Modern.az

“Sədərək” Ticarət Mərkəzində keyfiyyətsiz uşaq oyuncaqları aşkarlanıb

“Sədərək” Ticarət Mərkəzində keyfiyyətsiz uşaq oyuncaqları aşkarlanıb

11 Sentyabr 2009, 16:19

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı Bakının Xətai rayonunda Q.Paşayevaya məxsus supermarketdə, Nizami rayonunda “Əkizlər market”də, “Talış market”də, “Tural market”də, “Zaur market”də, “İslam market”də, “Nərgiz market”də, “Sevimli market”də, “Albalı market”də, N.İsmayılova məxsus ərzaq mağazasında, Sumqayıt şəhərində S.İsmayılova məxsus ərzaq malları mağazasında, Şəmkir şəhərində H.Əliyevə və M.Əliyevaya məxsus ərzaq malları mağazalarında, Quba şəhərində “Afiyət market”də ümumi çəkisi 550 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları aşkarlanıb, satışdan çıxarılaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyindən Modern.az-a verilən məlumata görə, monitorinqlər zamanı həmçinin, Xətai rayonunda Q.Paşayevaya məxsus supermarketdə, Nizami rayonunda “Albalı market”də və “Pərvin market”də ümumi çəkisi 20 kiloqrama yaxın normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, üzərində istehsal və son istifadə tarixi, istehsalçının adı, ünvanı və s. qeyd edilməmiş ərzaq məhsulları satışdan çıxarılıb.
Bundan başqa, aparılmış monitorinqlər zamanı Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində Ə.Baxşiyevə, S.Cəfərova və A.Abbasova məxsus mağazalarda qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan satılan 6956 ədəd uşaq oyuncaqları aşkar edilərək satışdan çıxarılmış və normativ-texniki sənədlərin tələblərinə uyğun nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Qanun pozuntusuna yol vermiş 14 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 390 fiziki şəxsə 584,5 min manat cərimə tətbiq olunub.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi