Yekaterinburqun Kirov Rayon Məhkəməsi Azərbaycan diaspor nümayəndələrinin həbs müddətini uzadıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, etnik cinayətkar qruplaşması işi üzrə digər təqsirləndirilən Səfərov qardaşları və digərləri ilə birlikdə Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin məhkəməyəqədər həbs müddəti də uzadılıb.
Qərara əsasən, təqsirləndirilən şəxslər 31 may 2026-cı ilə qədər həbsdə qalacaqlar.
Təqsirləndirilən şəxslər 2001-2011-ci illər arasında törədilmiş qətl və qəsdən adam öldürməyə cəhddə ittiham olunurlar. Müstəntiqlər hesab edirlər ki, iş mütəşəkkil etnik cinayətkar qrupun fəaliyyəti ilə bağlıdır.
Qeyd edək ki, Şahin Şıxlinskinin həbsi 27 iyunda Yekaterinburqda keçirilən genişmiqyaslı təhlükəsizlik əməliyyatından sonra baş verib və bu əməliyyat zamanı bir neçə Azərbaycan vətəndaşı saxlanılıb. Onlar etnik dəstə yaratmaqda, iki iş adamını öldürməkdə və üçüncüsünü öldürməyə cəhd etməkdə ittiham olunurdular. Əməliyyat zamanı təqsirləndirilən şəxslərdən ikisi - Ziyəddin və Hüseyn Səfərov öldürülüb, digəri isə xəstəxanaya yerləşdirilib.
1 iyulda isə Şahin Şıxlinski və oğlu Mütvalı saxlanılıb. Əməliyyat Yekaterinburqdakı "Bakı Plaza" ticarət mərkəzinin yaxınlığında baş tutub: onların getdiyi zirehli "Mercedes" kəsişmədə bloklanıb, bundan sonra avtomobilin şüşələri çəkiclə sındırılıb. Müstəntiqlərin sözlərinə görə, Mütvalı Şıxlinski qaçmağa cəhd edib və xüsusi xidmət əməkdaşını vurub. O, bu hadisəyə görə ayrıca ittiham olunur.