Modern.az

Tatamidən kresloya...

Tatamidən kresloya...

14 Sentyabr 2010, 19:27

“Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətində baş inspektor vəzifəsinə təyin olunub. Olimpiya çempionu hər gün səhər saatlarında Yol Patrul Bölüyünün düzülüşlərində iştirak edir, hətta paytaxtda reydlərə çıxır”. Bu günlərdə mətbuatdan oxuduğum bu xəbərə təəssüfləndim, amma təəccüblənmədim. Təəssüfləndim ki, böyük idmanda ilk uğurunu qazanmış gənc güləşçimiz vaxtından əvvəl başqa sahəyə üz tutub. Təəccüblənməməyim isə az-çox ad çıxarmış idmançıların Azərbaycanda müxtəlif dövlət orqanlarına, xüsusən güc strukturlarına işə can atmalarının artıq adi hal olmasına görədir.

Gözümüzün qarşısında acı təcrübə var. Olimpiya çempionlarımız bu titulu yalnız bir dəfə qazana bilirlər. Niyə?

Sidney Olimpiadasının qalibi olmuş Namiq Abdullayev qalibiyyətindən 4 il sonra növbəti Olimpiadada məğlub olaraq geri döndü.

Afina Yay Olimpiya Oyunlarında yunan-roma güləşi üzrə çempion olmuş Fərid Mansurov ötən il keçirilmiş Pekin Olimpiadasında uduzdu. Azərbaycan televiziyasının şərhçisi F.Mansurovun ilk görüşdəcə məğlub olmasını onun “yüksək hərarəti və zədəli olması" ilə əsaslandırırdı. (Maraqlıdır, formada olmayan idmançı belə mötəbər yarışda nə üçün döşək üzərinə çıxır?).

Olimpiadada yeni iştirak edən və əvvəllər yüksək nəticə göstərməmiş idmançılar üçün belə hallar o qədər də faciəvi deyil. Lakin ötən Olimpiadanın qızıl medalçısının növbəti Olimpiadada ilk qarşılaşmadaca məğlub olması, həm o idmançının reytinqinə ciddi təsir göstərir, həm də onu izləyən təəssübkeşlərə üzüntü yaşadır.

Təəssüf ki, Azərbaycanda professional idmanla məşğul olan və bir-iki dəfə yüksək uğur qazanan idmançılarımızın əksəriyyəti bu nailiyyətləri şəxsi karyeraları üçün tramplin sayırlar. Burada "karyera" dedikdə idman karyerası başa düşülməməlidir. Özünü professional idmançı hesab edən şəxs karyerasının yüksəlişini də məhz bu sahədə görməlidir. Bizdə isə bir çox hallarda qızıl medal qazanan, bayraq qaldıran idmançılar ölkəyə qayıdan kimi çalışırlar ki, özlərinə polisdə, kömrükdə, vergidə, “fövqəladə hallarda” və başqa "prestijli" bir sahədə iş yeri tapsınlar. Hansısa beynəlxalq yarışda çempion olan bir ABŞ idmançısının "qayıdan kimi məni polisə götürüb, əməliyyat müvəkkili təyin edəcəklər" sevdasına düşməsi təsəvvür olunmazdır. Onlar idmana bir peşə kimi yanaşırlar.

Təəssüf ki, müxtəlif dövlət orqanlarına işə qəbul edilən adlı-sanlı idmançılarımız növbəti yarışa qədər öz üzərlərində işləməyə tənbəllik edirlər. Daha çox gündəlik işə vaxt ayıran idmançılarımız beynəlxalq arenalara çıxanda məlum olur ki, artıq "formada" deyillər. Mən idmançıların dövlət orqanlarında işə qəbuluna qarşı deyiləm. Xüsusilə hüquq-mühafizə orqanlarında fiziki cəhətdən sağlam insanların işləməsi gözəldir. Lakin müəyyən yaş həddindən sonra. Amma bizim idmançılar 4 il kresloda oturub, sonra da idman döşəyinə çıxmaqla uğur qazanmaq istəyirlər ki, bu da mümkün olan iş deyil... 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...