Modern.az

Etibar Cəbrayıloğlu: “Evim olanda Modern.az-ın kollektivinə qonaqlıq verəcəm”

Etibar Cəbrayıloğlu: “Evim olanda Modern.az-ın kollektivinə qonaqlıq verəcəm”

14 Sentyabr 2009, 19:00

“INDİ NƏ AĞLAYANA, NƏ DƏ AĞLAMAYANA PƏPƏ VERİRLƏR, PƏPƏ ANCAQ OXUYANA DÜŞÜR, MƏN DƏ Kİ, ONU BACARMIRAM”

  

Jurnalist Etibar Cəbrayıloğlunun imzası oxuculara yaxşı tanışdır. 1991-ci ildən media sahəsində çalışan tanınmış həmkarımız əvvəllər «Press-fakt», «Bu gün», «Azərbaycan gəncləri», «Yeni Müsavat» qəzetləri, «Hesabat» jurnalı kimi populyar nəşrlərdə yazıb-yaradıb. Vaxtilə “Yasamaldan məktublar” adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmış Etibar Cəbrayıloğlu indi mətbuatda az-az görünür. Bunun səbəbini öyrənmək üçün onu redaksiyamıza dəvət edib suallarımıza cavab istədik.

-        Əvvəllər aktiv jurnalistikada görməyə öyrəşdiyimiz Etibar Cəbrayıloğlu indi nədən kölgəyə çəkilib? 

-         Belə hesab edirəm ki, mən aktiv jurnalistikadayam. Məsələn, gündəlik çıxan qəzetdə işləyirəm. Gündəlik yazı yazıram, həftə sonları böyük layihələr, xüsusi müsahibələr edirəm. Ona görə də özümü aktiv hesab edirəm.

-        Bəlkə çalışdığınız mətbu orqan çox tanınmadığı üçün bizə belə gəlir?

-         1990-cı ildə yaranan və bu günə qədər ayaqda qalan qəzetlərdən biri də “Ədalət”dir. Ola bilsin tirajı böyük deyil, amma oxucuları var. Bəlkə siz deyən anlamda gündəlik siyasi müxalifət qəzetləri siyahısında deyil. Indi daha çox belə qəzetlər oxunur. Bəlkə Etibar belə qəzetlərdə işləmədiyi üçün belə hesab edirsiniz ki, fəal jurnalistikada deyiləm. Gündəlik məqalələr, müsahibələr yazıram. Mən qələmimi dincə qoymamışam.

-        1991-ci ildən jurnalistikadasınız. O dövr jurnalistikası ilə bu günkü jurnalistika arasında hansı fərqləri görürsünüz?

-         Mənə elə gəlir ki, jurnalistika əvvəllər daha maraqlı idi. O vaxt fikirləşirdik ki, vaxt keçdikcə peşəkarlıq artacaq, amma biz o baxımdan geri getdik. Əvvəl işlədiyimiz həmkarların imzalarına baxanda və indikilərlə müqayisə edəndə belə görürük ki, o vaxt jurnalistlər daha peşəkar, daha məsuliyyətli idilər. Indi jurnalistlər heç yerə getmədən bir-birinə xəbər edirlər ki, tədbiri e-mailimə yaz göndər ki, öz imzamla verim. O vaxt həm texnika buna imkan vermirdi, həm də heç kim bunu özünə sığışdırmazdı. Mətbuat konfranslarında sağ-solumda hansı imzalar otururdu. Indi həmin imzalar yoxdu. Indi mətbuat konfranslarında iştirak edən jurnalistləri heç kim tanımır, onlar da heç kimi tanımır, gəldikləri tədbirin mahiyyətini belə bilmirlər. O baxımdan məncə, əvvəlki dövr daha yaxşı idi. Bir də əsas fərqli cəhət odur ki, indi yeni qəzet, televiziya açanda heç kim maraqlanmır ki, başında kim durub. Hamını maraqlandıran odur ki, o mətbu orqanın arxasında kim durub. Əvvəllər hamı soruşurdu ki, baş redaktor kimdir? Bununla da, bilinirdi ki, o qəzet, jurnal nə deməkdir? Amma indi fərqi yoxdur rəhbərlik kimdir, hamını qəzetin arxasında duran qüvvə maraqlandırır. Indi jurnalistikamızda çatışmayan cəhətlərdən biri də budur.

-        Elə imzalar varmı ki, onlar üçün darıxırsınız?

-         Var. Çoxdur. Onların elələri var ki, müxtəlif qəzetlərdə köşə yazırlar, internetdə yazırlar. Bəziləri isə tamamilə mətbuatdan gedib. Doğurdan da, o imzalar üçün adam darıxır.

-        Jurnalist həmkarlardan öyrənmişik ki, Sizin də eviniz yoxdur. Başqa kimlərin evi yoxdur. Bəlkə elə ancaq Siz özünüzün mənzil şəraitinizi təmin edə bilməmisiniz? Yəni jurnalistikadan şəxsi mənafeyiniz üçün istifadə etməmimisiniz.

-         Jurnalistikada evi olmayan təkcə mən deyiləm. Ötən əsrdən bu sahədəyəm. Yəqin hələ bir əsr də işləmək lazımdır ki, evimiz olsun. Amma mən hesab edirəm ki, jurnalistlər daha çox əziyyət çəkiblər. Onlar zəhmətləri qarşılığında özlərini ən azı evlə təmin etməli idilər. O cümlədən də mən. Edənlər var. Çoxdular. Mən niyə özümü evlə təmin edə bilmədim? Dostlarım da bu sualı tez-tez mənə verirlər. Mən heç vaxt jurnalist vəsiqəmlə nə bələdiyyə sədrinin , nə də digər bir idarənin qapısını döyməmişəm. Gündəlik olaraq bu vəsiqədən istifadə etməmişəm. Kiminsə qapısını döyüm, kimisə qorxudum, belə şeyləri heç vaxt qəbul etmərəm. O da gətirib həmin şeyə çıxarır ki, mən ev şəraitimi təmin edə bilməmişəm.

-        Deyirsiniz yəni mənzil alan, ev tikdirən jurnalistlər o yolla gediblər?

-         Yox təbii ki, hamı elə etməyib. Siz də jurnalistsiniz. Görürsünüz ki, qonorarla, maaşla ev qurmaq mümkün deyil.

-        Evinizin olmaması Sizin yaradıcılığınıza, başqa işlərinizə mane olurmu? Övladlarınız da yavaş-yavaş böyüyür...

-         Təbii ki, insan kimi, valideyn kimi hamımızın missiyası var. Mən də bunları düşünürəm. Amma həlli yolu hələ ki, yoxdur. Mən nikbin adamam .Yəqin ki, bu məsələni də həll edəcəm. Adətən, çox vaxt yazılarımı redaksiyada deyil, kirayə qaldığım darısqal evdə işləyirəm. Belı şəraitdə də gərək gözləyəm ki, ya uşaqlar yatsın, ya da hansısa qohum-qardaşgilə qonaq getsinlər ki, sakitlik olsun. Bu baxımdan evsizlik yaradıcılığıma təbii ki, mane olur. Əgər ev olsa, uşaqların, mənim ayrı-ayrı otaqlarımız olardı. Mən də öz otağıma çəkilib işimlə rahat məşğul olardım. Təbii ki, gündəlik həyatda bu çətinliyi hiss edirsən.

-        Digər evsiz jurnalistlərlə müqayisədə sanki mənzil problemi Sizi sıxmır...

-         Mən onu bəlkə də göstərmək istəmirəm. Əslində oxucunun, siravi vətəndaşın marağında deyil ki, mənim evim var, ya yoxdur. Mən oxucunu belə problemlərlə yükləmək istəmirəm.

-        Etibar bəy, mənzil probleminin həlli üçün cəhdlər göstərmisiniz?

-         Cəhdlər çox olub, amma yəqin ki, yetərli cəhdlər olmayıb.

-        Bu cəhdlər iflasa uğrayıb, ya özünüz axıra qədər getməmisiniz?

-         Ya görmüşəm perspektiv yoxdu və axıra qədər getməmişəm, ya  da şərtlər məni qane etməyib. Cəhdlər qarşı tərəfdən də olub, mən tərəfdən də olub. Təbii ki, hər bir insan istəyər ki, həyatını yaxşılaşdırsın. Valideyn kimi, övlad kimi hamının öz qalası olmalıdır. Bu qalanı da sən özün tikməlisən, qurmalısan.

-        Cəhdlərin nəticəsiz qalmasında özünüzü günahkar hesab edirsiniz, ya başqa kimisə?

-         Əlli-əlliyə deyərdim. Qarşı tərəfdə, məndə də gühah olub, şəraiti də bura əlavə edərdim. Başqa sahələrdən də evsiz olan insanlar var. Amma Azərbaycanda belədir ki, sənət adamlarına ev verirlər. Hətta elə sənət adamları var ki, özlərinə də, övladlarına da ev veriblər. Indi onların musiqi alətlərinə də ev verirlər. Bir adam neçə dəfə ev alar? Halbuki  onları biz təbliğ etmişik. Içlərində eləsi var ki, sənətə gələnə qədər heç kim onları tanımırdı. Jurnalistlərin hesabına onlar təbliğ olundular, tanındılar. Amma mənzil gələndə bizi yox, onları yada saldılar. Halbuki jurnalistlər də sənət adamları kimi can qoyublar. Biz də Azərbaycan xalqı üçün, Azərbaycan jurnalistikası üçün işləmişik. Insanları maarifləndirmişik, onlara informasiya vermişik. Bu baxımdan bizə də nəsə oluna bilərdi. Əgər eləmək istəmirlərsə, artıq mənim günahım deyil, mən öz üzərimə düşən işi vicdanla yerinə yetirmişəm.

-        Azərbaycanda evsiz jurnalistlər bir ordu şəklindədir...

-         Bilirəm ki, müxtəlif təşkilatlar bu məsələ ilə bağlı müraciətlər hazırlayırlar. Bunları ardıcıl izləyirəm. Inanıram ki, bu təşkilatların müraciətləri, mütəmadi şəkildə cəmiyyətə bu informasiyaların verilməsi işin xeyrinə olacaq. Bu, hökmən deyil ki, mən ev alacam. Kimsə bu məsələdə qazanacaqsa, hesab edirəm ki, bu, sizin, bizim  uduşunuz olacaq.

-        Məsəli Sizdən uzaq. Belə bir deyim var ki, bədbəxtlər həmişə bir yerdə xoşbəxt olurlar. Mən belə başa düşdüm ki, bu problemin Sizə təsir etməməsinin səbəbi odur ki, evsiz dostlarınız çoxdur və bir yerdə olanda bu, yada düşmür.

-         Mən işimi atıb gileylənməklə məşğul ola bilmərəm. Kiminsə qapısında növbəyə dayana bilmərəm. Etiraz edə bilmərəm, nə də özümü Qız qalasının üstündən ata bilmərəm. Bunlar mənlik deyil. Hər şey ortadadır. Mənim fəaliyyətim də, yazılarım da. Bu, təzə məsələ deyil ki. Uzun illərdir ki, bu problem var. Əgər aidiyyatı insanlar bunu görmək istəmirlərsə, görmürlərsə, kömək etmək istəmirlərsə, mən nə edə bilərəm? Mən bunun başqa yolunu tapa bilmirəm. Mənim xasiyyətimdə də yoxdur ki, öz problemimi kiminsə çiyninə qoyum, kimisə incidim. Hər yazımda gileylənim ki, evim yoxdur. Oturum ağlayım. Bundan heç nə çıxmaz. Indi nə ağlayana, nə də ağlamayana pəpə verirlər. Indi ancaq oxuyana pəpə verirlər. Mən də ki, oxuya bilmirəm.

-        Hansı tərəfdə kirayə yaşayırsınız?

-         Yasamalda, 2 otaqlı evdir. Vəziyyət elə də faciəli deyil. Ev sahibim ziyalı insandır. Əsas odur ki, bizi başa düşür.

-        Sizin evsiz jurnalistlərə sözünüz...

-         Arzularına çatsınlar!

-        Eviniz olanda, Modern.az –a nə deyəcəksiniz?

-         Sizin kollektivinizə qonaqlıq verərəm. Hesab edirəm ki, qonaqlıqla ötüşmək olar.

-        Arzu edirik ki, eviniz tikilsin!

 

Kəmalə TOFİQQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi