İran bu gün tarixinin ən mürəkkəb və gərgin dövrlərindən birini yaşayır. Ötən ilin 29 dekabrından ölkəni bürüyən kütləvi etirazlar, iqtisadi çətinliklər və siyasi təlatümlər fonunda minlərlə insan həyatını itirib. Təəssüf ki, bu hadisələr zamanı həlak olanlar arasında onlarla soydaşımız — İran azərbaycanlıları da var.
Modern.az xəbər verir ki, gərginliklər fonunda yenidən aktuallaşan sual isə budur: Əslində İranda nə qədər azərbaycanlı yaşayır?
2025-ci ilin son məlumatlarına və BMT-nin proqnozlarına əsasən, İranın ümumi əhalisi 92 milyon nəfəri keçib. Bu, İranı həm ərazisinə, həm də əhalisinə görə regionun ən böyük dövlətlərindən birinə çevirir. Lakin rəsmi Tehranın statistikalarında etnik tərkib çox vaxt ümumi "müsəlman" və ya "İranlı" kimliyi altında verilir ki, bu da dəqiq rəqəmləri müəyyən etməyi çətinləşdirir.
Müasir araşdırmalar və beynəlxalq hesabatlara əsasən İranın təxmini etnik mənzərəsi belədir:
Farslar 50% - 61%
Azərbaycanlılar 16% - 35% (mübahisəli)
Kürdlər 10%
Lurlar 6%
Bəluclar 2%
Ərəblər 2%
Türkmənlər və digər türk tayfaları 2%
Azərbaycanda illərdir populyar olan "30 milyon soydaşımız" ifadəsi sadəcə bir rəqəm deyil, həm də siyasi bir rəmzə çevrilib. Bəs bu rəqəm nə dərəcədə realdır?
Rəsmi rəqəmlər olmasa da, İran demoqrafları azərbaycanlıların sayını adətən əhalinin 16-18%-i (təxminən 15-17 milyon) civarında göstərir. Amma müstəqil mərkəzlər, bir çox azərbaycanlı tədqiqatçı və milli fəallar bu rəqəmin 30 milyon, hətta 35 milyondan çox olduğunu bildirirlər.
Qeyri-müəyyənliyin səbəbi isə onunla bağlıdır ki, İranda əhalinin siyahıyaalınması zamanı etnik mənsubiyyət soruşulmur. Bundan əlavə, Tehran, Kərəc və Məşhəd kimi böyük şəhərlərdə yaşayan milyonlarla azərbaycanlının asimilasiyaya uğraması və ya "farsdilli" kimi qeydə alınması rəsmi rəqəmləri aşağı salır.
Soydaşlarımız təkcə tarixi Azərbaycan ostanlarında (Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan) deyil, həm də ölkənin hər yerinə yayılmış halda yaşayırlar:
Cənubi Azərbaycan bölgəsi: Təbriz, Ərdəbil, Urmiya, Zəncan.
Mərkəzi bölgələr: Qəzvin, Həmədan, Əlburz.
Paytaxt Tehran: Hesablamalara görə, Tehran əhalisinin azı 1/3-i azərbaycanlılardan ibarətdir.
Rəqəmlər müxyəlif olsa da, bir faktı hər kəs qəbul edir - İranda azərbaycanlılar farslardan sonra ölkənin ən böyük və ə nüfuzlu etnik qrupudur. Onlar iqtisadiyyatdan tutmuş din və orduya qədər hər sahədə təmsil olunurlar.
İranın gələcəyi və bölgədəki sabitlik üçün bu nəhəng kütlənin — on milyonlarla azərbaycanlının hüquqları və milli kimliyi hər zaman əsas faktor olaraq qalacaq.
Kərim RUTULLU