Rusiyada başqırd fəal Ukraynada səfərbər edilənləri döyüşməməyə çağıran videoya görə 5 il azadlıqdan məhrum edilib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, Ufa məhkəməsi səfərbər olunanlara Ukrayna ilə müharibədə iştirak etməməyə çağıran videomüraciət edən fəal Ramilə Səidovanı 5 il müddətinə azadlıqdan məhrum edib.
Səidova “dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətə ictimai çağırışlar”da (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.4-cü maddəsinin 2-ci hissəsinin “c” bəndi) təqsirli bilinib.
O, 2023-cü ilin mayında Başqırdıstandan hərbçilərinə videomüraciət dərc etdikdən sonra saxlanılıb.
“Başqırd, şücaət göstərmək hər kəsi öldürməkdən ibarət deyil. Bu gün ən çətin şey və qəhrəmanın əsl şücaəti "öldürməyə razı deyiləm!" deməkdir", Səidova videoda bildirib.
Rusiya FTX bu videoda hərbi qulluqçuların "xidmətə həvalə edilmiş silahlarla fərarilik etməyə" çağırışlar olduğunu bəyan edib.
Bundan əvvəl 2021-ci ilin noyabrında Səidova 3 il müddətinə azadlıqdan məhrum edilmiş, 2022-ci ilin avqustunda azadlığa çıxmışdı.