Modern.az

Qırx il əvvəlin və müasir Azərbaycanın gəncləri...

Qırx il əvvəlin və müasir Azərbaycanın gəncləri...

11 Sentyabr 2009, 14:06

“XOŞBƏXTLİK NƏDİR” SUALINA FƏRQLİ CAVABLAR

Nəsillər dəyişdikcə, eyni məsələ barədə düşüncələr, münasibətlər də dəyişir. Yəqin oxucularımıza da maraqlı olar ki,  40 il əvvəlin gəncləri ilə indiki gəncliyin “Xoşbəxtlik nədir” sualı barədə fikirləri necədir. Modern.az 40 il öncə Azərbaycan SSR-də yaşamış gənclərlə  hazırda müstəqil Azərbaycan Respublikasında yaşayan  gənclərinin fikirlərini təqdim edir. Düşüncələrdəki fərqlərə siz də diqqət yetirin.

Azərbaycan Gəncləri” qəzeti – 1 fevral 1969-cu il.

“Xoşbəxtlik nədir?” sərlövhəli yazıda o zamankı gənclərdən xoşbəxtliyin mənası və idealları barədə soruşulur. Sorğuda iştirak edən 550 nəfərdən yalnız 97 nəfər özünü xoşbəxt sayıb. 164 nəfər isə bədbəxt olduğunu bildirib. Onların arasında yalnız 2 nəfərin yaşı otuzu ötmüşdü (birinin 32 yaşı, o birisinin isə 35 yaşı vardı). Qalan 162 nəfərin isə yaşı 25-dən az olub. 24 yaşlı bir qız isə bildirib ki, xoşbəxtlik sözünü leksikondan çıxarmaq lazımdır və fikrini xoşbəxtliyin olmaması ilə əlaqələndirib.

Bəs indiki gənclər nə düşünür?

Xəzər Universitetinin 3-cü kurs tələbəsi Orxan Şabanov:
- Mənə görə xoşbəxtlik odur ki, ailəm, cəmiyyətim  üçün faydalı olum. Hərdən insanlar  cəmiyyəti dəyişmək istəyir, amma dərk etmirlər ki, bunu dəyişmək üçün hər kəs ilk növbədə ailəsində dəyişiklik etməlidir. Digər məsələlər, pul, maşın, ev, təhsil  vasitədir. Ümumiyyətlə, ideal xoşbəxtlik olmur.
Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Orxan Nəbiyev:
- Xoşbəxtlik cəsarət müqabilində verilən mükafat deyil, xoşbəxtlik cəsarətin özüdür. Xoşbəxtliyin idealı insanın ali məqsədinə yetişməsi və rahat istirahət etməsidir. Məqsədinə çatmayan insan ideal xoşbəxtliyi dada bilməz.
Qafqaz Universitetinin 4-cü kurs tələbəsi Vəfa Səfərli:
- Xoşbəxtliyin mənası sevdiyin insanların əhatəsində olmaq və sevdiyin işlə məşğul olmaqdır. İdeal xoşbəxtlik olmur, bu, nisbi anlayışdır. Kiçik bir şey insan üçün çox böyük xoşbəxtlik anlamına gələ bilər, amma digəri heç ona fikir verməz.

“Sən xoşbəxtlik üçün nəyi əsas hesab edirsən?”

Bu sualı “Azərbaycan Gəncləri” qəzetinin 1 fevral 1969-cu il sayında cavablandıran sovet dövrünün gəncləri bildiriblər ki, birinci yerdə maraqlı iş (54,1 faiz), ikinci yerdə ailəyə yaxşı münasibət (48,6 faiz), üçüncü yerdə ətrafdakılara hörmət və inam dayanır. Maddi cəhətdən təmin olunmaq isə beşinci yerdə (36,9 faiz) durub.
Eyni suala indi Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Cavid Ramazanov belə cavab verir:   
-  Arzularım, ümidlərim gerçəkləşirsə, yaxud buna ehtimal varsa, özümü xoşbəxt hesab edirəm. Əgər bunların gerçəkləşməsinə ümid yoxdursa, onda heç yaşamağa dəyməz.
Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Nərgiz Ələkbərli:
- İnsanlara lazım olduğunu hiss edirsinizsə, ailənizdə, dostlar arasında sevilirsiz və sizə ehtiyac duyurlarsa, bu, əsl xoşbəxtlikdir.
Bakı İnnovasiya Universitetinin 1-ci kurs tələbəsi Loğman Əliyev:
Xoşbəxtlik özü üçün yaşamayan insanların varlığıdır. İnsanların daxilindəki azadlığın olması və onun ifadə olunmasıdır.

“Necə bilirsən, yaşıdlarının hərəkətində, davranışında ən yaxşı cəhət nədir?”

Sualın cavablarının nəticəsinə görə, sovet gəncləri arasında birinci yerdə “Bacardıqca insanlara daha çox xeyir vermək arzusu” (37,2 faiz), axırıncı yerdə isə şöhrətpərəstlik, mənsəbpərəstlik (8,6 faiz) dayanıb.
2009-cu il gənclərinin düşüncələri belədir.
Azərbaycan Tibb Universitetinin 5-ci kurs tələbəsi Rəşad Səfərov:
- Yaşıdlarımın davranışında ən yaxşı cəhət heç bir məsələdə dərinə getməməkdir. Bu, fəlsəfədən xəbəri olmayanın fəlsəfəni sındırmasına bənzəyir. Bu bir tərəfdən mənfi tendensiya olsa da, müasir yaşam tərzi üçün olduqca vacib bir davranış nümunəsidir.
Xəzər Universitetinin 3-cü kurs tələbəsi Elvin Nərimanovun cavabı:
- Təhsilə meyilli olmaları və xaricdə təhsil almağa meyillilik.
Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs tələbəsi Murad Nəsibov:
-İstərdim yaşıdlarımın hərəkətində ən yaxşı cəhət cəmiyyətə və mühitə qayğıkeşlik olsun, amma bunu görmürəm. Düzü, mən bu günki gəncliyin böyük əksəriyyətindən narahatam. Ancaq oxuyan, gələcəyini təhsildən başlayıb qurmaq istəyənlərin bu şövqlərini yaxşı cəhət kimi görürəm.

 

 

Rövşən NƏCƏFOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır