Modern.az

Özəl klinikaların özəllikləri

Özəl klinikaların özəllikləri

10 Sentyabr 2009, 15:24

Səhiyyəmizin özəl tibbi fəaliyyət sahəsində kifayət qədər problem var, qiymətlərlə bağlı narazılıqlar isə yetərincədir.
Özəl klinikalardan birinə müraciət edən pasiyent Aidə Ağayeva bizimlə söhbətdə deyib ki, əvvəllər dövlət xəstəxanasında müayinə olunub: “Sonradan həkim məni özəl klinikaya göndərdi. Bunlar bir-biri ilə əlbir işləyirlər. Özəl klinikada verdiyim analizləri dövlət xəstəxanasında da verə bilərdim və əlavə də xərcim çıxmazdı. Amma həkimim israrla mənə belə məsləhət gördü. Özəl klinikalarda qiymətlər çox bahadır”.
Modern.az-ın əməkdaşı bir neçə özəl tibb müəssisəsində olaraq qiymətləri dəqiqləşdirməyə çalışıb.
“Atlas” Tibb Mərkəzinin baş həkimi İsfəndiyar bəy “özəl klinikalarda qiymətlər niyə belə yüksəkdir” sualını bu cür cavablandırıb: “Özəl klinikalarda qiymətlər ümumi bazar qiymətlərinə uyğun müəyyən olunur. Klinika işçilərin maaşından tutmuş kommunal xərclərə qədər hər şeyi özü ödəyir. Ona görə də qiymətlər bir az yüksəkdir”.
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, özəl tibb müəssisələrində qiymətlərin bahalığı həm də onların yerləşdikləri yerdən, texniki avadanlıqların göstəricisindən də asılıdır. “Müayinə və müalicənin qiymətləri fərqlidir. Bir özəl tibb müəssisəsində 2 manata başa gələn analiz, digərində 15 manatadır. Dövlət xəstəxanalarında işləyən həkimlərin bir çoxu öz xəstələrini əməkdaşlıq etdikləri özəl klinikalara  göndərirlər. Bunun əvəzində isə həmin klinika həkimə müəyyən faiz ödəyir”. Bu sözləri Modern.az-a  özəl klinikalardan birinin adının şəkilməsini istəməyən həkimi deyib.
Özəl tibb ocaqlarındakı qiymətlərə diqqət yetirək.
“Funda” Tibb Mərkəzində qanın ümumi analizi 6, qanda hemoqlabinin müəyyənləşdirilməsi 2, sidiyin ümumi analizi 4 manata başa gəlir. “Funda”da böyrək daşının analizi 8, QİÇS (AİDS) analizi 8, ümumi müayinə 15, ginekoloji müayinə 15, mütəxəssis müayinəsi 15-20, qanda qlüzokazanın müəyyən olunması 2, döş vəzisinin xoş xassəli şişlərin xaric edilməsi 250-350, mədə əməliyyatları 750-850, öd kisəsi əməliyyatları 700-800, ginekoloji USM 10, Uroloji USM 10, rentgen müayinəsi 8-12, bağırsaqlarda əməliyyatlar 650-850, sistem köçürmə 6 manatdır.
“Atlas” Tibb Mərkəzində qanın ümumi analizi 7, qanda qlüzokanın müəyyən olunması 4, sidiyin ümumi analizi 7, böyrək analizləri 35, QİÇS analizi 15, adi həkim müayinəsi 25, professor müayinəsi 60, ginekoloji 40 manata başa gəlir.  Burada döş qəfəsinin rentgeni üçün 15-25, sistem köçürməyə 10 manat şdəməlisən.
Mərkəzi Klinik Xəstəxananın labarotoriyasında da analiz qiymətləri başqa xəstəxanalardakından 3-4 dəfə bahadır.  «Nəbz» Tibb Mərkəzindən isə qiymətlərlə bağlı məlumat vermədilər. “İnam” Tibb mərkəzində kompleks müayinə 50, həkim məsləhəti (müayinəsiz) 20, qarın boşluğu orqanlarının USM-i 20,  yuxarı hissə qarın boşlugu orqanlarının USM-i (qara ciyər,öd kisəsi,mədəaltı vəzi ) 15 manat civarındadır. Bundan başqa ginekoloqiya, uroloqiya USM-nə 15, laborator analizlərə isə 4 manatdan 15 manatadək qiymət qoyulub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsələyə münasibətini öyrəndik. Bildirdilər ki, nazirlik özəl xəstəxanalarda və klinikalardakı qiymətlərə qarışmır: “Apteklər də qiymətləri özləri müəyyənləşdirirlər. Bu müəssisələrin 80 %-i özəldir”. Mətbuat xidmətindən həmçinin bildirildi ki, dövlət xəstəxanalarında müalicə və müayinə üçün əksər tibbi avadanlıqkar var: “Özəl sahə şəxsi biznesdir. Özəl klinikaların sahibləri pul verib istədiyi yeni avadanlığı alır və tədricən bu pulu götürür. Bazar iqtisadiyyatıdır, bazarda da qiymətlər sahibkar tərəfindən tənzimlənir. Özəl tibb ocaqları öz daxili imkanaları hesabına qiymətləri tənzimləyir”. Nazirlikdən dedilər ki, dövlət xəstəxanalarına müasir aparatları son illərdə almağa başlayıblar: “Birdəfəyə bütün xəstəxanalardakı cihazları yeniləri ilə əvəzləmək çətindir. Bu proses tədricən aparılır. Hər halda 70 ildir təmirsiz qalan xəstəxananı 5 il ərzində müasir standartlara cavab verən tibb müəssisəsinə çevirmək asan deyil. Problem təkcə avadanlıqların gətirilməsi ilə bitmir. Gərək xaricdən gətirilmiş bu aparatlarda işləyə bilən mütəxəssislər də hazırlansın. Bunun üçün isə kifayət qədər vaxt keçməlidir”.
Professor Adil Qeybulla Modern.az-a bildirib ki, ölkədə dövlət, özəl, munisipial, sığorta səhiyyə sistemləri fəaliyyət göstərməlidir: “Hər bir vətəndaş xəstələndiyi halda müötəlif yerlərdə tibbi xidmət almaq imkanına malik olmalıdır. 1999-cu ildə icbari tibbi sığortanın tətbiqi haqda Prezident fərmanı verilib. Bu fərman icra olunarsa, bəzi problemlər aradan qalxar. Vətəndaşın əlində sığorta hamisi deyilən vəsiqə olmalıdır və həmin sənəd əsasında o, istənilən xəstəxanaya müraciət edib tam pulsuz müalicə oluna bilər. Burada özəl klinikalar istisnadır. Özəl klnikalarda seçim xəstənin özündən asılıdır. Bu məsələlər tam qaydasına salınmayıb”.
A.Qeybullanın sözlərinə görə, Azərbaycanda səhiyyənin mülkiyyət formalarının dəqiqləşdirilməməsi, bütün səhiyyə xidməti  formalarının tam təşəkkül tapmaması müxtəlif problemləri yaradıb. Müsahibimiz deyib ki, özəl, istər dövlət klinikalarında xəstələrin durumu nəzərə alınmalıdır: “Burada həkim vicdanı məsələsi unudulmamalıdır. Bu məsələ istənilən situasiyada əsas şərtdir”.

Kəmalə TOFİQQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir