Modern.az

Dövlət Dəstəyi Şurası ilə Dövlət Dəstəyi Fondunun ofis problemi qalmaqdadır

Dövlət Dəstəyi Şurası ilə Dövlət Dəstəyi Fondunun ofis problemi qalmaqdadır

19 Noyabr 2009, 14:24

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılan zaman hər iki qurumun ofis məsələsi prioritet götürülmüşdü. Ancaq hələ ki, bu qurumların heç birinə ofis verilməyib.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin Modern.az saytına verdiyi məlumata görə, indiyədək aidiyyatı qurumlar tərəfindən onlara bir neçə ofis təklif edilib: «Bizə ilkin olaraq üç yerdə ofis təklif edilib. Mən həmin ofislərə baxmışam, amma heç biri xoşuma gəlməyib. Elə yerdə ofislər təklif edilmişdi ki, onların təmirinə külli miqdarda vəsait lazım idi. Hələ ki, icarə əsasında olan ofisimizdə hər bir şəraitimiz var. İcarə pulu dövlət tərfindən ödənilir. Əgər münasib yerdə və yaxşı şəraiti olan oifis təklif edilsə, biz ora köçəcəyik». V.Səfərli deyib ki, yaxın gələcəkdə Fonda ofis veriləcəyinə ümid edirlər.

V.Səfərli bu sahədə adiyyatı qurumların iş apardığını qeyd edib. O, qurumun özünün ofisinin olmasının vacibliyini deyərək Nazirlər Kabinetinin bununla bağlı göstəriş verdiyinin də söyləyib.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov da Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Şuraya bir neçə ofisin təklif edildiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı iş aparılır: «Bizə indiyədək bir neçə ofis təklif edilib. Şura rəhbərliyi həmin ofislərin hamısına baxış keçirərək birinin üzərində dayanmışdı. Həmin bina keçmiş Karl Marks heyəklinin yaxınlığında yerləşirdi. Lakin bu bina Təhsil Nazirliyinin balansında olduğu üçün onun Şuranın tabeliyinə keçirilməsi mükün olmadı. Bu gün də Şuraya özəl ofisin verilməsilə bağlı iş davam etdirilir. Yəqin ki, münasib yer olduğu zaman bizə təklif ediləcək».

F.Qurbanov qeyd edib ki, dövlət tərəfindən şuraya xüsusi qayğı göstərilir: “Bizim təşkilatın yaxşı şəraitli ofisdə fəaliyyət göstərməsi dövlətin də marağındadır. Normal şəraiti olan ofislər çox azdır. Ümidvarıq ki, yaxın vaxtlarda bu problem həll olunacaq».

 

Günay Musayeva
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...