Modern.az

Xəzər dənizindən Türkiyəyə qaçış

Xəzər dənizindən Türkiyəyə qaçış

31 Avqust 2009, 10:55

AZƏRBAYCANLILAR TÜRK TƏYYARƏÇİSİNƏ QAÇMAQDA NECƏ KÖMƏK EDİBLƏR?


Xəzər dənizindəki Nargin (Böyük Zirə) adasından I Dünya Müharibəsi zamanı əsir və girovların saxlanılması üçün hərbi düşərgə kimi istifadə olunub.  1914-1915-ci illərdə Nargin adasında müharibədə əsir və girov götürülən 10 minə yaxın türk saxlanılıb. Ruslar və ermənilər tərəfindən dəhşətli əzab-əziyyətə məruz qalan həmin insanlar elə Nargindəcə qətlə yetiriliblər. Əsirlikdən çox az sayda adam qaça bilib ki, onlardan da biri Türkiyənin Ərzurum bölgəsindən olan təyyarəçi Vecihi Hürkuş olub.


Vecihi Hürkuş türk təyyarəçilik tarixinin ən önəmli isimlərindən biri sayılır. O, 1896-cı il yanvarın 6-da İstanbulda doğulub. I Dünya Müharibəsi başlayanda bütün türk gəncləri kimi cəbhəyə göndərilən Vecihi yaralandıqdan sonra İstanbula qayıdıb. Sağaldıqdan sonra isə Yaşılköydəki Təyyarəçilər Məktəbinə daxil olub. Məktəbi bitəndən sonra 1917-ci ilin payızında yenidən müharibəyə göndərilən V.Hürkuş bu dəfə savaşa təyyavrəçi kimi qoşulub. I Dünya Müharibəsinin qızğın çağlarında 7-ci təyyarəçilər bölüyünün pilotu olan Vecihi Hürkuş Qafqaz cəbhəsində ruslara qarşı uğurlu kəşfiyyat və bombardıman əməliyyatlarında iştirak edib. Hava döyüşlərinin birində rus təyyarəsini məhv edən Vecihinin adı Qafqaz cəbhəsində bu qəhrəmanlığı göstərən ilk türk pilotu kimi tarixə düşüb. Döyüşlərin birində təyyarəsi vurulan türk pilot yaralanaraq ruslara əsir düşüb. Düşmənin əsir aldığı yaralı hərbçi Xəzər dənizindəki Nargin adasına gətirilib. Adadakı əsir düşərigəsində o, ruslar və ermənilərin dəhşətli işgəncələrinə məruz qalıb. Düşmən əsarətində saxlanıldığı ilk zamanlar V.Hürkuş Nargindən qaçmağa cəhd göstərsə də, buna nail olmayıb.  Həmin vaxt adada təkcə müharibədə əsir götürülən hərbçilər deyil, həm də 1914-1915-ci illərdə Anadolu köylərindən gətirilən yaşlı insanlar, qadınlar və uşaqlar da saxlanılırdı. Nargində dözülməz şəraitə tab gətirməyən türk əsirlərin çoxu aclıq və susuzluqdan, ilanlanların dişləməsindən, rus və erməni güllələrindən həlak olurdu. Belə bir vəziyyətdə yaşamağa ümidini itirməyən əsir türk təyyarəçi yalnız azərbaycanlıların köməyilə istəyini gerçəkləşdirə bilib. Əsir yoldaşlarından biri ilə Nargindən qaçmağa nail olan V.Hürkuş adadan sahilədək olan məsafəni üzərək qurtulub. Daha sonra o, Bakıdan Türkiyənin Ərzurum vilayətinə gizli yollarla piyada gəlib.

Vecihi Hürkuş Türkiyəyə qayıtdıqdan sonra yenidən təyyarəçi kimi hərb meydanına atılıb. 1918-ci ilin yazında 9-cu hərbi Təyyarəçilər Bölüyündə görəv alan pilot Qurtuluş Savaşında yenidən qəhrəmanlıq göstərib. Uğurlu kəşfiyyat əməliyyatları həyata keçirən təyyarəçi döyüşlərin birində yunan təyyrəsini məhv edib.

I Dünya Müharibəsindən sonrı o, İzmirdəki təyyarəçilər məktəbində çalışıb. 1925-ci il oktyabrında bacarıqlı türk pilotu tərəfindən «Vecihi K-VI» adlandırılan təyyarə istehsal olunub və onun sınaq uçuşu həyata keçirilib. Bu təyyarənin istehsalında 1924-cü ildə qənimət olaraq Yunanıstandan ələ keçirilən hərbi texnikadan istifadə olunmuşdu.

Sınaq uçuşunu izinsiz həyata keçirdiyinə görə V.Hürkuş cəzaya məruz qalıb. 1930-cu ildə Kadıköydə bir dükan kirayələyən V.Hürkuş 3 ay içində özünün ikinci kəşvini- «Vecihi K-XVI» adlandırdığı təyyarəsni düzəldib.

1969-cu ildə cəsur türk təyyarəçisi həyat xatirələrini yazarkən beyin qanamasından komaya düşüb. Həmin ilin payızında o, Gülhanə Hərbi Tibb Akademiyası Xəstəxanasında vəfat edib.

V.Hürkuşun vaxtilə Nargindəki əsir düşərgəsindən qaçması böyük əhəmiyyətə malikdir. Məhz onun gətirdiyi məlumatlar əsasında Türkiyə hökuməti Xəzərin Nargin adasında törədilən qətliam barədə dünya ictimaiyyətinə xəbər verib.


A.Qorxmaz

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır