Modern.az

Bəzi köçkünlər yeni şəhərciyə köçməkdən imtina edirlər

Bəzi köçkünlər yeni şəhərciyə köçməkdən imtina edirlər

28 Sentyabr 2009, 16:22

"ŞƏRQ"İN REPORTYOR QRUPU ARAŞDIRMALARINI DAVAM ETDİRİR

Modern.az saytı xəbər verir ki, "Şərq" qəzeti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti hesabına həyata keçirdiyi "Qaçqın və məcburi köçkünlərin problemlərinin öyrənilməsi və işıqlandırılması" layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində qəzetin əməkdaşları Sabirabad, Saatlı və İmişli rayonlarında məcburi köçkünlərin məskunlaşdığı şəhərciklərə səfər edərək onların problemləri ilə maraqlanıb. "Şərq"in reportyor qrupunun növbəti ünvanı Saatlı rayonundakı  Əli Soltanlı kəndinin fin şəhərciyi olub. «Dövlətqaçqınkom»un Saatlı rayonu üzrə nümayəndəsi Eldar Əsədov jurnalistlərə bildirib ki, bu qəsəbədə 357 ailə, 1325 nəfər qeydiyyatdadır. Hazırda isə burada məskunlaşan köçkünlərin Cəbr-Mahmudlu kəndində inşa olunan yeni şəhərciyə köçürülmə prosesi gedir. Araşdırmalar nəticəsində isə aydın olub ki, bəzi ailələr həmin şəhərciyə köçməkdən imtina edirlər. Səbəb isə Əli Soltalnı kəndinin rayon mərkəzinə daha yaxın ərazidə yerləşməsidir. Xeyli problemləri olan köçkünlər hesab edirlər ki, yeni salınmış şəhərciyə köçməklə yeni və ciddi probelmlə üzləşəcəklər. Çünki yeni qəsəbə rayon mərkəzindən kənardadır və gediş-gəliş üçün əlverişli şərait yoxdur. Qəzetin sabahkı sayında bu qəsəbədə yaşayan narazı sakinlərin fikirləri və üzləşdikləri ciddi problemlər işıq üzü görəcək. 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu