Modern.az

Modern.az-ın müdaxiləsindən sonra tələbə universitetə bərpa olunub

Modern.az-ın müdaxiləsindən sonra tələbə universitetə bərpa olunub

18 Sentyabr 2009, 14:18

Redaksiyamıza müraciət edən Taleh Salahov adlı gənc haqsız olaraq Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən kənarlaşdırılmasından şikayətlənib. T.Salahov bildirib ki, 2008-ci ildə adı çəkilən universitetinin kulturologiya fakultəsinin qiyabi şöbəsinə daxil olub. Elə həmin ildə də hərbi xidmətə çağrılıb. Hərbi xidmətini bu ilin iyulunda başa çatdıran tələbə sentyabrın 14-də hərbi xidməti başa vurması haqqında  sənədləri kulturologiya fakültəsinə təqdim edib. Amma  Mədəniyyət və İncəsənət Universitetindən T.Salahova bildirilib ki, bu ildən həmin fakultənin qiyabi şöbəsi ləğv edildiyi üçün o, ali məktəbdən xaric olunub.

Modern.az məsələ ilə əlaqədar Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakultəsinin dekanı Abdin Əlizadə ilə əlaqə saxlayıb. A.Əlizadə əməkdaşımıza  bildirib ki, fakultədə qiyabi şöbə ləğv edildiyindən T.Salahovun əyani şöbəyə yerləşdirilməsi mümkün deyil: “Bu gənc bizə əgər iyulda müraciət etsəydi, bəlkə də məsələ öz həllini tapardı. Artıq o, gecikib. Bu cür problemlə qiyabi şöbənin prorektoru maraqlanmalıdır”.

Dekanın məsləhətindən sonra üç gün davamlı olaraq prorektor Rafiq Sadıqovu axtardıq, özünü tapmasaq da, köməkçisinə məsələni diqqətdə saxlayacağımızı bildirdik. Nəhayət bu gün  Rafiq Sadıqovla əlaqə yarada bildik.  Rafiq Sadıqov  bildirdi ki, fakultənin qiyabi şöbəsində plan yeri dolduğuna görə bağlanıb: “Sizin Taleh Salahovun problemini araşdırdığınız barədə məlumatım var. Mənim də məsələdən xəbərim olmayıb. Amma məlumatlandırılandan sonra məsələni yoluna qoydum. Taleh Salahov təqdimat təqdim etdikdən sonra onu daxil olduğu fakultənin əyani şöbəsinin 1-ci kursuna yerləşdirdik”.

Şad xəbəri eşidəndən sonra Modern.az-la əlaqə saxlayan Taleh Salahov ona kömək etdiyimizə görə redaksiyamıza təşəkkürünü çatdırdı.

 

Günay MUSAYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?