Modern.az

Prezident üç əkiz uşaq dünyaya gətirən anaya mənzil bağışlayıb

Prezident üç əkiz uşaq dünyaya gətirən anaya mənzil bağışlayıb

2 Oktyabr 2009, 16:38

Sumqayıt şəhər sakini, cari ilin fevral ayında üç uşaq dünyaya gətirmiş Xavər Məmmədovaya Prezident İlham Əliyev tərəfindən Sumqayıt şəhərinin mərkəzində 3 otaqlı mənzil hədiyyə olunub.
Modern.az saytı xəbər verir ki, bununla əlaqədar Sumqayıt şəhər İcra hakimiyyətində Məmmədovlar ailəsini qəbul edən şəhər rəhbəri Vaqif Əliyev yeni mənzilin orderini və açarlarını gənc ailəyə təqdim edib.
Yeni mənzil sahibi olan Xavər Məmmədova yaşayış şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsi məqsədilə ötən günlərdə Prezidentə müraciət etdiyini və çox qısa vaxt ərzində dövlət başçısının birbaşa tapşırığı ilə müraciətinin müsbət cavablandırıldığını bildirib: “Bu ilin əvvəlində üç uşağım dünyaya gəldikdən sonra hazırda yaşadığımız yataqxana otağında çox çətinlik çəkirdik. Bununla əlaqədar cənab Prezidentə müraciət etdim və yaşayış şəraitimizin yaxşılaşdırılması üçün köməklik göstərilməsini xahiş etdim. Mən inanırdım ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev bizim müraciəti diqqətdən kənarda qoymayacaq və çox keçmədi ki, bizim ailəyə dövlət başçımız tərəfindən yeni mənzilin hədiyyə olunması xəbərini aldıq. Bizim sevincimizin həddi-hüdudu yoxdur. Mən cənab Prezidentə, onun xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm, onlara cansağlığı arzulayıram”.
Görüşün sonunda yeni mənzilin açarları gənc ailəyə təqdim olunub. Üç otaqlı mənzil şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşir. Qeyd edək ki, ötən il də Sumqayıt şəhərində üç uşağı dünyaya gəlmiş Umudovlar ailəsinə Prezident İlham Əliyev tərəfindən mənzil hədiyyə edilmişdi.

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi