Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Münhendə Toqonun xarici işlər, Afrika inteqrasiyası və diaspor naziri Robert Duçe ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və siyasi dialoqun intensivləşdirilməsi imkanlarını müzakirə edib, hər iki tərəfin hazır olduğunu bildiriblər. Müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi, bunun üçün zəruri hüquqi bazanın formalaşdırılması, qarşılıqlı səfərlərin yüksək səviyyədə təşkilində qarşılıqlı maraq vurğulanıb.
Ermənistan və Toqonun xarici işlər nazirləri beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Görüşdə Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti də müzakirə olunub. Mirzoyan cari çağırışları və onların aradan qaldırılmasında Ermənistan tərəfinin baxışını təqdim edib.