"Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq sahəsində demək olar ki, bütün müqavilələr vaxtında və yüksək keyfiyyətlə tamamlanıb".
Modern.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
"Hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər də müzakirə olunur. Bəzi müqavilələrdə Rusiya müəssisələrinin dövlət müdafiə sifarişini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı məsələlər var, lakin bu, müvafiq struktur bölmələri arasında dialoqda həll olunan işçi məsələlərdir”, - o bildirib.
"Ermənistan KTMT-dən çıxmaq fikrində deyil, baxmayaraq ki, onun nümayəndələri Təşkilatın iclaslarında iştirak etmir. Biz ilk növbədə Ermənistan rəhbərliyinin rəsmi bəyanatlarına diqqət yetiririk, ona görə Ermənistanın KTMT-dən çıxması məsələsi hazırda gündəmdə deyil. Bildiyiniz kimi, gələn il Ermənistan Respublikası Avrasiya İqtisadi İttifaqına sədrlik edəcək", - səfir əlavə edib.
"Rusiya və Ermənistan 30 dekabr 2020-ci il tarixli kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında saziş çərçivəsində media məsələləri üzrə operativ rabitə kanalları yaradıblar", - Kopırkin söyləyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi Moskvada məsləhətləşmələr aparıb. İrəvan bəyan edib ki, Ermənistan hökuməti Rusiya telekanallarına qadağa qoyulması imkanını müzakirə etmir, bu sahədə problemlər müzakirə olunub.