Modern.az

Azərbaycanda gündə 60 milyon ədəd siqaret çəkilir

Azərbaycanda gündə 60 milyon ədəd siqaret çəkilir

14 Sentyabr 2009, 15:53

 

Siqaretin istər insanın sağlamlığina, istərsə də büdcəsinə ziyan vurması haqda çox danışılıb. Onun əleyhinə yetərincə təbliğat kampaniyası həyata keçirilib. Ancaq siqaret aludəçilərinin günbəgün artdığı müşahidə olunur. Təkcə xarici ölkələrdə deyil, elə bizdə də. Siqaretin insan ömrünü azaltması barədə həyəcan siqnalı, qutuların üzərində əks olunan Səhiyyə Nazirliyinin  xəbərdarlığı insanları narahat etmir, onları bu zərərli vərdişdən uzaqlaşdırmır.  İndi siqareti harda gəldi çəkirlər: evdə, iş yerində, avtobusda, məktəbdə, hətta xəstəxanada...

Bəlkə də çoxlarına məlum deyil ki, Milli Məclisin hələ 2001-ci ildə qəbul etdiyi «Tütün və tütün məmulatları haqqında» Qanunla ictimai yerlərdə, o cümlədən mədəniyyət, səhiyyə, təhsil və tərbiyə  müəssisələrində, ticarət və iaşə obyektlərində, nəqliyyat vasitələrində siqaret çəkmək qadağan olunub. Amma həmin qanuna əməl etmək heç aidiyyatı qurumların belə yadına düşmür.

Azərbaycanda elə bir itimai iaşə obyekti tapılmaz ki, orada siqaret çəkilməsi yasaq olunsun. Modern.az-ın əməkdaşı Bakıdakı bir neçə ictimai iaşə və ticarət obyektində müşahidələr aparıb. Məlum olub ki, bu obyektlərin sahibləri müştərilərini itirməmək üçün siqaretlə bağlı qadağaya əməl etməyi ağıllarına belə gətirmək istəmirlər.

 

Kafe və çayxanalar “tüstülənir”

Metronun “28 May” stansiyası ətrafındakı kafelərdə müştərilərə siqaret çəkilməsi ilə bağlı məhdudiyyət görmədik. Ərazidəki “Qoç” kafesinin sahibi Firuz bəy siqaret çəkilməsinə heç bir etiraz etmədiyini söylədi. Hətta sualımazdan təəccübləındi də: “Nə qadağası... Biz kafedə tüstü və duman tənzimləyici qurğu yerləşdirmişik. Bir də bizim müştərilərimizin əksəriyyəti siqaret çəkənlərdir, bunu problem saymırıq”. Digər kafelərin hamısında eyni mənzərənin şahidi olduq. Cəmi bir-iki iaşə obyektində işçilər bildirdilər ki, bəzən siqaret çəkməyən müştərilər tüstü-dumandan narazılıq edirlər. Bir sözlə, sahibkarlar biznes maraqlarını daha üstün tuturlar. Əks təqdirdə müştərilər kafe və restoran sahibini “boykot” edə bilər.

 

Mağaza və dükanlara siqaretlə girmək olar?  

Vətəndaşlar da ticarət mərkəzlərinə siqaretlə daxil olmağa cürət etmir. Məsələn, Nizami küçəsində yerləşən “Xaqani”, “Nərgiz” ticarət mərkəzlərinə siqaretlə girməyi ağlına belə gətirən yoxdur. Amma bir təzadlı məqamı qeyd edək ki, “Nərgiz” ticarət  mərkəzinin birinci mərtəbəsində kafe yerləşir və orada siqaret çəkməyə qadağa yoxdur.  

Mağaza, supermarket və ərzaq malları satılan dükanlara da baş çəkməyi unutmadıq. Kafe və restoranlardan fərqli olaraq mağazalara siqaretlə daxil olmaq qadağandır. Bunu həmin obyektlərdə divara vurulmuş xəbərdarlıq elanları da göstərirdi, satıcıların özləri də belə deyirdi.

 

3 milyon azərbaycanlı siqaret çəkir

Deputat Musa Quliyev Modern.az-a bildirib ki, Azərbaycanda təxminən 3 milyon insan siqaret çəkir. Bunun 300 minə yaxını qadındır: “Bir qutuda 20 siqaret olduğunu nəzərə alsaq, Azərbaycanda hər gün 60 milyon ədəd siqaret çəkilir. Bunu bir yerə yığsan, böyük bir təpə əmələ gələr. Onun hamısını bir yerdə yandırsan, Bakını böyük tüstü dumanı bürüyər”.

M.Quliyev qeyd edib ki, sözügedən məsələ ilə bağlı yeni qanun layihəsi iki variantda hazırlanır: “Birinci variant ondan ibarətdir ki, mövcud “Tütün və tütün məmulatları haqqında»” Qanuna müvafiq əlavə və dəyişikliklər edilsin. Bu qanunun bir fəsli daha da zənginləşdirilsin. İkinci variant isə müstəqil, ayrıca qanunun qəbulu ilə baglıdır ki, həmin layihəni də hazırlamışıq. Bu, «Siqaret çəkilmənin məhdudlaşması haqqında” Qanun layihəsidir. İndi biz 12 maddədən ibarət bu layihə ilə bağlı yenilik etmək barədə də düşünürük. Layihəyə əsasən ölkədə televiziya və radio yayımçıları, təhsil və səhiyyə nazirlikləri ilə birgə siqaretçəkmənin zərərli tərəfləri haqqında proqram hazırlayacağıq. Bu proqram bir ay ərzində 90 dəqiqədən az olmayaraq yayımlanmalıdır”.

 

Emil SALAMOĞLU

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu