Modern.az

Uşaq Nevroloji Xəstəxanasında xəstələri necə «soyurlar»?

Uşaq Nevroloji Xəstəxanasında xəstələri necə «soyurlar»?

19 Oktyabr 2009, 17:43

Son illər Azərbaycanda 16 yaşadək uşaqlar arasında sinir sistemi xəstəliklərindən müalicə olunanların sayının kəskin şəkildə artdığı müşahidə olunur. Təsadüfi deyil ki, rəsmi statistikada da 16 yaşadək uşaqlar arasında əlilliyin strukturunda əsəb sistemi (31,6 %) və ruhi xəstəliklər (12,6 %) ilk yerləri tütur.

Səhiyyənin digər sektorlarında olduğu kimi nevroloji xəstəliklərin müalicəsi sahəsində də xoşagəlməz hallar mövcuddur. Qeyd edək ki, həm region əhalisi, həm də paytaxt sakinlərinin nevroloji xəstəliklərin müalicəsi məqsədilə müraciət etdikləri əsas tibb müəssisələri Bakıda yerləşir.

Uşaq Nevroloji Xəstəxanasında xəstə bolluğu

Səhiyyə Nazirliyindən əldə etdiyimiz məlumata görə, son bir ildə qeydə alınan nevroloji xəstələrin 68 faizinin uşaqlar, 3,9 faizinin isə yeniyetmələr  təşkil edir. Buna inanmaq üçün uzağa deyil, Bakıda yerləşən Uşaq Nevroloji Xəstəxanasına gedib baxmaq kifayətdir. Səhər saatlarından Uşaq Nevroloji Xəstəxanasının zirzəmidə yerləşın məsləhətxanasında adam əlindən tərpənmək olmur. Valideynlər dar dəhlizin hər iki tərəfində divar boyu yığılıb gözləyirlər. İçəridə nəfəs almaq mümkün deyil. Xəstə uşaqlarıb valideynləri deyirlər ki, qışın soyuğunda da, yayın istisində də hər gün Uşaq Nevroloji Xəstəxanasının məsləhətxanası belə basabas olur. Burda növbəyə yazılmaq üçün səhər obaşdan gəlmək lazımdır. Hətta həkimin qəbuluna düşmək üçün gecəni burda keçirənlər də olur.

Nevroloji xəstəliklər artıb Mütəxəssis İlqar Mirzəyev Modern.az-a bildirib ki, nevroloji xəstəliklərin dinamikasına nəzər saldıqda, göstəricilər narahatlıq doğurmaya bilməz: “Bu, uşaq və yeniyetmələr arasında dispanserizasiyanın zəif aparılması, nevropatoloqların hiperdiaqnostikası, doğum evləri və qadın məsləhətxanalarında patronaj xidmətinin aşağı səviyyəsindən irəli gəlir. Belə ki, uşaq yaşlarında qeydə alınmış nevroloji xəstəliklər arasında doğuş travmaları, ensefalopatiya bütün dispanser xəstələrinin 60-70 faizini təşkil edir. Bu da nevroloji xəstəliklərin gələcəkdə artımını proqnozlaşdırmağa əsas verir”.

İlkin araşdırmalar göstərib ki, uşaq əhalisi arasında ən çox müşahidə olunan nevroloji xəstəliklər müxtəlif etiologiyalı ensefalitlər və uşaq serebral iflicidir. Nevroloji xəstəliklərin uşaqlar arasında yayılmasının əsas səbəbləri isə doğuş travmaları, hamiləlik toksikozları, müxtəlif tipli erkən infeksion xəstəliklər, qan qohumluğunun olduğu bildirilir. Son illər nevroloji xəstəliklərdən ölüm halları digər xəstəliklərdən ölüm hadisələri ilə müqayisədə irəliləməkdədir. Nevroloji xəstəliklərdən əziyyət çəkən uşaqların ən çox müalicə olunduğu səhiyyə müəssisəsi Bakıdakı Uşaq Nevrolloji Xəstəxanasıdır. Burada apardığımız bir-iki günlük müşahidələr əsasında deyə bilərik ki, hər gün adı çəkilən tibb ocağına ölkənin müxtəlif regionlarınadan yüzlərlə xəstə uşaq gətirilir. Onların əksəriyyəti həkim resepti əsasında evdə müalicə olunur və mütəmadi olaraq müayinəyə çağırılır.

Dövlət xəstəxanadakı özəl qiymətləri kim müəyyənləşdirib? Bu xəstəxanada heç bir xəstə pulsuz müalicə və müayinə edilmir. Baxmayaraq ki, Səhiyyə Nazirliyi vaxtaşırı dövlət xəstəxanalarında müalicə və müayinənin pulsuz olduğunu bildirir. Uşaq Nevroloji Xəstəxanasında bir sıra həkimlər var ki, onların növbəsinə yazılmaq üçün səhər saat 7.00-dan xəstəxanın qarşısını kəsdirmək tələb olunur. Qeyd edək ki, Uşaq Nevroloji Xəstəxanasında bir xəstə uşağın müayinəsi üçün özəl qiymətlər müəyyənləşdirilib. Dəhlizdə növbə gözləyən valideynlər bildirdilər ki, həkimlərin əksəriyyəti 10-20 manat verilməyəcəyi təqdirdə xəstə uşağı müayinə etmir, müalicə resepti yazmır. Xəstəxananın daxilində müayinə və müalicənin pulsuz və ya pulu olub-olmadığına dair heç bir yazılı elana rast gəlmədik. Müəssisə rəhbərliyindən məsələ ilə əlaqədar suallarımıza cavab ala bilmək cəhdlərimiz nəticəsiz qaldı. Xəstə uşaqların valideynlərinin sözlərinə görə, burada elə həkim var ki, 10 manat verəndə pulu geri qaytarıb "mən 20 manata müayinə edirəm" deməkdən belə çəkinmir. Araşdırmalar göstərir ki, həkimlər müalicənin müddətini minimum bir il, əksər hallarda isə bir ildən də çox uzadırlar. Belə müalicəyə cəlb oluna xəstə uşaqların sayının minlərlə olduğunu öyrəndik. Valideynlərin bəziləri övladlarının müalicə müddətinin qəsdən uzadılmasından şübhələnsələr də, həkimlərin dediklərinə əmək etməyə məcbur oduqlarını bildirirlər. Maraqlıdır ki, burada xəstələrə yazılan bəzi dərmanları Bakıdakı heç bir aprekdən tapmaq mümkün deyil, amma həmin perparatları Uşaq Nevroloji Xəstəxanasının yaxınlığında yerləşən əczaxanadan almaq olar. Bu, həkimlərlə həmin aptek arasında işbirliyinin olmasına şübhələr yaradır.

Yeni yoxlamalara ehtiyac var İnanmırıq ki, Uşaq Nevroloji Xəstəxanasındakı qanunsuz ödənişlərlə bağlı səhiyyə naziri xəbərdar olsun. Belə vəziyyət səhiyyə sistemi üçün heç də başucalığı gətirən hal deyil. Yəqin ki, Səhiyyə Nazirliyinin rəsmiləri yazdıqlarımızı təkzib edəcək və Uşaq Nevroloji Xəstəxanasında sadalanan nöqsanların olmadığını bildirəcəklər. İnanmırlarsa, qəfil reyd keçirməklə hər şeyin şahidi ola bilərlər. Yeri gəlmişkən, səhiyyə nazirir Oqtay Şirəliyev bu vəzifəyə yeni təyin olunduğu vaxtlarda əhaliyə göstərilən nevroloji xidmətin vəziyyətini öyrənmək məqsədi ilə bir sıra şəhər poliklinikaları, Ruhi-əsəb dispanseri, Uşaq nevroloji xəstəxanası və bütün uşaq tibb müəssisələrində reydlər keçirilmişdi. O zaman aparılan yoxlamalar nevroloji xidmətin işində bir sıra nöqsan və çatışmazlıqlar aşkar etmişdi. Bəlkə, reydlər yenidən təkrarlansın?...

Adəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı