Modern.az

Azərbaycanda qadın sürücülər çoxalır

Azərbaycanda qadın sürücülər çoxalır

Ölkə

1 Oktyabr 2009, 13:53

Qadınların sükan arxasında əyləşməsinə hələ də birmənalı yanaşma yoxdur. Bəzi kişilər iddia edirlər ki, avtomobil sürmək və onu təhlükəsiz idarə etmək yalnız güclü cinsin nümayəndələrinə məxsusdur, qadınların sükan arxasında oturması isə təhlükəlidir. Amma zaman ötdükcə belə iddialarda olanların sayı azalmaqda, zərif cins isə avtomobil aləmində öz yerini tutmaqdadır. İlk yol qəzasına qadın səbəb olub

Bəlkə də çoxlarının xəbəri yoxdur ki, dünyada ilk dəfə yol hərəkəti qaydasının pozulması nəticəsində avtomobil qəzası məhz qadının iştirakı ilə baş verib. 1896-cı il avqustun 17-də London yaxınlığında Brigitta Driskols adlı qadın öz qızı ilə kilsəyə gedərkən qəzaya uğrayıb. Başı söhbətə qarışan ana-bala dairəvi yolu keçdikləri zaman üzərində «Ehtiyatlı olun, atsız hərəkət edən nəqliyyat vasitələri!» sözləri yazılmış xəbərdarlıq nişanını diqqətdən qaçırırlar. Həmin anda yolda benzin mühərrikli üç avtomobil ötüşürmüş. Xanım Driskols yalnız yolun ortasına çatanda heç vaxt görmədiyi özüyeriyən arabanın yüksək sürətlə ona doğru irəlilədiyini görüb. Qadın əlindəki çətiri irəli verib nəqliyyat vasitəsini özündən kənara itələmək istəsə də, avtomobil onu vurub. O zaman hadisəni araşdıran məhkəmə yol-nəqliyyat hadisəsilə bağlı ilk tarixi qərar çıxarıb: «Xanım Driskols öz diqqətsizliyi ucbatından yol hərəkəti hadisəsinin qurbanı olub».

Kişi və qadın sürücülər arasındakı fərqlər

                                          

İndi ən geridəqalmış ölkədə belə, qadınların avtomobil sürməsi təəcüblə qarşılanmır. Müşahidələr göstərir ki, qadınlar avtomobili kişilərdən heç də pis idarə etmirlər. Amma qadınların maşın sürmə tərzi kişilərlə müqayisədə bir qədər fərqlidir. Mütəxəssislər bildirirlər ki, kişilər qəzaların çoxunu ehtiyatsızlıq üzündən, özlərinin və avtomobilin imkanlarını qədərindən artıq qiymətləndirmələri ucbatından, yaxud da yol hərəkəti qaydalarına riayət etməmələri səbəbindən törədirlər. Qadınlarda isə qəzaların səbəbi çox vaxt həddən artıq ehtiyatlılıq, xırdaçılıq, öz imkanlarını aşağı qiymətləndirmə və təcrübə çatışmazlığından ibarət olur. Bəzən qorxu hissi qadını elə situasiyalarda əyləci basmağa məcbur edir ki, həmin vəziyyətlərdə yol qəzasından yayınmaq üçün sürəti artırmaq tələb olunur. Kişilər avtomobillə hərəkət edərkən özlərini qadınlara nisbətən daha aqressiv aparırlar. Qadınlar isə yolda daha səliqəli davranmağa çalışırlar. Tədqiqatlar göstərir ki, qadınlar özlərinin və uşaqlarının həyatına görə məsuliyyət daşıdıqlarını bir an belə unutmur və buna görə də yolda heç vaxt riskə yol verməməyə çalışırlar. Qadın sürücülərin digər özünəməxsus cəhəti onların avtomobili aşağı sürətlə idarə etmələridir. Məsələn, onlar kişi sürücülərin 80-100 km/saat sürətlə şütüdükləri yerlərdə avtomobili 60 km/saat sürətlə idarə edirlər.

Qadın avtomobilləri

Avtomobilqayırma tarixində bir çox maraqlı hadisələrə təsadüf edilir ki, onlardan biri də qadınlar üçün şəxsi minik maşının istehsalı ilə bağdlıdır. Qadınların avtomobil idarə etməsi XX əsrin əvvəllərindən başlayır. O zaman Fransada istehsal olunan maşınlar kişilərlə bərabər qadınların da maraq dairəsinə düşüb. II Dünya Müharibəsindən sonra Almaniyanın «Volkswagen» şirkəti də qadınlar üçün avtomobil istehsalına başlayıb. Sırf qadın avtomobilinin buraxılması isə ötən əsrin 50-ci illərinə təsadüf edir. Almaniyanın «Borqvard» şirkəti 1957-ci ildə «Isabella Coupe» modelli asan idarə oluna bilən qadın avtomobili istehsal edib. Artıq bu gün dünyanın istənilən aparıcı avtomobil firması qadın avtomobilləri istehsal edir. Məsələn, «Volkswagen Polo», «Volkswagen Golf», «Opel Tigra», «Renault Twigo», «Suzuki Vitara», «Fiat Punto», «Peugeot 206» markalı maşınlar ən məşhur qadın avtomobilləri sayılır.

Qadınların marağının ənənəvi ucuz və kiçik avtomobillərdən daha sanballı modellərə doğru yönəlməsi avtomobil istehsalçıları üçün böyük əhəmiyyət kəsb edir. Çox güman ki, bu proses gələcəkdə də davam edəcək.

Azərbaycanlı xanım sürücülər

Bu gün Azərbaycanda da çox sayda qadın sürücü sükan arxasına əyləşir. «Nissan Tida» markalı maşının sahibi İradə Mirzəyeva deyir ki, o, avtomobili şəxsi işi ilə əlaqədar almağa məcbur olub. Çünki ictimai nəqliyyatdan istifadə etmək vaxt baxımından ona sərfəli olmayıb. İki ildən çoxdur şəxsi nəqliyyatdan istifadə edən İradə xanım yollardakı tıxaclardan təngə gəldiyini söyləyir. Digər sürücü həmkarlarının və yol polislərinin davranışlarına öyrəşdiyini deyən müsahibimiz bircə tıxaca düçar olmamağı arzulayır.  

«Hərdən kişi sürücülər bizə sataşır» Üç ildən çoxdur «Hyundai Accent» markalı avtomobil idarə edən Xumar Quliyeva sürücülükdən zövq aldığını deyir. Onda avtomobilə qarşı xüsusi maraq və sevgi formalaşıb. X.Quliyeva yollardakı tıxaclardan, avtoxuliqanlardan və səriştəsiz sürücülərdən narazıdır. Deyir ki, bəzən kişi sürücülər qadın sürücünü gördükdə, qəsdən onların yoluna çıxır, səs siqnalı verir, avtoxuliqanlar isə başqa cür maneçiliklər törədirlər: «Dəfələrlə xoşagəlməz hallarla rastlaşmışam. Bir dəfə şəhərkənarı yolda avtoxuliqanlardan biri mənim maşınımı ötən kimi qarşımda yüz oyundan çıxıb əsəblərimlə oynamağa başladı. Gah öz avtomobilini iki təkəri üzərinə qaldırır, gah da yolun sağına və soluna çıxmaqla, sürəti artırıb-azaltmaqla məni çaşdırmağa çalışırdı. Başa düşürdüm ki, xanım oldluğuma görə bele edir. Onun nömrəsini yadda saxlayıb yol polisinə verdim, amma sonradan öyrəndimm ki, vəzifəli bir şəxsin övladı olduğuna görə cəzalandırmayıblar». 

Azərbaycanda qadın sürücülər arasında müxtəlif səlahiyyət sahibləri var, onlar arasında tanınmış simalar da az deyil. Bu sırada deputatlar, müğənnilər, iş adamları, dövlət qulluqçuları az deyil.

Apardığımız sorğular nəticəsində məlum olub ki, azərbaycanlı xanımlar daha çox qırmızı, qara, gümüşü, ağ rəngli avtomobillərə üstünlük verirlər. Onlar üçün ən vacib amil avtomobil salonunun rahat olmasıdır.  

Qadınlar yüngül, kişilər ağır qəzalar törədirlər Statistikaya görə, Azərbaycanda qadın sürücülər xırda qəza və yol pozuntusu hallarına kişilərə nisbətən daha çox yol versələr də, ağır yol-nəqliyyat hadisələrini daha az törədirlər.

DİN Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumatda bildirilir ki, Azərbaycanda qadın sürücülər daha çox yüngül toqquşmalara düşürlər. Ağır qəzalarda hələ də kişilər liderlik edirlər. Kişi sürücülər ən çox sürət həddini aşmağa və ötmə qaydalarını pozmağa meyllidirlər. Qadınlar isə manevr və sıranı dəyişərkən xətaya yol verirlər. Təssüf ki, bəzi hallarda avtomobili sərxoş vəziyyətdə idarə edən qadın sürücülərə də rast gəlmək olur.

Bəzi qadınlar sükan arxasında sərxoş vəziyyətdə yaxalanırlar 

2008-ci ildə 1000-ə yaxın qadın sürücü yol-hərəkəti qaydalarının kobud şəkkildə pozulmasına görə cəzalandırılıb. Onlardan 11 nəfəri sürücülük hüququndan birdəfəlik məhrum edilib. Yol polisi bəzən sükan arxasında sərxoş vəziyyətdə əyləşən qadın sürücülərlə də rastlaşır. Ötən il 50-dən çox sərxoş xanım sürücü saxlanılıb. Onlardan bəziləri  bu qayda pozuntusuna  təkrar yol verdiyinə görə 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidmətinin əməkdaşları bizimlə söhbətdə bildiriblər ki, bəzən qadın sürücülər arasında yol hərəkəti qaydalarına bilərəkdən əməl etməyənlərə də rast gəlinir ki, bu sırada sənətçi xanımlar öndə gedir. Bu isə onların  məşhur olmalaırndan, tanınmalarından sui-istifadə etmələri deməkdir. Yol polisləri deyirlər ki, onlar xanım sürücülərlə mümkün qədər mülayim davranmağa çalışırlar, bir çox hallarda isə qarşı tərəf bundan sui-istifadə edir. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, hazırda respublika üzrə 800 mindən çox avtomobil qeydiyyatdadır. Sürücülük vəsiqəsinə malik olanların sayı isə 1 milyon nəfərdən çoxdur. İdarə 2008-ci ildə respublika üzrə vətəndaşlara 133733 sürücülük vəsiqəsi verib. Onlardan 6 min nəfəri qadın olub.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov Modern.az saytına bildirib ki, təkcə 2009-ci ilin altı ayı ərzində təxminən 30 min nəfərə yaxın vətəndaşa sürücülük vəsiqəsi verilib. Onların bir qismi qadınlardır. Ə.Məcidovun sözlərinə görə, sürücülük vəsiqəsi alan qadınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Bununla belə müsahibimiz sürücülük vəsiqəsi alan qadınların sayı ilə bağlı dəqiq rəqəm söyləməyib. Adəm  

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...