Modern.az

Vitse-spiker: “Qanunvericiliyimizin Avropa qanunvericiliyinə uyğunlaşdırılması üçün əlimizdən gələni edəcəyik”

Vitse-spiker: “Qanunvericiliyimizin Avropa  qanunvericiliyinə uyğunlaşdırılması üçün əlimizdən gələni edəcəyik”

25 Sentyabr 2009, 18:27

Milli Məclisdə Avropa Birliyinin “Azərbaycan Milli Məclisinə dəstək” tvinninq layihəsinin təqdimatı keçirilib. 950 min avro məbləğində büdcəsi olan layihə 24 ay ərzində həyata keçiriləcək. Modern.az-ın məlumatına görə, mərasimdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, layihə Avropa Birliyi ilə Azərbaycan arasında imzalanan “Avropa qonşuluq siyasəti” planı çərçivəsində həyata keçirilir.

V.Ələsgərov deyib ki, layihənin həyata keçirilməsində Azərbaycan və Avropa Birliyi tərəfdaş kimi Litva Seymini seçib: “Çünki Azərbaycanla Litva arasında geniş əlaqələr mövcuddur. Azərbaycan tvinninq layihəsinə böyük maraq göstərir. Bu layihə Azərbaycanla Avropa arasında əməkdaşlığın yeni mərhələyə keçməsinə şərait yaradacaq”.

Litva Seyminin sədr müavini Çaslovas Srtankeviçus bildirib ki, Litva ilə Azərbaycan arasındakı münasibətlər bu layihə sayəsində daha da inkişaf edəcək.

Vitse-spikerin fikrincə, Azərbaycanın qanunvericilik bazasının təkmilləşdirilməsi üçün layihə çərçivəsində litvalı deputatlar öz təcrübələrindən maksimum istifadə edəcəklər: “Biz düşünürük ki, bu layihənin reallaşması Azərbaycanda parlamentin icra strukturları ilə əlaqələrinin yenidən qurulmasıyla da nəticələnəcək. Litva artıq öz qanunvericiliyini Avropa standartlarına uyğunlaşdıraraq Avropa Birliyinə qəbul olunub. Biz Azərbaycan qanunvericiliyinin də Avropa qanunvericiliyinə uyğunlaşdırılması üçün əlimizdən gələni edəcəyik”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...