Modern.az

Diaspor Komitəsi 70-dən çox ölkədə 800 layihə həyata keçirib - RƏSMİ

Diaspor Komitəsi 70-dən çox ölkədə 800 layihə həyata keçirib - RƏSMİ

Diaspor

3 Noyabr 2025, 14:11

Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi 70-dən çox ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və icmalarla sıx işləyir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, 36 ölkədə 15 Korodinasiya Şurası yaradılıb:

“Diaspor fəaliyyətinin keyfiyyətinin artırılmasına, xaricdəki icmalarımızla, eləcə də dost diasporlarla əlaqələrin intensivliyinə xidmət edən daha bir addım 20 ölkədə 31 Azərbaycan Evinin yaradılmasıdır. Azərbaycan Evləri ölkəmizin tanıdılmasına, diaspor fəaliyyətinin mərkəzləşdirilməsinə, yeni nəsil diaspor tariximizin, dil və mədəniyyətimizin daha mükəmməl öyrədilməsinə xidmət edir. Bununla yanaşı, həmin evlərdə həftəsonu məktəblərinin açılması da xaricdəki icmalarımız üçün mühüm hadisədir”.   

Qeyd olunub ki, Komitə xarici ölkələrdə 100-dən çox həftəsonu Azərbaycan məktəbi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” məktəbləri üçün “Azərbaycan dili” dərsliyi nəşr etdirib, həmin məktəbləri lazım olan bütün vəsaitlərlə təmin edib. Xaricdəki minlərlə azərbaycanlı uşaq və gənc, eyni zamanda xaricilər həftəsonu məktəblərinin xidmətlərindən istifadə edir. 

Xaricdəki Azərbaycan Evləri, həftəsonu məktəbləri yeni nəsil azərbaycanlıların  ana vətənlərinə, ana dili və milli mədəniyyətə bağlı olmalarına ciddi təkan verir. Yeri gəlmişkən xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan dilini öyrənmək istəyən xaricilər üçün “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaiti də işıq üzü görüb.

“Diaspor Akademiyası” layihəsi diaspor fəaliyyətinin nəzəri və praktiki aspektlərini diaspor nümayəndələrinə aşılamağı nəzərdə tutur.

“Diasporla İş üzrə Dövlət Komitəsi “Diaspor təşkilatlarının interaktiv xəritəsi”ni, “Koordinasiya Şuralarının interaktiv xəritəsi”ni, “Diaspor Təşkilatlarının Mərkəzi portalı”nı və bunlar kimi zəngin informativ mənbələri yaratmaqla xaricdəki Azərbaycan icmaları üçün  çoxistiqamətli məlumat bazası formalaşdırıb”. 

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) yaradılıb. Dövlət Komitəsi və ADDF diaspor təşkilatları və diaspor üzvlərinin layihələrini maliyyələşdirir, həm də təşkilatlara texniki dəstək göstərir. Qeyd edək ki, təkcə 2024-cü ildə DİDK və komitənin nəzdindəki Azərbaycan Diasporuna Dəstək Fondu ümumilikdə 800 tədbir və layihənin həyata keçirilməsini dəstəkləyib. 60-dan çox ölkədə reallaşan bu tədbir və layihələrə forumlar, elmi konfranslar, sosial-mədəni tədbirlər, xaricdə yaşayan aztəminatlı soydaşlarımıza maddi yardımların göstərilməsi və s. daxildir. 

“Torpaqlarımız işğaldan azad olunandan sonra DİDK-nın və diasporun tarixindəki ən mühüm hadisə 22 aprel 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayının keçirilməsi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurultayda iştirakı və söylədiyi fikirlər diaspor fəaliyyətinin yeni istiqamətlərini müəyyən edib, postmüharibə dövründə Diasporla İş üzrə Dövlət Komitəsinin həm xaricdə yaşayan azərbaycanlılarla, həm də xaricilərlə iş sahəsində konsepsiyasının təməl prinsiplərinə çevrilib”. 

Qeyd olunub ki, hazırda əsas prioritet diaspor nümayəndələrinin Qarabağa səfərini təşkil etməkdir:

“Vətən müharibəsi bitdikdən sonra DİDK-nın fəaliyyətinin prioritetlərindən biri diaspor nümayəndələrinin və xaricilərin Qarabağa səfərlərinin təşkili olub. Bu günə qədər diasporun Qarabağa 13 genişmiqyaslı səfəri təşkil olunub. Həmin səfərlərdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor fəalları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edərək bölgədə aparılan bərpa və yenidənqurma işləri ilə yerində tanış olublar”.

“Komitənin təşəbbüsü və təşkilatçılığı ilə son illər ərzində 1000-dən artıq xarici tarixçi, politoloq, jurnalist və hüquqşünas da azad olunmuş əraziləri ziyarət edib. Bu səfərlər nəticəsində beynəlxalq mediada yüzlərlə analitik məqalə, reportaj və xüsusi araşdırma materialı dərc olunub. Həmin materiallarda Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, tarixi-mədəni irsə vurulan zərər, habelə hazırda həyata keçirilən kompleks bərpa və inkişaf prosesləri ətraflı şəkildə xarici mediada, eləcə də sosial media platformalarında işıqlandırılıb”.

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, onların ortaq problemlər qarşısında birgə mövqe nümayiş etdirməsi və ardıcıl həmrəylik göstərməsi məqsədilə səylərin birləşdirilməsi nəzərdə tutulur. Bu, ortaq türk mədəniyyətinin qorunması və inkişafına, eləcə də diaspor fəaliyyətinin strateji şəkildə əlaqələndirilməsinə mühüm zəmin yaradır. 

Azərbaycan və türk diasporlarının xaricdə və Azərbaycanda birgə tədbirlər keçirməsi, komitənin təşkilatçılığı ilə bir sıra tədbirlərin məhz Qarabağda keçirilməsi əhəmiyyət daşıyır:

“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı–Şuşa Forumu Türk Dövlətləri Təşkilatının diaspor qurumları arasında birgə fəaliyyətin istiqamətlərinin formalaşdırılmasına geniş imkanlar yaradan əsas platformalardan birinə çevrilib. Forum çərçivəsində bu əməkdaşlığın möhkəmləndirilməsi, gələcək birgə layihələrin planlaşdırılması və ortaq strateji baxışların inkişaf etdirilməsi müzakirə olunub”.

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 6 yay düşərgəsi təşkil olunub:

“Diaspor Gənclərinin Yay Düşərgələrinin 3-ü işğaldan azad olunan ərzilərdə təşkil olunub. Düşərgələr Şuşa, Laçın və Xankəndi şəhərlərində keçirilib. Hər bir düşərgədə 60-dan çox ölkədən 100-dən çox azərbaycanlı və Azərbaycanı sevən xaricilər iştirak edib”. 

Komitə xaricdə yaşayan azərbaycanlı alimlərin, eləcə də xarici elm adamlarının Qarabağ Universiteti ilə əlaqələrinin formalaşmasına da vasitəçi olub: 

“2020-ci il - Böyük Zəfər ili diasporumuzun da fəaliyyətinin mühüm dövrü sayılır. Bu tarix Azərbaycan diasporunun sistemli və ardıcıl fəaliyyətilə yadda qalıb. 

Yeni geosiyasi reallıqlar fonunda və postmüharibə dövrünün çağırışları nəzərə alınaraq, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki soydaşlarımızla kommunikasiya və informasiya siyasətini müasir dövrün tələblərinə uyğun şəkildə qurub”. 

“Komitə diaspor təşkilatları, Azərbaycan Evləri və Koordinasiya Şuralarının informasiya-kommunikasiya texnologiyaları sahəsində imkanlarının gücləndirilməsi məqsədilə ödənişsiz texniki dəstək proqramı həyata keçirir. Bu çərçivədə "Diaspor Təşkilatlarının Mərkəzi Portalı" – www.diaspor.org  informasiya sistemi yaradılıb, yüzlərlə saytın inteqrasiyası üçün texniki baza formalaşdırılıb və diaspor qurumlarının öz veb-resurslarına asan, çevik və mərkəzləşdirilmiş şəkildə çıxışı təmin olunub.

Portal yüzlərlə saytın inteqrasiyasını təmin edir, veb saytların operativ və mərkəzləşdirilmiş şəkildə hazırlanmasına imkan verir. Təşkilat müraciət etdikdən 1 gün sonra veb saytın idarəetməsi təhvil verilir. Təşkilatlar veb saytlarına əlavə etdikləri məlumatları Mərkəzi Portalda avtomatik yayımlaya bilərlər, bu da fəaliyyətlərinin daha asan və effektiv işıqlandırılmasını təmin edir.

Komitə "Dünya Azərbaycanlılarının İnteraktiv Xəritəsi"- www.worldazerbaijanis.com informasiya sistemini də yaradıb.

Soydaşlarımız dünyanın harasında olmasından və fəaliyyət növündən asılı olmayaraq, interaktiv xəritəyə məkan, tədbirlərini planı əlavə edərək hamını xəbərdar edə, gördüyü işləri işıqlandıra bilər. Bu da xaricdə yaşayan azərbaycanlılarla işin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsidir. 

2018-ci ildən başlayaraq Diasporla İş üzrə Dövlət Komitəsinin hədəflərindən biri  yeni media siyasəti çərçivəsində diasporla əlaqələrin genişləndirilməsi və dünya azərbaycanlılarının informasiya resursları vasitəsilə daha sıx birləşdirilməsi olub. Bu məqsədlə komitənin rəsmi Youtube kanalı olan Diaspor TV və Diaspor FM platformaları yaradılıb. Bu günə kimi diaspor təşkilatlarının və ayrı-ayrı soydaşlarımızın fəaliyyətindən bəhs edən 2500-ə yaxın videomaterial hazırlanaraq Diaspor TV-də yayımlanıb”. 

Diaspor TV-nin İctimai TV ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramı dünyanın 40-dan çox ölkəsində çəkilişlər aparıb, yüzlərlə soydaşımızın fəaliyyətini işıqlandırıb”- sonda bildirilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!