Modern.az

Təbiətə və Allaha qarşı çıxmaq...

Təbiətə və Allaha qarşı çıxmaq...

10 Sentyabr 2010, 22:50

Ölüm gözlənilmədən gələn və insanın istəmədiyi halda onun həyatını yarıda qıran qüvvədir. Amma elə hallar da olur ki, şüurlu insan öz istəyilə ölümü seçərək həyatına son qoyur. Bu cür ölüm özünəqəsd və ya intihar (suisid) adlandırılır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müvafiq qərarı ilə hər il sentyabrın 10-u özünəqəsdlə mübarizə günü kimi qeyd edilir.
Beynəlxalq təşkilat hər il insanları özünə qəsd etməkdən çəkinməyə çağırsa da, dünyada intihar edənlərin sayı durmadan artmaqdadır. ÜST-nin araşdırmaları göstərib ki, intihar get-gedə həm də «cavanlaşır». Beynəlxalq qurumun stastistikasına  görə, dünyada özünəqəsd edənlərin yarıdan çoxu 30 yaşına qədər cavan insanlardır. Hazırda özünəqəsd insan tələfatına müharibələrdən və qətllərdən daha çox səbəb olur.

İntihar Təbiətə, Allaha qarşı çıxmaq kimi qiymətləndirilsə də...

Cəmiyyətdə intihara müxtəlif yanaşmalar var. Bəziləri dinə istinad edərək intiharı Allah qarşısında böyük günah sayır. Onların fikrincə, Tanrı verdiyi canı yalnız özü ala bilər. Bütün dinlər özünəqəsdi insanların Təbiətə, Allaha qarşı çıxması kimi qiymətləndirərək onu qadağan edir.
Özünəqəsdi acizlik kimi qiymətləndirənlər də var. Bir qisim insanlar da özünə qəsd edənə haqq qazandıraraq onun başqa çıxış yolu qalmadığını iddia edirlər. Bir çox ekspertlər insanların intihar etmələrinin səbəbini sosial-məişət amilləri ilə bağlayır, bu yanaşmanın əksinə çıxanlar isə özünəqəsdi psixoloji faktorlarla şərtləndirirlər.

Hər il dünyada 60 milyon adam intihar etmək fikrinə düşür

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, hər il dünyada 60 milyondan çox adam intihar etmək fikrinə düşür ki, onların da təxminən 1 milyonu bu qərarını həyata keçirir. ÜST-nin məlumatına görə, 2020-ci ildə intiharların sayı indikinin yarısı qədər arta bilər. Bu sahəni araşdıran azərbaycanlı mütəxəssis (suisidoloq), Tibb Universitetinin məzunu Elmira Məmmədzadə özünəqəsdləri iki qrupa bölür: həqiqi və nümayişkaranə intihar. Həqiqi intihar şəxsin qabaqcadan planlaşdırdığı məqsəddir və o, hansı vasitə ilə olursa olsun özünü öldürür. Nümayişkaranə intihar insanın affekt vəziyyətində olduğu vaxt baş verir. Bu zaman məqsəd özünü öldürməkdən daha çox, başqalarını köməyə çağırmaq, özünə diqqəti cəlb etmək, öz problemləri barədə xəbərdar etməkdir. Bəzən insanların özunəqəsdi baş tutmur, amma hərəkəti sağlamlığına ciddi ziyan vura, ömürlük əlil qalmasına səbəb ola bilir. 

İnsanlar niyə özlərinə qəsd edirlər?

Araşdırmalar göstərir ki, insanlar müxtəlif səbəblərdən öz həyatlarına son vermək qərarı qəbul edirlər. Psixoloq Azad İsazadənin sözlərinə görə, intihar cəhdinə ən çox depressiya, alkoqolizm və şizofreniyadan əziyyət çəkən, yaxın adamını itirən, yoxsul, işsiz, həyatda öz yerini tapmayan insanlar əl atırlar. Bu sıraya başqa səbəbləri də əlavə etmək olar: həyatın mənasını itirmə, uğursuz sevgi yaşama, zorlanmaya məruz qalma, aşağılanma, maliyyə problemləri, ağlını itirmə, qorxu, sağalmaz xəstəlik, dini fanatizm, şərəf və ləyaqətini qoruyub saxlama, başqa çıxış yolunun olmaması, ümidsizlik, stress, problemi həll etmə bacarığının kifayətsizliyi və s.
Tədqiqatlar göstərir ki, intihar cəhdləri qadınlarda daha çox müşahidə olunur. Lakin indiyədək özünəqəsdə cəhd zamanı qadınlarla müqaiysədə kişilərdə ölümlə nəticələnən intiharlar daha çox qeydə alınıb. Beynəlxalq ekspertlərin araşdırmalarına görə, intihar nəticəsində həyatını itirən şəxslərin 63 faizini kişilər, 37 faizini qadınlar təşkil edir. Müşahidələr son illər intihar yolunu seçənlərin get-getə cavanlaşdığını göstərir. Ən acınacaqlı hal özünəqəsd hallarının uşaqlar arasında da artmasıdır. Psixoloqların fikrincə, uşaqların bu yolu seçmələrinin səbəbi ümidsizlik, qorxu, özünəqəsdi yamsılamaq, fiziki təzyiqlərdən qurtarmaq, ata-ananı itirmək, tənqidə məruz qalmağa tab gətirə bilməmək, özünəqapanmaqla əlaqədardır.

İntihar üsulları

Tədqiqatlar göstərir ki, özünəqəsd edənlər öz məqsədlərini müxtəlif üsullarla həyata keçirməyə çalışırlar. Bura əsasən, özünü asmaq və boğmaq, özünü suda batırmaq, çoxlu dərman qəbul etmək zəhər içmək, çox hündür bina, körpü və başqa yüksəkliklərdən tullanmaq, soyuq və odlu silahla özünəqəsd, özünü yandırmaq, yemək və sudan imtina etmək, damarlarını kəsmək, özünü qatarın və ya maşının altına atmaq, elektrik cərəyanınadan istifadə etmək üsulları daxildir.

Azərbaycanda intiharlar 

Dünyanın bütün ölkələri kimi Azərbaycanda da özənəqəsd hadisələri baş verir. Amma ölkəmizdə intiharların rəsmi statistikası aparılmır. Modern.az Dövlət Statistika Komitəsi, Səhiyyə və Daxili İşlər nazirliklərindən, Respublika Prokurorluğundan intiharlarla bağlı statistik məlumat ala bilməyib. Bununla belə adları çəkilən dövlət qurumlarından Azərbaycanda intiharların artdığı etiraf olunub. Son vaxtlar Azərbaycanın şimal və cənub regionlarında intihara əl atmanın geniş yayıldığı müşahidə edilir. Özünə qəsd edənlərin əksəriyyəti isə 18-25 yaş arasında olan gənclərdir. Rəsmi qurumların nümayəndələri respublikda baş verən intiharların ayrıca statistikasının aparılmadığını deyiblər. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, bütün özünəqəsd halları barədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılır və onun səbəbləri araşdırılır.

Bəzi qeyri-rəsmi mənbəələr isə bildirirlər ki, dövlət orqanları intiharlarla bağlı məlumatların yayılmasını məqsədəuyğun saymadığından onu açıqlamaq istəmirlər. Bəlkə elə buna görədir ki, qeyri-rəsmi mənbələr ölkəmizdə intiharların sayı barədə müxtəlif məlumatlar açıqlayırlar.

Qeyri-rəsmi məlumatlara və Modern.az-ın mətbuatda dərc olunan intihar hadisələrilə bağlı apardığı statistikaya görə, Azərbaycanda ayda orta hesabla təxminən 30 nəfər özünəqəsd nəticəsində dünyasını dəyişir.

Adəm Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!