Modern.az

Hansı ali məktəbin məzunları dövlət qulluğuna daha çox qəbul edilib?

Hansı ali məktəbin məzunları dövlət qulluğuna daha çox qəbul edilib?

17 Sentyabr 2009, 16:56

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətə başladığı 2007-ci ildən bu vaxtadək vətəndaşların dövlət qulluğuna qəbulu ilə bağlı 6 müsabiqə və 5 müsahibə keçirib. Modern.az  komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, hansı ali məktəbin məzunlarının dövlət qulluğuna daha çox qəbul edilməsinin,eləcə də  namizədlərlə bağlı digər statistik göstəriciləri təqdim edir.

Altı müsabiqədə 2535 vakant vəzifə təklif olunub

Qeyd edək ki, inzibati vəzifələrin 6-9-cu təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqələr test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Müsabiqənin hər iki mərhələsini uğurla keçən namizədlər Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifəsinin mövcud olduğu dövlət orqanının rəhbərinə təqdim edilir, dövlət orqanının rəhbəri isə təqdim olunmuş namizədlərdən birini seçərək öz qərarı ilə vəzifəyə təyin edir. Komissiya müsabiqədən müvəffəqiyyətlə keçən, lakin vəzifəyə təyin edilməyən namizədləri inzibati vəzifələrin 6-9-cu təsnifatları üçün ehtiyat kadrlar siyahısına daxil edir. Bu hal namizədlərə 2 il müddətində istənilən dövlət orqanında yaranmış analoji vakant vəzifəyə təyin olunmaq imkanını verir.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya indiyədək keçirilən altı müsabiqənin statistik göstəricilərinin müqayisəli təhlilini aparıb. Ümumilikdə altı müsabiqədə 2535 vakant dövlət qulluğu vəzifəsi uğrunda 10634 namizəd mübarizə aparıb. Bu da 1 yer uğrunda orta hesabla 4,2 nəfər deməkdir.

 

2082 namizəddən 526-sı dövlət orqanında işlə təmin olunub

 

Bütün müsabiqələr üzrə test mərhələsini keçənlərin sayı 2082 nəfər (iddiaçıların 19.58%-i) təşkil edib.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bunu yaxşı nəticə saymır. Bu o deməkdir ki, müsabiqələrdə iştirak edən hər 5 namizəddən yalnız 1-nin peşə-ixtisas, qanunvericilik və kompüter bilikləri, habelə məntiqi düşünmə qabiliyyəti test mərhələsini keçmək üçün yetərli olub. Bu, namizədlərin təhsil səviyyəsinin göstəricisidir. Bununla bağlı Komissiya iştirakçı namizədlərin ali təhsil ocaqları üzrə təhlilini də aparıb.

Altı müsabiqənin yekununa görə test mərhələsini keçən namizədlərdən yalnız 34.63%-i, yəni 721 nəfəri müsahibə mərhələsində öz şəxsi keyfiyyətlərini, dünya görüşünü, vakant vəzifəyə uyğunluğunu və insanlarla işləmək və ünsiyyət qurmaq bacarığını göstərə bilib. Ümumiyyətlə, keçirilən müsabiqələrin ümumi yekununa görə müsahibə mərhələsini keçən 721 namizədin 72.95-%-i, yəni 526 nəfəri dövlət orqanında işlə təmin olunub.

Komissiyadan bildirilib ki, altıncı müsabiqə iyulun 30-da yekunlaşdığı üçün bu müsabiqə üzrə vakant dövlət qulluğu vəzifəsinə uyğun bilinən namizədlərin təyinatı hələ davam edir. 

 

Ali təhsil ocaqları üzrə göstəricilər

Komissiyanın keçirdiyi müsabiqələr ölkənin ehtiyat kadr potensialının özəl və dövlət sektorları arasında seçim edərkən dövlət sektoruna nə dərəcədə üstünlük verməsini də müəyyənləşdirməyə imkan verib. Kadr hazırlığında əsas yük, ilk növbədə, dövlətə məxsus olan ali təhsil ocaqlarının payına düşür. Son 7 ilin statistik göstəricilərinə görə, ölkədə  fəaliyyət göstərən, 28 dövlət və 14 özəl olmaqla, 42 ali təhsil ocağını hər il orta hesabla 29130 tələbə bitirir (Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbi, Bakı Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Bakı Ali Polis Akademiyası, Milli Təhlükəsizlik Akademiyasının hazırladığı ali təhsilli mütəxəssislər buraya daxil deyil). Bunların da 84.27%-i (ildə orta hesabla 24548 nəfər) dövlət təhsil müəssisələrinin payına düşür. Elə müsabiqələrdə namizəd kimi iştirak etmiş şəxslərin də mütləq əksəriyyəti dövlət ali məktəblərinin məzunlarıdır.  

BDU və İqtisad Universitetinin məzunları öndə gedir

 

Beləliklə, müsabiqələrdə iştirak edən namizədlərin ən çoxu Bakı Dövlət Universiteti (2435 namizəd) və Dövlət İqtisad Universitetini (2316 namizəd) bitirənlərdir. Texniki Universitetlə (543 namizəd), Dövlət İdarəçilik Akademiyasını da (519 namizəd) məzunları dövlət qulluğuna maraqlı olan ali təhsil müəssisələri sırasına daxil etmək olar. Turizm İnstitutu ilə Təyyarəçilik Məktəbinin məzunlarının müsabiqələrdə iştirak etməməsi bu ali təhsil məktəblərinin yeni yaranması ilə izah olunur.

Özəl tədris müəssisələrinin məzunlarının ümumi çəkisinin müsabiqədə iştirak edənlərin az hissəsini təşkil etməsinin isə əsasən bir səbəbi var. Son 7 ilin statistik göstəricisinə görə hər il ali məktəb bitirənlərin ortam 15.73%-ni özəl ali məktəblərin (14 təhsil müəssisəsinin hər birinə ortalama 327 nəfər) məzunları təşkil edir.

 

Qadın namizədlər 

Müsabiqələrdə iştirak edənlərin 22.64%-ni (2408 nəfər), test imtahan mərhələsində uğur qazananların 23.01%-ni (479 nəfər), müsahibə mərhələsində uğur qazananların 23.30%-ni (168 nəfər), vakant dövlət qulluğu vəzifəsinə təyin olunanların 23.19%-ni (122 nəfər) qadın namizədlər təşkil edir. Göstəricilərdən də göründüyü kimi dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin sənəd qəbulundan başlayaraq vakant vəzifəyə təyin olunana qədər bütün etaplarında qadın namizədlərin xüsusi çəkisi ortalama 23% təşkil edir. Müsabiqələrdə iştirak edən qadın namizədlərin 43.62%-ni BDU (707 namizəd) və Dövlət İqtisad Universitetinin (343 namizəd) məzunları təşkil edib.  

  Namizədlər arasında gənclər üstünlük təşkil edir Yuxarıda qeyd edildiyi kimi altı müsabiqə üzrə qeydə alınan 10634 namizədin yalnız 19.58%-i (2082 namizəd) test mərhələsini uğurla keçib. Bunların da 52.83%-i BDU (717 namizəd) və İqtisad Universitetinin (383 namizəd) məzunlarıdır.  Namizədlərin yaş qrupları təhlillər göstərib ki, onların yaşı artıqca onların müsabiqələrdə iştirak etmə fəallığı aşağı düşür. Statistikaya görə, 240-i qadın olmaqla 10634 namizədin 73.08%-i 20-29 yaş arasında olanlardır (7770 namizəd, 1759-u qadın).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi