Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycan və Amerika musiqiçilərinin birgə təqdimatında konsert proqramı təşkil olunub.
Modern.az xəbər verir ki, Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti və Birinci Unitar Universalist Kilsəsi tərəfindən Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən konsertdə Cənubi Kaliforniyada yaşayan 250 nəfərədək həmvətənimiz, yerli ictimaiyyət nümayəndələri, müxtəlif milli və dini icmaları təmsil edən qruplar iştirak ediblər.
Kilsə nümayəndəsi açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və konsertin ABŞ və Azərbaycan arasında dostluğa həsr edildiyini bildirib.
Kaliforniya Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Sevil Fərəcova da çıxışı zamanı konsert proqramının iki mədəniyyət arasında körpülərin inşa edilməsinə, musiqi və incəsənət vasitəsilə dostluqların möhkəmlənməsinə həsr edildiyini qeyd edib. S.Fərəcova noyabr ayının Azərbaycanlılar üçün əhəmiyyətini qeyd edib, iştirakçılara Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Günü barədə məlumat verib, bu günlərin tariximizdəki əhəmiyyətini vurğulayıb.
Səhnəyə ilk öncə çıxan Azərbaycanlı musiqiçiləri bəstəkar, pianoçu və aranjımançı Emin Kərimi təqdim edib, Azərbaycan musiqisi və Amerikalı musiqiçilərlə işbirliyi nəticəsində ortaya çıxmış ifadan bəhs edib. Peşəkar opera ifaçısı Yuliya Behdudova ifasından öncə 2025-ci ilin Azərbaycanın mədəniyyət tarixində çox önəmli 3 yubileylə yadda qaldığını vurğulayıb. Y.Behbudova dahi bəstəkar Üzeyir Hacıbəyli, “Arşın Mal Alan” filmi və Azərbaycan Respublikasının xalq artisti Rəşid Behbudov barədə məlumat verib və ifalarını Rəşid Behbudovun xatirəsinə həsr edib. Daha sonra Əmin Mahini tamaşaçılara kamança barədə, Bəhmən Mirzəzadə isə tar barədə məlumat verib, musiqiçilər “Qara tellər” və “Xudayar təsnifi”ni ifa ediblər.
Amerikalı musiqiçilər Kevin DelMastro, Daniel Nilsen, Yulian Straus, Mark Reyes və Deni Qutyerres tərəfindən də Amerikan musiqisinin bluz, caz və klassik məktəblərindən nümunəvi musiqilər ifa edilib.
Konsertin sonunda Azərbaycanlı və Amerikalı musiqiçilər tərəfindən Kaliforniyada ilk dəfə olaraq birlikdə “Sarı Gəlin”, “Göygöl” və s. mahnıları ifa edilib və müsiqiçilər alqıșlarla qarşılanıb. Konsertdən sonra iştirakçılara Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.