Modern.az

Bakıdakı optika mağazalarında ciddi nöqsanlar aşkarlanıb

Bakıdakı optika mağazalarında ciddi nöqsanlar aşkarlanıb

30 Sentyabr 2009, 11:32

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) optik ləvazimatların satışı ilə məşğul olan apteklərdə yoxlamalar aparır. Məqsəd optika bazarındakı real vəziyyəti öyrənməklə yanaşı, həm də bu işlə məşğul olan hüquqi və fiziki şəxsləri müvafiq qayda, qanun və tələblərlə yaxından tanış etməkdir.  Modern.az-a verilən məlumata görə,

adı çəkilən mərkəz

bu yaxınlarda təkcə paytaxtın Xətai rayonunda 25 optika mağazasına baxış keçirilib. Nəticələr ürəkaçan deyil.

Səhiyyə Nazirliyinin tələblərinə əsasən, optika mağazası ayrıca binada və yaxud qeyri-yaşayış sahəsində təşkil oluna bilər. Optika mağazası müalicə-profilaktika və ya başqa təyinatlı müəssisənin strukturunda yerləşdiyi təqdirdə onun girişi ayrı olmalıdır. Optik malların realizasiya sahəsinin isə 15 kvadratmetrdən az olmaması

nəzərdə tutulur. Sözügedən tələblərdə optik ləvazimatların satışı ilə kimlərin məşğul ola biləcəyi məsələsinə də konkret aydınlıq gətirilir. Belə ki, eynək optikası və kontakt linzalarının satışı ilə optik, həkim-oftalmoloq ixtisası olan, yaxud bu sahədə əmək stajı 3 ildən az olmayan mütəxəssislər məşğul olmalıdırlar.

DVAEM-in reydləri zamanı məlum olub ki, Xətai rayonundakı optik ləvazimatların satışı ilə məşğul olan 25 obyektdən 23-ü müxtəlif apteklərin, 1-i geyim mağazasının içərisində, 1-i isə metronun keçidində fəaliyyət göstərir. Acınacaqlı haldır ki, 25 obyektdən 24-ü şərait baxımından "Optika mağazasına olan tələblər"ə cavab vermir. Onların nəinki ayrıca giriş qapısı, heç optik ləvazimatları yerləşdirmək üçün tələblərə uyğun vitrinləri də yoxdur. Bu obyektlər 15 yox, ən yaxşı halda cəmisi 4-5 kvadratmetr sahədə yerləşir. O da məlum olub ki, həmin obyektlərdə optik ləvazimatların alqı-satqısı küçə ticarəti formasında həyata keçirilir. Bu işlə məşğul olan sahibkarların böyük əksəriyyəti həmin ləvazimatları heç bir sertifikat tələb etmədən müxtəlif yarmarkalardan, ticarət obyektlərindən alır və əhaliyə satırlar. Reydlər zamanı aydınlaşıb ki, 6 mağazada satıcılar ümumiyyətlə tibb işçisi deyil. Daha 5 obyektdə isə isə satıcıların nəinki hər hansı ali, heç orta ixtisas təhsili də yoxdur. Digər 11 obyektdə satıcılar ixtisasca tibb işçisi olsalar da, Bakı 2 saylı Baza Tibb Məktəbində təşkil olunmuş optika kurslarında iştirak etməyiblər. Bir sözlə, 25 optika mağazasından cəmisi 2-də satıcıların bu işlə məşğul olmağa hüququ olub.

Ümumilikdə isə monitorinq keçirilən 25 obyektdən yalnız 1-i şərait baxımından "Optika mağazasına olan tələblər"ə cavab verir. Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi optik ləvazimatların satışı ilə məşğul olan obyektlərdə monitorinqi davam etdirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır