Modern.az

Bakıda 15743 uşaqda müxtəlif patologiya aşkarlanıb

Bakıda 15743 uşaqda müxtəlif patologiya aşkarlanıb

16 Sentyabr 2009, 16:44

Səhiyyə Nazirliyi bu ilin əvvəlindən indiyədək “Uşaq ili”nə həsr olunmuş tədbirlər planı çərçivəsində görülən işlər barədə hesabat verib. Nazirlikdən Modern.az-a verilən məlumata görə,  tədbirlər planının həyata keçirilməsinə K.Fərəcov adına ET Pediatriya İnstitutu, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Baki Baş Səhiyyə İdarəsi və regionların səhiyyə şöbələri cəlb olunub.
Hesabatda bildirilib ki, Pediatriya İnstitutu və Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəhbərliyi ilə respublikanın bütün şəhər və regionları üzrə uşaqlar arasında kütləvi muayinələr aparmaq üçün dar ixtisaslı mütəxəssislərdən ibarət (pediatr, LOR, cərrah, göz, endokrinoloq, nevropatoloq, dəri həkimi və laborant) həkim briqadaları təşkil olunub və onlar müvafiq ezamiyyətlərə göndərilib. Nəticədə poliklinikalarda qeyri-mütəşəkkil və mütəşəkkil (bağçalarda və məktəblərdə, o cümlədən uşaq evləri, internatlar, liseylər və orta ixtisaslı kolleclərdə oxuyan) qruplarda, qaçqınlar və məcburi köçkünlər məskunlaşmış ərazilərdə 15 yaşadək uşaqların kütləvi tibbi muayinələri aparılıb, onların sağlamlıq vəziyyəti qiymətləndirilib.
2009-cu ilin aprel-iyun aylarında Bakı şəhəri üzrə 176817 uşaq və yeniyetmələr kütləvi tibbi müayinələrdən keçirilib. Müayinə 184 məktəb və 82 uşaq bağçasını əhatə edib. Onlardan 15743 nəfərdə müxtəlif patologiyalar aşkarlanıb, onlar müalicəyə göndərilib, 5880 nəfər dispanser qeydiyyatına götürülüb. Bütün müayinə olunmuşlardan 10125 uşaq qaçqın və məcburi köçkün ailələrindəndir. Qalan məktəb və uşaq bağçalarında kütləvi tibbi müayinələrin aparılması tərtib olunmuş vaxt cədvəlinə əsasən yeni tədris ilində davam etdiriləcək.
Pediatriya İnstitutu tərəfindən qeyd olunan müddət ərzində səyyar və yerli regional briqadalar tərəfindən 30 rayonda 84032 uşaq müayinədən keçirilib, onlardan 11416 nəfər dispanser qeydiyyatına götürülüb. 8 regionun qaçqın və məcburi köçkünlər məskunlaşmış şəhərciklərində 6739 uşaqdan 2404 nəfər müayinədən keçirilib, onlardan 1283 uşaq müxtəlif xəstəliklər üzrə müalicəyə təyinat alıb və stasionarlara göndərilib.
Bu ilin ötən aylarında tədris müəssisələrində həkimlərin, uşaq əhalisinin sağlamlığının mühafizəsi məsələləri ilə əlaqədar pedaqoji kollektivlər, valideyinlər və şagirdlərlə görüşü keçirilib və “Uşaq və yeniyetmələrin gigiyenası”, “Uşaq infeksiyalarının profilaktikası”, “Quş qripi və donuz qripi haqqında məlumat”, “Uşaq travmaları zamanı göstərilən ilkin yardım”, “Narkomaniya”, “Reproduktiv sağlamlıq”, “Düzgün qidalanma” mövzusunda söhbətlər aparılıb.
Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları tərəfindən isə kənd yerlərindəki tibb müəssisələrinə işçilərin cəlb olunmasının həvəsləndirilməsi və müəssisələrin yüksək ixtisaslı kadrlarla təmin olunması istiqamətində tədbirblərin gücləndirilməsi üçün müxtəlif diskussiyalar aparılıb.İnstitutun əməkdaşları iyun ayında Şəki şəhərində uşaq tibb müəssisələrində işləyən 54 nəfər tibb işçisi ilə sağlam həyat tərzinin uşaqlar və yeniyetmələr arasında təbliği üzrə silsilə mövzularda təlimlər keçiblər.
Nizirliyin məlumatına görə, “Hamilə qadınlar arasında HİV və Hepatit B virusunun diaqnostikası və yenidoğulmuşların Hepatit B-ə qarşı profilaktikası” proqramının tətbiqinə başlanılıb.
Səhiyyə Nazirliyi apreldə immunlaşdırma həftəsi keçirib. Yeni peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub.Uşaqlarda yod çatışmazlığına dair tədbirlərin təşkili istiqamətində ölkənin 15 şəhər və rayonunda ərazi üzrə hər 30 uşaqda “sidikdə yodun aşkarlanması” məqsədilə müayinələr aparılır və tədqiqatlar davam etdirilir. Respublikada körpələrin ana südü ilə qidalanmasının təbliğinin gücləndirilməsi məqsədilə “Döşlə əmizdirmə” proqramının tətbiqi üzrə doğuşayardım xidməti sahəsində mütəmadi olaraq monitorinqlər keçirilir. Bundan başqa, ölkədəki 5 yaşadək uşaq ölümü səbəblərinin tədqiqatı başa çatdırılıb. Hazırda tədqiqatın nəticələrinə müvafiq olaraq uşaq ölümü hallarının azaldılmasına yönəldilmiş tədbirlər hazırlanır. Bu il Bakı və regionlarda hemofiliya və talassemiya irsi qan xəstəliklərinə dücar olmuş uşaqlar üçün 12 dəfə qanvermə aksiyası  təşkil olunub.
 Sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi bərpası istiqamətində müalicə şəraitinin yaxşılaşdırılması məqsədilə 2009-cu ilin 1-ci yarımilliyində müxtəlif profilli uşaq sanatoriyalarına 1390 uşaq qəbul olunub.
Bakıda fəalıyyət göstərən 1 saylı Körpələr evində 2009-cu ilin yanvar ayında 1 aydan-3 yaşa qədər 36 uşaq qeydiyyatda olub. 4 qusurlu uşağa cərrahi əməliyyat olunub, 2009-cu ilin 6 ay ərzində 7 uşaq övladlığa verilib(de- institualizasiya). Uşaqlara (onlardan 6 müxtəlif qusurlu) ana nəvazişi göstərilməklə yanaşı yaş səviyəsinə uyğun məşğələlər keçirilir. Psixonevroloji Uşaq Evində 1 aydan-3 yaşa qədər 52 qusurlu uşağa qayğı göstərilir, tibbi müalicə və reabilitasiya proqramı aparılır.
Gəncə şəhərinin Körpələr evində 2009-cu ilin yanvar ayında 28 uşaq ( 8 qusurlu) qeydiyyatda olub və 6 ay ərzində 6 uşaq daxil olub, 13 uşaq qeydiyyatdan çıxarılıbr (7 uşaq öz valideyinlərinə, 6 uşaq - övladlığa verilib). Hazırda orada 21 uşaq var. Hər iki körpələr evində Beynəlxalq təşkilatların dəstəyi ilə işləyən tibb işçiləri üçün beynəlxalq standartlara uyğun adaptasiya və qulluq metodlarının tətbiqi, düzgün qidalanmanın təşkili üzrə treninq və seminarlar keçirilir.
Səhiyyə Nazirliyi “2009-cu il – Uşaq ili “ üzrə tədbirlər davam etdirir.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi