Qazaxıstan hakimiyyəti “Taliban” hərəkatını qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
Qeyd edək ki, Qazaxıstan Ali Məhkəməsi 2005-ci ildə "Taliban"ı qadağan olunmuş terror qrupları siyahısına əlavə edib.
Smadiyarov "Kazinform" agentliyinə müsahibəsində bildirib ki, Qazaxıstan qadağan olunmuş terror təşkilatlarının milli siyahısını müntəzəm olaraq nəzərdən keçirir. "Taliban"la bağlı qərar BMT təcrübəsi nəzərə alınaraq qəbul edilib.
"BMT Təhlükəsizlik Şurasının məcburi olan qətnamələrinə əsasən, "Taliban" hərəkatı BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısına daxil edilməyib", - Aybek Smadiyarov qeyd edib.
Qazaxıstan və "Taliban" arasında diplomatik əlaqələrin inkişafından danışan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, "Taliban" 1996-2001-ci illərdə Əfqanıstana rəhbərlik edib və 2021-ci ildə hərəkat yenidən ölkədə hakimiyyəti bərqərar edib. Smadiyarova görə, təşkilat “dünya ictimaiyyətinin gözü qarşısında özünü reabilitasiya etməyə çalışır”.