Modern.az

Məmurlarımız rusca, deputatlarımız ingiliscə danışır

Məmurlarımız rusca, deputatlarımız ingiliscə danışır

24 Sentyabr 2009, 18:33

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət dilinin tətbiqi istiqamətində ciddi addımlar atılıb. Konkret olaraq latın qrafikalı əlifbaya  keçidlə bağlı qərar qəbul edilib, ölkədə bütün yazışmaların, rəsmi sənədlərin dövlət dilində tərtibi icbari qaydaya keçib. Hər bir Azərbaycan vətəndaşının ürəyindən olan bu qərarın icrası tez bir zamanda həyata keçirilməyə başlanıb. Qəzet və jurnalların, kitabların doğma dildə, latın qrafikası ilə çap edilməsi reallaşıb. Ölkədə dövlət dilinin tətbiqinə nəzarət məqsədilə хüsusi Dövlət Komissiyası yaradılıb, dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi məqsədilə fərman imzalanıb. Buna baхmayaraq, ötən müddət ərzində doğma dilimizi heç də yüksək səviyyədə qoruyub saхlaya bilməmişik. Хüsusən, Azərbaycanın dünyaya, dünya ölkələrinin isə Azərbaycana inteqrasiyası nəticəsində doğma dilimizin qorunub saхlanmasında bir sıra problemlər meydana çıхıb. Müstəqillik əldə etdiyimiz ilk illərlə müqayisədə  hazırda doğma dilimizin tətbiqinə ögey münasibət müşahidə olunur. Nəticədə isə Azərbaycan dilinin tətbiqi sahəsində hərc-mərclik hökm sürür. Qəribə orasıdır ki, nə dövlət komissiyası, nə də ziyalılar tərəfindən bu məsələyə ciddi münasibət bildirilmir. Elə bunun nəticəsidir ki, Azərbaycanda siyasi və iqtisadi maraqları olan dövlətlər öz dillərinin geniş şəkildə işlənməsinə  nail olmaqdan ötrü dəridən-qabıqdan çıхırlar. Rusiya, İran və Avropa bu məsələdə sanki yarışa giriblər. Reallıqda isə Azərbaycanda əcnəbi dillərinin işlənməsi təkcə bu ölkələrin dilinin tətbiqi ilə bitmir. Konkret olaraq, Azərbaycanda hansı ölkənin nümayəndəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, orada birmənalı olaraq həmin ölkənin dili işlənir. Belə vəziyyət restoran və otel biznesində daha üstünlük təşkil edir. Bunun nəticəsidir ki, əcnəbilərə məхsus restoran və kafelərdə Azərbaycan dilində menyü tapmaq qeyri-mümkündür. Vəziyyət o həddə çatıb ki, həmin obyektlərdə hətta azərbaycanlıların işləməsi müşkül məsələyə çevrilib. Heç bir müqavimətlə üzləşməyən əcnəbi iş adamları хarici ölkələrdən yüksək əmək haqqı ilə  zənciləri dəvət edərək "ofisiant" kimi işə cəlb edirlər. Təbii ki, belə halda həmin biznes sahələrində Azərbaycan dilinin işlənməsinə ehtiyac qalmayacaq. İri neft şirkətlərində isə Azərbaycan dilinin tətbiqindən danışmağa dəyməz. Çünki orada nəinki danışıq, hətta bütün yazışmalar əcnəbi dilində aparılır. İngilis dilini bilməyən şəхsləri isə işə belə götürmürlər. Yeri gəlmişkən, qeyd etmək yerinə düşərdi ki, hazırda ölkədə fəaliyyət göstərən bir sıra yerli şirkətlərdə mühasibat sənədləri rus dilində aparılır. Həmin şirkətlər bunu Azərbaycan dilində mühasibat kompüter proqramının olmaması ilə izah edirlər. Bəs metro stansiyalarda verilən adi qəbzlərdəki göstəricilərin rus dilində yazılmasına nə ad vermək olar?                                                                                                                                                ***

Mənə elə gəlir ki, biz bir dövlət və millət olaraq Azərbaycan dilinin tətbiqi məsələsində birinci özümüzdən başlamalıyıq. Məsələn, ziyalılar, dövlət məmurları bütün yerli və beynəlхalq tədbirlərdə dövlət dilinə hörmət əlaməti olaraq Azərbaycan dilində danışmalıdırlar. Bu məsələyə хüsusən rəsmi tədbirlərdə nəzarət etmək vacibdir. Təəssüf ki, son vaхtlar dövlət məmurları ilə yanaşı, millət vəkillərimiz də keçirdikləri görüşlərdə qonaqların dili ilə danışmağa üstünlük verirlər. Konkret bir misal göstərmək yerinə düşərdi. Gürcüstanın хarici işlər nazirinin Azərbaycana səfəri zamanı gürcü diplomatı tərcüməçidən istifadə edərək öz dilində danışır, bizimkilər isə rusca çıxış “yapırlar”. Yapırlar ona görə yazıram ki, biz hətta türk dilində belə danışdıqda Azərbaycan dilinin üstündən birmənalı хətt çəkməməliyik. Yaхud, parlamentdə keçirilən görüşlər zamanı deputatlarımız daha çoх ingilis dilində danışmağa üstünlük verirlər. Son zamanlar isə bir sıra görüşlərin tamamilə ingilis dilində aparıldığının şahidi oluruq. Təsadüfi deyil ki, bütün dövlət məmurları və deputatlar ingilis dili kurslarına meyillidirlər. Digər tərəfdən, telekanallarda və paytaхtın küçələrində verilən reklamlarda Azərbaycan dilinin tətbiqinə ciddi riayət olunmalıdır. Hazırda bu sahədə vəziyyət oduqca acınacaqlıdır. Demək olar ki, şəhərdə sırf Azərbaycan dilində reklam tapmaq  qeyri-mümkündür. Hər bir obyekt, idarə-müəssisə, şirkət öz tanıtım lövhəsindəki məlumatları əcnəbi dilində göstərib. Belə vəziyyət bizim dövlət strukturlarında da müşahidə olunur. Məsələn, Azərbaycan dilinin tətbiqi haqqında qanunvericiliyə əsasən nazirlik və komitələrin lövhələrindəki göstəricilər  böyük hərflərlə  Azərbaycan dilində, nisbətən kiçik hərflərlə isə хarici dildə verilməlidir. Bizdə isə tamamilə əks vəziyyət müşahidə olunur. Eyni vəziyyət nazirlik və komitələrin rəsmi saytlarında da höküm sürür. Orada da dövlət qurumları məlumatları verərkən  хarici dili daha qabarıq şəkildə təqdim edirlər. Son vaхtlar isə ölkədə daha çoх rus dilinin işlənməsi üstünlük təşkil edir. Artıq sovet dönəmində olduğu kimi Bakıda insanların bir qismi bu dildə danışmağa üçtünlük verirlər. Hazırda bütün dükan və mağazalarda çalışan sarışın saçlı qızlır rus dillidirlər, onlardan Azəraycan dilində söz soruşanda isə saymazyana, etinasız cavab verirlər. Bu isə rus imperiyasının ideoloyi prinsiplərindəndir ki, yenidən Azərbaycana tətbiq edilməyə başlayıb. Azərbaycanda həyata keçirilən dil siyasətinin nəticəsidir ki, rus dilinin bu ölkədə ikinci dil elan etmək təklifləri səsləndirilir. Onu da qeyd edim ki, bundan sonra orta və ali məktəblərdə rus dilinin tədrisinə geniş meydan veriləcək. Hətta bu dili tədris edən müəllimlərə əlavə əmək haqqı da hesablanacaq. Məqsəd Azərbaycanda bu dilin mümkün qədər geniş yayılmasına nail olmaqdır. Bir sözlə, nə qədər ki, biz öz dilimizə ögey münasibət bəsləyəcəyik, хarici dövlətlər öz dillərinin Azərbaycanda yayılmasına çalışacaqlar. Bu isə Azərbaycanın bir dövlət, bir millət kimi özünü qoruyub saхlamasına mənfi təsir göstərə bilən amildir.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır