə, eh­san süf­rə­si müt­ləq if­tar­dan son­ra, ax­şam açıl­ma­lı­dır.
Ramazan ayında oruc tutanlar üçün iftar süfrəsi açmaq savab iş sayılır. Təəssüf ki, bəzi hallarda iftar süfrəsinin təşkilini az qala reklam kampaniyasına çevirənlər də olur. Məsələn, bəzi tanınmış müğənnilərin iftar süfrəsi açaraq bunu mətbuat vasitəsilə ictimaiyyətə bəyan etmələri onlar üçün reklam sayıla bilər. Şirkətlər, iş adamları arasında da bu cür mərasimlər təşkil edənlər az deyil. Onu da qeyd etmək lazımdır ki, əksər hallarda reklam xatirinə təşkil olunan iftar süfrələri həddindən artıq dəbdəbəli olur, yəni stola o qədər yemək-içmək düzülür ki, saymaqla qurtaran deyil. Digər tərəfdən bir çox hallarda belə mərasimlərə dəvət olunanların əksəriyyəti oruc tutmayan şəxslər olur ki, bu da yaxşı hal sayılmır.
Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlunun sözlərinə görə, iftar süfrəsini adətən o şəxslər açır ki, onlar müxtəlif səbəblərdən oruc tuta bilmirlər. Bu mərasimi təşkil etməklə onlar savab əməl sahibi olurlar. «Bu hərəkət o zaman savab əməl sayılır ki, iftar süfrəsi oruc tutan adamlar üçün açılsın. Amma bəzən görürsən ki, kimsə iftar süfrəsi açıb, orada iştirak edənlər isə oruc tutmayan şəxslərdir. Bu zaman həmin süfrə iftar deyil, oruc tutmayanlar üçün sadəcə, axşam yeməyi sayılmalıdır»-deyə K.Rövşənoğlu bildirib. O, iftar süfrəsinin təşkilinin reklam olunmasını da düzgün qiymətləndirməyib: «Dində belə bir məsələ var ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Amma bəzi adamlar az qala aləmə car çəkirlər ki, «ay aman görürsünüz, iftar süfrəsi açmışam»». Dini ekspert iftar süfrəsinin həddindən artıq təmtəraqlı olmasının şəriət qaydalarına zidd hesab etməsə də, bunun vacib olmadığını vurğulayıb: «Peyğəmbər oruclu insana iftarda bir içim su, bir xurma və ya bir fincan süd verənin savabını qazandığını buyurub». K.Rövşənoğlu iftar süfrəsinə düzülən yeməklərin halal məhsullardan hazırlanmasını vacib sayıb. O, eyni zamanda iftar zamanı həddindən artıq yemək yemənin sağlamlıq baxımından da düzgün saymır: «İftar axşama təsadüf etdiyindən yüngül xörəklərdən istifadə olunmalıdır. Təəsüf ki, bəzən oruc tutmayan adamlar zəngin iftar süfrələrinin açıldığı mərasimlərə can atırlar. Belələrinin məqsədi qarınlarını doyurmaqdır. Halbuki dini qaydalara görə, iftardan sui-istifadə olmaz».

"Modern.az"

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?