ABŞ və Böyük Britaniyanın husilərinə qarşı həyata keçirdiyi zərbələr özbaşınalıqdır.
Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
O bildirib ki, bu zərbələr Yəmənin suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır.
Kənani Vaşinqton və Londonun bu kimi hərəkətlərinin yalnız regionda qeyri-sabitliyin artmasına səbəb olacağını vurğulayıb.
ABŞ və Britaniya Yəməndə İran tərəfindən dəstəklənən husi qiyamçılarına qarşı əməliyyata başlayıb. Qiyamçıların hərbi hədəflərinə havadan və dənizdən zərbələr endirilib.
Əməliyyat husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücum etməsinə cavab olaraq keçirilir. Qiyamçılar deyirlər ki, onların Qırmızı dənizdəki hücumları HƏMAS-a dəstək nümayişidir.
Yəməndəki jurnalistlər ölkə ərazisində partlayışların olduğunu təsdiqləyiblər. ABŞ prezidenti Co Bayden lazım gələrsə, əlavə tədbirlər görməkdən çəkinməyəcəklərini bildirib.
"Bu hədəflənmiş zərbələr ABŞ və tərəfdaşlarımızın şəxsi heyətimizə qarşı hücumlara dözməyəcəyinə və ya düşmən tərəflərin naviqasiya azadlığını təhlükə altına qoymasına icazə verməyəcəyinə dair açıq mesajdır", - Bayden belə deyir.