Modern.az

Dövlət radiosunun rəhbəri Cavanşir Cahangirov: “Biz də sarımsaq və qayğanaq verilişləri ilə efirə çıxmalıyıq?”

Dövlət radiosunun rəhbəri Cavanşir Cahangirov: “Biz də sarımsaq və qayğanaq verilişləri ilə efirə çıxmalıyıq?”

17 Sentyabr 2009, 13:00

 

 

 

 

 

 

 

 

 

BU GÜN RADİOMUZDA ORTA YAŞ HƏDDI ALTMIŞ YAŞDIR

Modern.az-ın  suallarını Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin radio üzrə sədr müavini Cavanşir Cahangirov cavablandırır.

- Cavanşir müəllim, siz radioya rəhbər təyin olunandan sonra aparıcıların dəyişdirilməsi barədə mətbuatda məlumatlar dərc olundu...

- Radioda aparıcıların dəyişdirilməsi məsələsi olmayıb. Mətbuat bu informasiyanı yazıbsa, yanlışdır. Sadəcə, yeni aparıcıların cəlb olunması məsələsinə baxılıb ki, bu da təbii prosesdir. 

- Dövlət radiosunun yeni avadanlıqlarla təchiz olunması, redaksiyada aparılan təmir işləri nə yerdədir?

- Təmir işləri hissə-hissə aparılır. Noyabrdan sonra bu işlər genişləndiriləcək. Yanvar ayından etibarən yeni avadanlıqlara keçməyi planlaşdırırıq. Hələ işin başlanğıcındayıq. Həm də bu məsələ bir qədər vaxt aparır. Avadanlıqlarla  işləmək üçün bacarıqlı mütəxəsislər cəlb olunmalıdır. Mütəxəssisləri hazırlamaq üçün xüsusi kurslar təşkil olunub. Həmin kurslara xaricdən mütəxəsislər dəvət etmişik ki, izahedici dərslər keçsinlər. Düşünürəm ki, gələn ilin fevral-mart ayında yeni avadanlığın düyməsini basa biləcəyik.

-Eşitdiyimizə görə, bu yaxınlaradək Dövlət radiosunda 10 nəfərə bir kompüter düşürmüş. İndi vəziyyət düzəlibmi?

- Mətbuatda kompüterləşmə ilə bağlı yazılan tənqidlər haqlı idi. Məsələ ondan ibarətdir ki, o vaxt islahatlar başlamamışdı. Televiziyada hər bir yaradıcı adama bir kompüter düşür. Bu proses tədricən radioda da həyata keçiriləcək. Yanvar ayından sonra müasir avadanlıqlardan istifadə olunacaq.

- Radioda çalışan əməkdaşların ixtisarı barədə də söz-söhbətlər gəzir...

- Yeni avadanlıqla rəftar etməyi bacaran kadrlar şübhəsiz ki, radioda işləyəcəklər. Təsəvvür edin ki, radioda bir kompüter təxminən dörd adamı əvəz edir. Bacarıqlı, radioda xüsusi  xidmətləri olan şəxslərlə əməkdaşlıq bu gün də davam edir. Biz hesablama aparmışıq ki, bu gün Dövlət radiosunda orta yaş həddi 60 yaşdır. Belə çıxır ki, biz dünyanın ən qoca kollektivi olan radiosuyuq. Amma televiziyada bu, fərqlidir. Orada orta yaş həddi 30-dur. Biz eyni strukturuq və radioda da eyni hal olmalıdır. Azərbaycan radiosunda klassik bir xətt var və bunu dəyişməyəcəyik. Amma o klassik xəttə modern yanaşma tərzi olmalıdır. Dövlət radiosunda  yeniləşmə labüddür. Çalışırıq ki, bu dəyişiklik ağrılı formada olmasın.

- Ağrılı forma deyəndə nəyi nəzərdə tutursunuz?

- Kimsə özünü haqqı tapdanmış hiss etməsin. Bizim  təqaüd yaşında olan əməkdaşlarımız çoxdur. Onlara xüsusi qayğı göstərilir. Bu ənənə televiziyada var. Radioda da bu iş aparılacaq.

- Yeni  kadrların radioya cəlb olunması ilə bağlı hansı işlər görülür?

- Yalnız istedadı və bacarığı olan şəxsləri qəbul edirik. Müasir texnika ilə işləməyi bacaran işçilərə ehtiyacımız var. Şübhəsiz ki, onların da yaradıcılığı olmalıdır. Ümumiyyətlə, radioda çalışmaq istəyən şəxsin hadisələrə düzgün yanaşmaq və ondan nəticə çıxarmaq qabiliyyəti olmalıdır. Bizdə heç kim birdən-birə işə götürülmür. Təxminən altı ay ərzində həmin adamlar müxtəlif sınaqlardan keçirlər. Dövlət radiosu yeganədir ki, burada ədəbi dilin normalarına riayət olunur. Radio jurnalisti ədəbi dildə danışmalı, ləhcə hiss olunmamalıdır. Ola bilsin, bu gün bizdə də bu problem var. Amma qarşısını almağa çalışırıq.

- Gələcək üçün yeni verilişlər nəzərdə tutulubmu?

- Biz hər gün yeni verilişlərlə efirə çıxırıq. “Könül nəğmələri”, “Elimizdən, obamızdan”, böyük türkçülükdən bəhs edən “Böyük çöl” adlı gözəl verilişlərimiz var. Xəbər oxunuşunda böyük dəyişiklik edilib. Hər saatın əvvəlində beş dəqiqəlik xəbər proqramı ilə efirə çıxırıq. Əvvəllər 15-20 dəqiqəlik xəbər olurdu və bu xəbərin dinləyiciyə çatdırılma forması da arzuolunan səviyyədə deyildi. Xəbər sanki hekayə kimi oxunurdu. Xəbərlər çeşidlənmirdi, dinamika yox idi. Bəzən köhnə xəbərlər efirə gedirdi. İndi bu problemlərin qarşısını almışıq.

- Köhnə verilişlərin yeniləri ilə əvəz olunması haqqında da düşünürsünüz?

- Köhnə verilişlərə yenidən nəzər salınır və yeni formada hazırlanır. Bilirsiniz, Azərbaycan radiosu klassikadır. Elə şeylər var ki, onu dəyişmək olmaz. Məsələn, Azərbaycan radiosunun simvoluna çevrilən “Bulaq” verilişini qətiyyən  dəyişmək olmaz. Yeri gəlmişkən, deyim ki, bu günlərdə “ Bulaq” verilişinin 40 illiyini qeyd edəcəyik. Yaxud başqa bir misal göstərim, “Lirika dəftəri” adlı verilişimiz var. Bütün dinləyicilər bu verilişi  səbirsizliklə gözləyirlər. Bu verilişi dəyişmək olarmı? Radioda elə dəyərlər var ki, onun qiyməti yoxdur. 50 ilə yaxındır ki, istirahət günləri saat 14.00-dan 15.00-dək muğam saatı efirə gedir. “Ulus eli”, “Nağıl evi” adlı verilişlərimiz var ki, onlara toxunmaq olmaz. Ola bilər ki, iki-üç il bundan əvvəl  hansısa  veriliş yaranıb və bu gün o verilişə tələbat yoxdur. Belə olanda müəlliflərə tapşırılır ki, həmin veriliş yenisi ilə əvəz edilsin.

- Özəl radiolar ədəbi dilin  qayda-qanununa əməl olunmamasına görə tez-tez  tənqid olunur. Dövlət radiosunun bu sahədə hansı problemləri var?

- Uzun illər Azərbaycan radiosu hətta musiqiçilərimizin özü üçün də bir məktəb olub. Radionu dinləyib, Azərbaycan dilini öyrəniblər. Bu gün bizim apardığımız islahatların  əsasında həm də o dayanır ki, müxtəlif dialektdə, ləhcədə danışan adamların efirə yol tapmasının qarşısını alaq. Mənim müsahibə aldığım adam ləhcədə danışa bilər. Bu təbiidir. Amma radionu təmsil edən aparıcıda  ləhcənin hiss olunması yolverilməzdir. Verilişlərdə hər hansı qüsur aşkar olunanda  həmin müəllifi cəzalandırırıq. Radioda verilişlərə qulaq asan komissiya yaradılıb. Həmin komissiyanın razılığı olmadan hansısa veriliş  səslənə bilməz. Özəl radiolarda çalışan həmkarlarımı da ədəbi dilin normalarına riayət etməyə çağırıram. Dil məsələsinə biz hətta qısqanclıqla yanaşırıq.

- Bu fikirlə razılaşarsınızmı ki, əvvəllər Dövlət radiosu haqqında ictimaiyyətdə mənfi rəy formalaşmışdı. Siz rəhbərliyə gələndən sonra həmin rəyi müsbət istiqamətdə dəyişə bilmisinizmi?

- Əvvəla mən sizinlə razı deyiləm ki, ictimaiyyətdə barəmizdə mənfi rəy formalaşmışdı. Milli musiqini təbliğ edən, toyxana ənənəsinin qarşısını alan radio haqqında nəyə görə mənfi rəy formalaşmalıdır? İndi biz də sarımsaq və qayğanaq verilişləri ilə efirə çıxmalıyıq? Yoxsa ailə - məişət dava-dalaşı verməliyik? Ola bilər ki, verilişlərin səviyyəsində birtərəflilik, yoruculuq olub. Məsələn, televiziyanın özündə iri həcmli verilişlər hazırlanmır. Radioda isə 75 dəqiqə hətta iki saatlıq verilişlər efirə çıxırdı. Bizim hazırda apardığımız islahatların əsası həm də bu məsələlərdən ibarətdir. 30 dəqiqədən artıq radioverilişin efirə çıxması arzuolunmazdır. Mən tam məsuliyyətlə deyirəm ki, bu gün belə problemlər yoxdur. Düzdür, əyləncəli verilişlər var ki, həcmi 50 dəqiqəyə çatır. Bu verilişlər də iki hissəyə bölünür. Bizdə idman proqramlarına  xüsusi yer verilir. İdman xəbərləri ilə efirə çıxırıq. Demək istəyirəm ki, islahatın əvvəlində olmağımıza baxmayaraq  xeyli nailiyyətlərimiz var.

-Radio həm də dinləyici auditoriyasının marağında olan verilişlər hazırlamalıdır. Dövlət radiosu olmağına baxmayaraq maqazin tipli əyləncəli verilişlərə efir vaxtı ayırmağı düşünürsünüzmü?

- Biz əyləncəli verilişlərdən qaçmırıq. Sadəcə, bunu ağıllı şəkildə efirə veririk. Mənəviyyatımaza xələl gətirən mövzuları efirə buraxa bilmərik. Məsələn, “Könül nəğmələri”, “Sözdən səsə” verilişləri efirə gedir və heç də dediyiniz verilişlərdən geri qalmır. Sizinlə razıyam, dinləyicinin istəyi mütləq nəzərə alınmalıdır. Biz dinləyici üçün işləyirik və onun zövqünü oxşamalıyıq. Amma burda incə bir məqam var. Biz heç vaxt dinləyicinin arxası ilə gedə bilmərik. Bizim məqsədimiz dinləyicini arxamızca aparmaq, onu tərbiyələndirməkdir.  Dediyiniz zövqlərin formalaşmasında xüsusi rol oynamalıyıq.

- Radionun sabiq rəhbəri Mövlud Süleymanlı ilə münasibətləriniz necədir?  Onun təcrübəsindən istifadə edirsinizmi?

- Mövlud müəllimlə münasibətlərimiz əladır. O, istedadlı, gözəl yazıçımızdır. Bir dəfə Yazıçılar Birliyinin Natəvan klubunda Mövlud müəllimə divan tutmaq istəyirdilər. Onun əsərinin müzakirəsi gedirdi və qarşıya məqsəd qoyulmuşdu ki, Mövlud Süleymanlı bu tədbirdə tənqid olunmalı və “vurulmalıdır”. Həmin vaxt onu müdafiə edənlərdən biri də mən idim. Mövlud Süleymanlını biz təntənə ilə yola salsaq da, o, hələ də bizim iş yoldaşımızdır. Onun üçün televiziyada xüsusi otaq da ayrılıb və xalq yaradıcılığının inkişafı üçün əlindən gələni edir. Elə gün olmur ki,  görüşüb məsləhətləşməyək. Biz onun əsərləri ilə böyümüşük. Təkrar edirəm münasibətlərimiz çox yaxşıdır. İstəsəniz özündən də soruşa bilərsiniz.

 

Cavid ZEYNALLI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi