Modern.az

Övladlığa uşaq növbəsində...

Övladlığa uşaq növbəsində...

14 Oktyabr 2009, 14:34

BU ILİN ALTI AYINDA ÜÇ YAŞINADƏK 7 UŞAQ ÖVLADLIĞA VERİLİB 

“Özgənin uşağına atalıq eləmək? Bunu heç cür qəbul eləyə bilmərəm!” Yazımın qəhrəmanı Zülfiyyənin həyat yoldaşı onun qəyyumluğa övlad götürmək istəyinə məhz belə reaksiya verib. 14 il öncə ailə quran müsahibimə analıq zirvəsinə ucalmaq nəsib olmayıb. Lakin o, nə vaxtsa bətnində doğma körpəsini gəzdirəcəyinə inamını itirməyib. İllər beləcə ötüb... “Ana olmaq ümidimi itirmirdim, düz 14 il sonsuzluqla mübarizə apardım. Bəlkə də bu illər ərzində müraciət eləmədiyim həkim qalmayıb. Türkəçarələrə də əl atdım, xeyri olmadı”. Uşaq sahibi olmaq eşqi ilə yaşayan qadın xeyli düşündükdən sonra kimsəsiz bir körpəni övladlığa götürmək qərarını verir. Öncə həyat yoldaşının təpkisi ilə üzləşsə də, sonradan ana olmaq arzusu bütün mübahisələrə son qoyur. Amma... 

Analizlər gələcək valideynlərə baha oturub

Elə əsl problemlər də valideyn olmaq istəyən ailənin bu qərarından sonra başlayır. Atılmış bir körpəyə qucaq açmaq istəyən bu ailə “hardan başlamalı”, “necə etməli” kimi suallarla üzləşir. Məlum olur ki, övladlığa övlad götürmək heç də düşünüldüyü kimi asan deyil: “Maraqlanıb öyrəndik ki, hər rayon üzrə İcra Hakimiyyətinin qəyyumluq orqanı var və ora müraciət etmək lazımdır. Yoldaşımla Sabunçu rayon İcra Hakimiyyətinin qəyyumluq orqanına getdik. Bizə dedilər ki, sağlamlıq haqqında, həyat yoldaşımın iş yerindən arayış almalıyıq. Mənzil təsərrüfat idarəsindən evimizin olmasını təsdiq edən sənəd də əldə eləməliyik. Həbsdə olub-olmadığımızla bağlı da arayış istədilər. Bir də dedilər ki, iş yerindən alınan arayışda yoldaşımın aylıq məvacibi göstərilməlidir. Tələb olunan bütün sənədləri hazırlayıb, yenidən idarəyə yollandıq. Dedilər ki, gözləyin”. Zülfiyyənin sözlərinə görə, sağlamlıq haqqında arayış almaq ər-arvada baha başa gəlib: “Hepatit, QİÇS, sifilis kimi bütün infeksion xəstəliklərlə bağlı analizlər verdik. Baxmayaraq ki, dövlət klinikaları pulsuz fəaliyyət göstərməlidir, inanın ki, bu analizlərə nə qədər xərcimiz çıxdı. Başa düşmürəm, guya bütün valideynlər tam sağlamdırlar ki?”

“Qonşularımı da sorğu-sual ediblər”

Həmsöhbətim deyir ki, bir neçə gündən sonra müvafiq idarələrdən nümayəndələr gəlib, onların ailəsiylə yaxından tanış olublar: “Evimizə baxdılar, şəraitimizlə maraqlandılar. Hətta bizimlə birgə yaşayan qaynanamı da sorğu-suala tutdular ki,  övladlığa götürəcəyimiz uşağı öz nəvəsi kimi qəbul edəcəkmi, ona öz sevgisini, qayğısını verə biləcəkmi və s. Müxtəlif suallar verdilər. Biz Bakının qəsəbəsində həyət evində oluruq. Sonradan bildik ki, həmin nümayəndələr qapı qonşularımızla də görüşüb, ailəmiz haqda onlardan məlumat alıblar. Ən çox da maraqlanıblar ki, ailəmizdə əmin-amanlıq hökm sürür, ya yox?”.

Qeyd edək ki, 1 aydan 3 yaşınadək olan körpələr övladlığa Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evindən verilir. Bu evdən yazımın qəhrəmanına deyiblər ki, bütün sənədlər qaydasındadır, övladlığa körpə götürmək üçün heç bir problem yoxdur. Amma... 4 il gözləmək lazımdır...

Nə qədər ailə növbədədir?

Təbii ki, tezliklə körpəsini qucağına alacağını xəyal edən bir gənc qadın üçün 4 il gözləməyin nə dərəcədə ağır olduğunu təsəvvür eləmək çətin deyil.

Maraqlıdır, yəni Azərbaycanda kimsəsiz uşaqlara yiyə durmaq istəyənlər bu qədər çoxdur ki, 4 il növbə tutmaq lazımdır? İnkişaf etmiş Avropa ölkələri ilə müqayisədə bizdə yad bir körpəni övladlığa götürüb, ona ana, ata qayğısı göstərmək, doğma balası kimi boya-başa çatdırmaq istəyən ailələrin azlıq təşkil etdiyi heç kimə sirr deyil. İllərlə övlad üzünə həsrət qalan ailələr atılmış bir günahsız körpəni övladlığa götürməkdənsə, ailə dağıtmağı daha üstün tuturlar. “Nə bilirəm, kimin qanını daşıyır?” – deyənlərə cəmiyyətimizdə o qədər rast gəlmişik ki...

Ötən il 4000 nəfər uşaq “payı” istəyib 

Milli Məclisin sosial siyasət daimi komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, övladlığa verilmə məsələsilə bağlı qanuna sonuncu dəyişiklik Milli Məclisin 2006-cı il oktyabrın 20-də keçirilən iclasında edilib. 2008-ci ilin noyabrında Azərbaycanda 4000 nəfər övladlığa və qəyyumluğa uşaq götürmək istəyib. Komissiya sədri deyir ki, Azərbaycanda qurulan ailələrin 11 faizinin taleyi boşanma ilə nəticələnir. Onlardan da 50 faizi sonsuzluq səbəbindən ailəsini dağıdır.  Bu səbəbdən də Milli Məclisdə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə süni mayalanma, surroqat ana (embrionun başqa bədəndə inkişaf etdirilməsi) ilə bağlı maddələr salınıb. Bu qanun layihəsi artıq bir neçə dəfə parlament iclasında müzakirəyə çıxarılıb və ciddi müzakirələr səbəb olub.

6 aya 7 uşaq övladlığa verilib

Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsindən Modern.az-a verilən məlumata görə, paytaxtda yerləşən 1 saylı Körpələr evində 2009-cu ilin yanvar ayına kimi 1 ay - 3 yaş arası  36 uşaq qeydiyyatda olub. 2009-cu ilin 6 ay ərzində 7 uşaq övladlığa verilib. Uşaqlara (onlardan 6-sı müxtəlif qusurludur) ana nəvazişi göstərilməklə yanaşı yaş səviyəsinə uyğun məşğələlər keçirilir. “Nəyə görə, 6 ay ərzində cəmi 7 uşaq övladlığa verilib?” sualına isə konkret cavab ala bilmədik. 

“Övladlıq və qəyyumluq proseduru tam şəffaf deyil”

Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev bizimlə söhbətində dedi ki, Azərbaycanda övladlığa və qəyyumluğa götürülmə proseduru çox vaxt aparır və tam şəffaf deyil: “Əgər prosedur qaydaları sadələşdirilsəydi, çox uşaq ailələrə gedə bilərdi. Axı uşaq böyütmək çox xoş niyyətdir, bunun baş tutmasına yardım göstərmək lazımdır. Təhsil Nazirliyinin son monitorinqinə əsasən, ölkədə uşaq müəssisələrində 3 yaşdan yuxarı 15 min uşaq saxlanılır. Onların əksəriyyəti valideyni olan sayılır və buna görə də ailələrə verilmir. Uşaq müəssisələrinin əsasnaməsinə görə, valideyn 6 ay ərzində uşaqla görüşmürsə, onda onu valideynlik hüququndan məhrum edə bilərlər. Ona görə də valideynlər 5 aydan bir gəlib uşaqlarına baş çəkirlər. Halbuki, bu uşaqlar ildə bir neçə dəfə valideyninin üzünü görürlər. Onlar faktiki olaraq valideyn nəvazişi və qayğısından məhrumdurlar. Onları da müəyyənləşdirib himayədar ailələrə yönləndirmək daha yaxşı olardı”.

“Uşaqların müdafiə sistemi zəifdir”

N.Quliyev deyir ki, bu prosedurun bir çətinliyi övladlığa verilməyə hazır olan uşaqlarla bağlı yetkin məlumat bazasının olmamasındadır: “Təbii,  bu uşaqların adları gizli saxlanmalıdır. Amma körpələrin yaşı, cinsi, çəkisi və boyu haqqında informasiya verilə bilər”. Nazir Quliyev bu məsələdə digər çətinlik kimi övladlığa verilən uşaqların müdafiə sisteminin zəif olmasını göstərir: “Heç cür zəmanət vermək olmur ki, sonradan bu uşaqların əməyi istismar olunmayacaq, onlar zorakılıqla üzləşməyəcək. Amma bunu müəyyənləşdirmək komissiyaların imkanları xaricindədir. Proseduru təkmilləşdirmək və şəffaflığa nail olmaqla övladlığa verilən uşaqların müdafiə sistemini də gücləndirmək olar”.

Prosesi tezləşdirmək üçün nə etməli?

“Ən yaxşı körpələr evi ailəni əvəz edə biməz” deyən klinika rəhbəri təklif edir ki, bu məsələ ilə bağlı maarifləndirmə işlərini gücləndirmək, həm də uşaq övladlığa götürmək istəyən ailələr üçün müəyyən güzəştlər təyin olunmalıdır: “Bir uşağın müəssisədə saxlanmasına dövlət xeyli pul ayırır. Əgər özünə övlad götürən ailələr üçün bəzi güzəştlər olsa, ailələrdə də həvəs çoxalar. Düzdür, deyirlər ki, bu, bəzi sui-istifadəyə yol aça bilər. Yaxşı işlək və nəzarət mexanizmi olsa, bu problemi də həll etmək olar”. Nazir Quliyev düşünür ki, prosesi sadələşdirmək və tezləşdirmək üçün tibb müəssisələri ilə övladlığa uşaq verən xidmətlər arasında güclü əlaqə olmalıdır. Övlad götürmək istəyən ailələr haqqında məlumat dərhal tibb müəssisələrinə daxil olmalıdır. Deyəsən, bu gedişlə ana olmağa tələsən yazımım qəhrəmanı Zülfiyyənin 4 il gözləməkdən başqa çarəsi qalmır...

Ülviyyə

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!