01Noyabr | Ana Səhifə - Yazılar - Eşqin cazibəsində
Eşqin cazibəsində

Mənzərə Sadıqovanın “Qadınlar və kişilər” kitabı haqda düşüncələr

 

Uzun müddət idi ki, bədii düşüncələrimi canlandıran, duyğularıma nikbin ruh aşılayan və məni haldan-hala salan belə maraqlı hekayələr oxumamışdım. Mənzərə Sadıqovanın dərin məzmunlu, yeni ruhlu nəsr əsərləri məni yaxşı mənada heyrətləndirdi. Tam təzə nəfəs, təzə ruh, təzə yanaşma! Yadıma ötən əsrin 60-cı illəri və o illərin bir-birindən maraqlı nəsr əsərləri düşdü. O dövrdə milli ədəbiyyatımızda yeni bir cərəyanın təməli qoyuldu. Sonradan Azərbaycan ədəbiyyatında meydana gələn əksər əsərlər də 60-cı illər nəsrinin təsirindən çıxa bilmədi. XIX əsr rus ədəbiyyatı tarixində olduğu kimi: o vaxt dahi Dostoyevski demişdi ki, biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq.


Doğrudur, XX əsrin 60-cı illərindəki poetik sistem ilə XXI əsrin ikinci onilliyindəki poetik çalarlar tamamilə fərqlidir. Elə istedadlı yazıçı Mənzərə Sadıqovanın da əsərlərinin cazibəsi, üstünlüyü tam yeni ədəbiyyat olmasındadır, yeni dövrün real mənzərəsini yaratmasındadır. Yazıçı hər hekayəsində dövrün-zamanın nəfəsini oxucuya hiss etdirir, onu hadisələrin ağuşuna alıb iştirakçıya çevirir. Bu, böyük məharətdir.


Püxtə nasir qələmi, texnika baxımından çevik üslub, hadisələrin dramatikliyi və müəllifin soyuqqanlılığı diqqəti çəkir.  Mənim sevə-sevə oxuduğum yazıçı Mənzərə Sadıqovanın bir-birindən maraqlı əsərlərinin toplandığı “Qadınlar və kişilər” kitabındakı hekayələr müəllifin illərdən bəri yazıb-yaratdığı nəsr əsərlərindən seçmələrdir. Zənnimcə, müəllifi xüsusi tanıtmağa ehtiyac yoxdur. Çünki respublikamızın tanınan və sayılıb-seçilən publisisti kimi Mənzərə Sadıqovanın onilliklər boyunca dövri mətbuatdakı yazılarının, radio və televiziyadakı verilişlərinin, obrazlı desək, dadı damağımızdan hələ getməyib. Bir faktı da qeyd edim ki, doqquz hekayə və bir povestin toplandığı bu kitaba qədər müəllif bir neçə sanballı kitaba imza atmışdır.


“Qadınlar və kişilər” kitabı yeni ruhlu topludur. Bu kitab  hər gün gözlərimizin qarşısında cərəyan edən hadisələrə ədəbi aləmdə qol-qanad verir. Əsərləri oxuduqca görürsən ki, hadisələr müasir insanın maraq dairəsində cərəyan edir və ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən “Qadınlar və kişilər”dəki hər şey mənim üçün çox yeni və təzədir. Kitab oxucunun bütün mənəvi dünyasını silkələyən, onu yeni yaşam tərzinə ruhlandıran, səsləyən “Eşq” hekayəsi ilə başlayır. Bol qırmızı rəngin toplandığı hekayə tamamilə yeni bir ovqatın bədii arenaya gəlməsi ilə maraq doğurur: “Nadir içdikcə dəniz sərxoş olurdu”. Çoxlarının təsəvvür belə etmədiyi qeyri-adi hadisələrin oxucunu ilk anda şok vəziyyətinə salması bədii ədəbiyyatda daşlaşmış mental dəyərlərə mühafizəkarlıqla yanaşanlara fərqli ovqat bağışlaya bilər. Uzun illər sovet oxucusunun bu tipli gerçəkçi duyğulardan kənarda qalması XXI yüz ilin tamamilə yeni ahəngindən və çalarından xəbər verir. Kimin üçün necə?! Bax, hekayənin əsas ideyası da, demək olar ki, bununla bağlıdır. Necə? Bəli, qulaqlarda qəribə səslənən yeni deyim tərzi məhz bununla təbiiləşir.


Yaşca sevgilisindən xeyli böyük olan Nadirlə Nilufərin arasında yaşanan eşq macərası orijinallığı, qeyri-adi motivasiyası, bəzi məqamlarda açıq-saçıqlığı ilə diqqəti cəlb edir. Təbii ki, hər şeyin eşq üstündə qurulması, hadisələrin ildırım sürəti ilə cərəyan etməsi, dəniz qırağında yüzlərlə adamın gözünün qarşısında öpüşmə səhnəsinin verilməsi qeyri-adidir, vərdiş etmədiyimiz ədəbi məhsuldur. Ancaq XXI əsrin ritminə çox uyğundur. Hekayədə Nadir nazir, Nilufər universitet tələbəsidir. Onlar bir-birlərini dəlicəsinə sevirlər. Hansısa bir mahnıda deyildiyi kimi, “bu da aşk hekayesi”. Sonu faciə ilə bitən eşq macərası. Hekayədən bir parçanı göz önünə gətirək:


- “Ürəyində sevilməyin sevincini yaşayan Nilufər qələmə çevrilmiş taxta parçasını Nadirin əlindən alıb dənizə tulladı. Sevgilisinə sarıldı. Zarafat deyildi, bu boyda nazir millətin içində ona eşq elan etmişdi.


Qayıdaq əsas mətləbə. Artıq dəniz yavaş-yavaş arxada qalır. İstirahətə gələnlər evlərinə tələsirlər. Bu dəm qəfildən avtomobil qəzası baş verir. Üç maşın dəhşətli qəza törədir. Fil dişi rəngində “Lexus” ikitərəfli zədələnir. Kiminsə maşından salamat çıxması möcüzə olardı. Heyrət dolu eşq macərası belə acınacaqlı faciə ilə başa çatır.


Hekayənin mövzusu melodramaya imkan versə də, müəllif hadisələrə soyuqqanlı yanaşır. Hər şey – Nadirlə Nilufərin həyatı, eşq dolu dünyası beləcə başa çatır. Bir yolluq... Amma kitabda həyat öz axarı ilə davam edir. İnsanlar yenə də dəlicəsinə sevir və sevilməyə can atırlar. Sanki bunu bugünkü həyat tərzi diktə edir...


“Eşq”in maraqlı obrazlarından biri də müasir qadınlarımızın  prototipi olan, Nadirin həyat yoldaşı Elnarədir. Yüksək vəzifələrdə işləyən ərinin dəstəyi ilə universitet rektoru mərtəbəsinə ucalan bu qadın iki ləyaqətli oğul böyüdüb, karyerasını qurub, ərinə sadiqdir, lakin ona qarşı çox soyuq davranır, əsas huşu-fikri öz işindədir. Elnarənin işlə ailə arasındakı tarazlığı qoruya bilməməsi əri Nadiri kənarda sevgi axtarmağa vadar edir.                             


Hekayənin məziyyətləri sırasında müəllifin bədii dilini, üslubunu və orijinal bənzətmələrini xüsusi qeyd etmək istəyirəm. Əsərdən  parçalara diqqət edək:


– “Nilufər, mənim Nilufərim! Sən ağac olsan, Nadir o ağacın altında çürüyən meyvə olmaq istəyər. Tor­paq olsan, qar yorğanıyla sənin  üstünü örtüb, şax­tadan-ayazdan qorumaq istəyər.


Nilufər, hərəmiz okeanın bir tayında olsaq və okeanın
üstünə duman sallansa, mən gəmi olub yenə sənə doğru üzərəm... Bil ki, atmosferin ozon qatını yarıb keçsən, raketə çevrilib ardınca Günəşədək uça­ram... Yağış olub göydən yağsan, torpaq olub səni canı­ma hopduraram... Alova çevrilsən, odun əvəzinə özümü sənin ağuşuna ataram...


Sən
çox bəyəndiyin “Lexus”a çevrilib səyahətə çıxsan, mən yol olub təkərlərinə döşənərəm... Dənizə çevrilsən, ada kimi qoynuna sığınaram... Aysberq olsan, suya dönüb səthini sığallayaram...


Söz olsan səsə, mu­siqi olsan nota çevrilib tərkibinə daxil olaram. İki­mizin bir­li­yindən ecazkar mahnılar yaranar... İnfor­masiya xisləti daşısan, elektron vasitəyə  çevrilib səni öz məkanımın hüdudlarında əsir saxlaram. Səni kim­səyə vermərəm!.. Kometa olub kosmosdan düşsən, kainat olub səni bağ­rıma basaram. Bizdən törəyən meteoridlər milyon-mil­yon illər Yer kürəsinə məhəbbət çiləyər!..”

        
Ümumiyyətlə, Mənzərə Sadıqovanın nəsri orijinal təşbeh, epitet,  metafora, bədii təzadlarla zəngindir. Yazıçı insan xarakterini açmaq üçün Azərbaycan dilinin imkanlarından, təkmənalı və çoxmənalı leksik vahidlərdən məharətlə istifadə edir. Onun əsərlərində fikrin obrazlı ifadəsi, nitqin incəliyi, zərifliyi bədii təsir gücünü qat-qat artırır. Bəzi cümlələr şeir kimi qafiyələnir. Oxucu estetik zövq alır.  

         
“Qadınlar və kişilər”in ən maraqlı əhvalatlarından biri də “Ehtiraslar labirintdə” adlanır. “Eşq” hekayəsi ilə müqayisədə bir çox nüansların dəyişdiyi bu hekayədə məişət münasibətləri bir ailədə baş verənlərin timsalında tamamilə dəyişərək ictimailəşir, bəzi məqamlarda mövqe döyüşünə çevrilir. Güclü olan tərəf zəif tərəfi əzir. Ta ki haqq ortaya çıxana qədər.


Əsərdə təsadüf etdiyimiz labirint sözü çoxmənalıdır. Eşqin və xəyanətin labirintində çırpınan Bənövşə çıxılmaz məngənəyə düşür. Lakin labirintdə çırpınan təkcə o deyil. Epizodik surətləri çıxmaq şərti ilə hekayədəki obrazların hər biri öz xarakterinə uyğun labirintə düşür: Aslan eşqbazlıq labirintində həlak olur; onun bacısı Nura (Nuriyyə) mal-mülk hərisliyinin labirintində min cür fitnə-fəsada əl atır; cavan oğlunu itirmiş Svetlana ana həqiqəti öyrənmək yolunda yanlışın da labirintinə düşərək haqsızlığa rəvac verir; Səriyyə nənə nəvəsi Nuriyyə ilə gəlini Bənövşənin arasındakı münaqişənin labirintində ədalətli hakim olmağa  çalışır və s. Beləliklə, ehtiraslar coşa bildikcə coşur, labirintdən labirintə düşür.


Hekayədə həyatın çətinliklərinə qələbə çalan Bənövşə (Fiona, Fia) xeyli qəribəliklərlə rastlaşır. Həyat yoldaşını itirəndən sonra ən yaxın qohumları tərəfindən üz döndərilən, daxili sarsıntılarla baş-başa qalan yeni qadın qəhrəmanımız – Bənövşə əsərdə öz səadətinə qovuşa bilməsə də, məhəbbət labirintindən kənarda qalmır. Uzun illərin məyusluğundan sonra qismən də olsa, azad həyata qədəm qoyur. Bu mürəkkəb epizodlar yazıçı tərəfindən ustalıqla qələmə alınıb. Bənövşənin mətanəti, dəyanəti, eşqə sadiqliyi hekayədə ciddi həllini tapır.


Əri Aslandan həyatının ən ağır zərbəsini almış olan bu gənc qadının əsərin sonunda ona dəyər verən bir Kişinin yanında olması haqsızlıqlar üzərində qazandığı zəfərin təcəssümü kimi diqqət çəkir. Müasir həyatın zövqünü lazımınca duyan bu cütlüyün bizə qeyri-adi gələn sevgisi oxucu nəzərindən yayınmır. Reallıqla irreallığın yaratdığı həqiqət, bax, bu eşq səhnələrindən ibarətdir. Hər kəsin anlaya və duya bilmədiyi sevgi və məhəbbət duyğularının təcəssümü...


“Eşq”in baş qəhrəmanı Nilufərdən fərqli olaraq “Ehtiraslar labirintdə” hekayəsinin baş qəhrəmanı Bənövşə gizli eşq macərası yaşamağa məhkum edilir. O, həyatın dadını-ləzzətini çəkinə-çəkinə çıxarır. Buna da yaxın qohumunun tövsiyəsi, dəstəyi ilə nail olur. Əks halda, oğlunu həyatının mənası hesab edən Bənövşə özünü diri-diri məzara göməcəkdi. Yəni, əri Aslandan sonra bu qadın məhrəm duyğulara birdəfəlik “əlvida” demişdi. 


Kitabdakı “Qadın” və “Kişi” hekayələri də araşdırdığımız mövzudan çox uzaq deyildir. Daha çox eşqin diqqətindən müəyyən qədər kənarda qalması ilə diqqəti cəlb edən bu iki hekayənin qəhrəmanları düşüncə tərzi və həyata yanaşma üsulları ilə o biri əsərlərdəki obrazlardan seçilir.

        
“Karusel”, “Tale oyunu” hekayələri insanları təmizliyə, saflığa çağırış nidaları ilə doludur. Bu hekayələrin də qəhrəmanları həyatın keşməkeşlərində haldan-hala düşən kişilər və qadınlardır. “Tale oyunu”nda ağır və məşəqqətli həyat yolu  keçsə də namusuna-qeyrətinə toz qondurmayan səksən bir yaşlı Zülqədər Azərbaycan qadınının sədaqət, vəfa simvoludur. Bu obraz milli xüsusiyyətlərimizi layiqincə təcəssüm etdirir. İstedadlı yazıçı Mənzərə Sadıqova öz yazı manerasından, tutduğu yoldan, əsas kredosundan yan keçməyərək qəhrəmanlarına və onların həyat yoluna sadiq qalır. Reallığa uymayan sonluqlar uydurmur. Bu da yazıçının istedadından xəbər verir.


Kitabda hər şey yerindədir, qadın-kişi münasibətlərinə yaşadığımız dövrün prizmasından işıq salan hadisələr öz axarında gedir. Eşq dünyası, eşq əhvalatları yerli-yerində bir-birini əvəz edir. Yazıçı ilk cümləsindən son cümləsinədək öz qələminə və qəhrəmanlarının qəlbinə sadiq qalır.


Yeri gəlmişkən, müəllifin ürəklə qələmə aldığı digər hekayələri də sevilə-sevilə oxunur. Acizləşmiş ziyalının faciəsini göstərən “Sıfır nöqtəsində”, sosial problemlərin ailə münasibətlərinə təsirindən bəhs edən “Azadlıq qoxusu... və qorxusu” hekayələri dərin məzmunu ilə oxucunu düşündürür. Soydaşlarımızın kurort macəralarına işıq salan “Qafqazlılar kurortda” hekayəsi ədəbi arenada yaddan çıxmış bir mövzunu ədəbi aləmə gətirmişdir.


Eşqin cazibəsinə daha geniş sferadan baxmağa imkan verən “Üçbucaqda gedişlər” povesti Nigar obrazının timsalında müasir Azərbaycan qadınının dəyanətini, ictimai mühitdəki mövqeyini, həyat burulğanında milli mentala sadiq qalmaq bacarığını nümayiş etdirir. Bu povest, həmçinin yuxarıda adlarını sadaladığım hekayələrin hər biri ayrıca məqalənin mövzusudur.


Oxucuların qəlbinə yol tapan “Qadınlar və kişilər” kitabı əsasən ləyaqətli kişilərimiz və namuslu qadınlarımız barədə ürək açıqlığı ilə yazılmış sanballı nəsr nümunəsidir.


Hörmətli qələm dostum Mənzərə xanım, yeni-yeni əsərlər yaz-yarat və bizi də yeni uğurlarınla sevindir! Çünki bizim bu səpkidə yazılmış kitablara və belə müasir ruhlu əsərlərə ehtiyacımız çoxdur.
                                                                                    

21.06.2017

Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36 Suriyada 50 silahlı zərərsizləşdirilib 17 Yanvar 2020, 22:18 Qeydiyyata cəlb olunan mənzillərin sayı açıqlandı 17 Yanvar 2020, 22:18 “Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı 17 Yanvar 2020, 21:59 Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi - FOTOLAR 17 Yanvar 2020, 21:46 ABŞ-dan İrana yeni sanksiya - SƏBƏB 17 Yanvar 2020, 21:29 DYP polisin rüşvət alması videogörüntüsünə münasibət bildirdi 17 Yanvar 2020, 21:16 Jurnalistlərin gəlirləri artıb: JuHİ hesabatını açıqladı 17 Yanvar 2020, 20:58 Əhliman Əmiraslanov seçki kampaniyasına başladı - FOTOLAR 17 Yanvar 2020, 20:42 Alman əsgərin 1943-cü ildə arvadına yazdığı məktub tapıldı 17 Yanvar 2020, 20:21 "Keşlə" Almaniya klubuna məğlub olub 17 Yanvar 2020, 20:04 Qonşudan qaçırdığı maşınıyla qəza törətdi 17 Yanvar 2020, 20:02 Ceyhun Bayramovdan yeni TƏYİNAT 17 Yanvar 2020, 19:53 İcra başçısı “Sovetski” sakinləri ilə görüşdü 17 Yanvar 2020, 19:44 Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO 17 Yanvar 2020, 19:35 “Azərişıq” yeni işçiləri onlayn yoxlayacaq 17 Yanvar 2020, 19:26 Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi - FOTO 17 Yanvar 2020, 19:17 Bakı Ali Neft Məktəbində anım mərasimi keçirilib - FOTO 17 Yanvar 2020, 19:08 “Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib - FOTO 17 Yanvar 2020, 19:00 İnformatika müəllimləri üçün təlim keçirilib 17 Yanvar 2020, 18:51 Putin özünə yeni köməkçi təyin edi 17 Yanvar 2020, 18:43 Deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdı 17 Yanvar 2020, 18:35 Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək VƏZİFƏ VERDİ 17 Yanvar 2020, 18:28 BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc etdi 17 Yanvar 2020, 18:23 Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək 17 Yanvar 2020, 18:18 Dövlət Komitəsində faciənin 30-cu ildönümü qeyd olunub - FOTO 17 Yanvar 2020, 18:11 Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək 17 Yanvar 2020, 18:06 Musa Quliyev ilk görüşünü könüllü gənclərlə keçirib - FOTO 17 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?