Modern.az

Oruc “xaosu”

Oruc “xaosu”

1 Sentyabr 2009, 11:46

Azərbaycan toplumunda  yayğınlaşan tendensiyalardan biri də Ramazan ayında oruc tutan insanların sayının ilbəil artmasıdır. Daha böyük sürətlə yayılan kütləşmənin yanında Allaha xoş gedən əməlin - nəfsini cilovlaya bilən insanların sayının çoxalması əlbəttə yaxşı haldır. Amma son dövrlər Ramazanda gülməli (bəlkə də ağlamalı) bir tendensiya muşahidə olunur. Bu da imsak və iftar saatları ilə baglı fərqli təqvimlərin yayılmasıdır.

Uşaqlıqdan yadımdadır, qarı-qoca oruc tutanda nə təqvim axtarar, nə saata baxardılar. Onlar üçün Orucluğun ilk qaynağından gələn bir qayda vardı: hava işıqlaşmamış yeməyi bitirmək. İmsak və iftar vaxtını müəyyənləşdirən bir metod da vardı. Ağ sapla qara sapın bir-birindən seçilməsi məsələsi...

Müsəlmanlar bu ənənələr əsasında yüz illəri aşıb orucu XXI əsrə daşıdılar.  Lakin indi – informasiya əsrində bu ənənələri əvəzləyən metodlar ortaya çıxıb ki, xoş niyyətlə bir aylıq yola çıxan insanlarda çaşqınlıq yaradır. Təsəvvür edin, bir metro stansiyasının qarşısında sənə bir neçə cür Ramazan təqvimi verirlər. Hərəsindəki saatlar da bir-birindən fərqli. Birini Qafqaz Müsəlmanları İdarəsi buraxıb, birini paytaxtdakı hansısa məscid, birini Türkiyə Diyanet İşləri Vəqfi, birini də İran mollaları...

Bu nizamsızlığın yaratdığı intizamsızlığı bazar günü Gülüstan sarayında Türkiyənin Zəfər bayramında gördüm. İftar vaxtı oruclu insanların bir qismi yemək masalarına yaxınlaşanda, bir qismi də saatlarına baxıb yanındakılara “Hələ iftara 5-10 dəqiqə  var, bunlar niyə tələsiblər?” deyirdilər.

Orucun özəlliklərindən və gözəlliklərindən biri də insanların bərabərləşməsidir. Amma təqvimlərin ortaya çıxardığı belə mənzərələr oruc tutanlar arasında bərabərliyin pozulmasına səbəb olur. İstənilən bir kollektivdə oruc tutanların yarısı bir vaxtda, yarısı ayrı vaxtda iftara oturursa, bunun harası müsəlman bərabərliyi oldu?

Bir ilahiyyatçının fikrincə Azərbaycanda dindar kəsimlərin böyük bir hissəsi Qafqaz Müsəlmanları İdarəsini (QMİ) qəbul etmədiyindən belə müxtəliflik və çaşqınlıq yaranır.

QMİ-nin cəmiyyətdəki nüfuzunun dərəcəsini  müzakirə etməkdən uzağam. Amma tək Ramazan təqvimlərindəki bu “xaos” QMİ-nin zəifliyinə bir işarədir. Axı necə olur ki, QMİ-nin əhatə dairəsində olan Bakıda başqa dövlətlərin, lap elə qardaş Türkiyənin dini idarəsinin təqvimi paylanır? QMİ-nin Ramazan təqviminin İstanbulda və ya Tehran küçələrində camaata paylanmasını təsəvvür edirsinizmi?

Adama nə deyərlər və nə edərlər...   

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir