Ukraynanın Odessa şəhər məhkəməsi 3 azərbaycanlı haqda axtarış qərarı verib.
Modern.az xəbər verir ki, onlar Odessa şəhərində 2020-ci ildə restoranlardan birində baş verən silahlı qarşıdurmada iştirak ediblər.
Axtarışa verilənlər arasında “Emil Varşavski” ləqəbi ilə tanınan Emil Xəlilov, Nofər Həsənoğlu və Elmin Rüstəmovdur.
Məlumata görə, hakim Anjelika Ruseva prokurorluğun təqdimatını təmin edərək həmin şəxslərə Ukrayna Cinayət Məcəlləsinin 296-cı maddəsi (xuliqanlıq) üzrə tədbir seçilməsinə razılıq verib. Axtarışa verilənlər “Lotu Quli” ləqəbli mərhum kriminal avtoritet Nadir Səlifovun tərəfdarları kimi göstərilir.
Qarşıdurmada adı hallanan yeddi nəfərdən bir neçəsi – Emil Xəlilov (“Emil Varşavski”), Cavid İsmayılov (“Cavid”), Qaydar Kazimirçik, Nəsib Zeynalov, Kamil Bədirov, Nofər Həsənoğlu və Elmin Rüstəmov barəsində 2020-ci ildən bəri ittihamlar araşdırılır.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra üç təqsirləndirilən şəxs məhkəməyə gəlməyi dayandırıb və onlar 8 aprel 2022-ci ildə Ukraynanı tərk ediblər.
Xatırladaq ki, Emil Varşavski 2022-ci ilin aprelində Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı. O, cinayətkar qrup tərkibində Rusiya kəşfiyyatına işləməkdə, Odessa şəhərinin alınmasından sonra işğalçı hakimiyyətə qoşulmaq planında və Rusiya Federasiyasının nümayəndələri ilə əlaqə saxlayaraq, onlara regiondakı vəziyyət barədə məlumat verməkdə ittiham olunurdu.