Bu ilin sentyabrında Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan icmasına və “Uraldakı azərbaycanlıların mədəniyyət, gənclər və idman Mərkəzi”nə Vidadi Mustafayev yeni rəhbər təyin edilmişdi. O, avqustun 2-si Moskvada saxlanılan diaspor rəhbəri Şahin Şıxlinskinin yerinə təyin olunmuşdu.
Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələr Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti olmadığını, onun naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçildiyini" bildirmişdi. Çoxları uzun illər Uralın mərkəzində Azərbaycan diaspor strukturuna uğurla rəhbərlik edən Şahin Şıxlinskinin həbsini və yerinə iqtisadi cinayətlərə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmuş V. Mustafayevin təyin olunmasını Moskvanın təzyiqləri ilə əlaqələndirmişdi. Rusiya güc strukturları Vidadi Mustafayevi öz adamı kimi diaspor strukturuna yerləşdirsə də, onunla əməkdaşlığı tez bitirdi. Belə ki, dekabrın 1-də V. Mustafayev məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. Onun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə dələduzluqda şübhəli bilindiyi qeyd olunub.
Modern.az Vidadi Mustafayevin saxlanılma səbəbləri ilə bağlı bəzi detallarını əldə edib.
Belə ki, "diaspor rəhbəri" bir neçə torpaq sahəsi ilə bağlı irimiqyaslı fırıldaqçılıqda ittiham olunur. Məhkəmə onu 31 yanvar 2026-cı ilə qədər həbs qətimkan tədbiri seçib və istintaq yeni ittihamlar vəd edir. Vidadi Mustafayevin başına gələnlərin özünü əxlaq müdafiəçisi kimi təqdim edən, sənətçilərə, blogerlərə və ictimai xadimlərə qarşı çoxsaylı "donos"lar yazan keçmiş təhlükəsizlik məmuru Vitali Borodinlə bağlı olduğu vurğulanır.
Adı açıqlanmayan mənbə Mustafayevi Borodinin yaxın çevrəsinə bağlayıb və onun fəaliyyətini Borodinin sədri olduğu "Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihə" təşkilatı ilə əlaqələndirib.
Mustafayevin Borodinin layihəsinin adından humanitar yardım üçün pul toplamaq və müxtəlif məsələləri "həll etmək" üçün istifadə etdiyi iddia olunur.
Güc strukturları ilə əlaqələri olan Borodinin geniş biznes şəbəkəsinin olduğu bildirilir. 2014-cü ilin mart ayında o, nizamnamə kapitalında 50% payla Spetspromstroy MMC-ni təsis edib. Şirkət müntəzəm olaraq dövlət müqavilələri alır və tamamlanmış müqavilələrin ümumi dəyəri təxminən bir neçə milyon dollara çatır.
Modern.az Uralda Azərbaycan diasporu ilə bağlı baş verən prosesləri diqqətdə saxlayacaq.