Çinin xüsusən şimal hissəsində hökm sürən şaxtalı və qarlı hava səbəbindən Şensi vilayətində magistral avtomobil yollarında hərəkət dayandırılıb.
Modern.az xəbər verir ki, bir neçə gündür davam edən soyuq hava və qar yollarda hərəkəti çətinləşdirib. Bu cür hava şəraitində yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün avtomagistralların qeyri-müəyyən müddətə bağlanmasına qərar verilib. Bundan başqa, vilayətin inzibati mərkəzi olan Tayyuan şəhərindən bütün istiqamətlər üzrə şəhərlərarası avtobus səfərləri də ləğv edilib. Proqnozlara görə güclü külək və qar yağmasına səbəb olan soyuq hava kütləsi vilayətin əksər hissələrində qarşıdakı 3 gün ərzində də hakim olacaq.
Ölkənin mərkəzindəki Hubey vilayətində isə soyuq hava ilə əlaqədar orta məktəblərdə qış tətilinin müddəti 3 gün uzadılıb.
Qeyd edək ki, Çinin Milli Meteorologiya Mərkəzi ölkədə müşahidə olunan şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar ən yüksək dərəcədə xəbərdarlığını yeniləyib. Qurum soyuq hava kütləsinin bu günlərdə ölkənin müxtəlif bölgələrində havanın hərarətini 8-12 dərəcə, Sincan Uyğur və Daxili Monqolustan muxtar rayonlarında, Qansu, Heyloncian, Hunan və Quycou vilayətlərində isə 20 dərəcəyədək aşağı saldığı barədə açıqlama yayıb. Soyuq hava kütləsi təkcə havanın hərarətini endirməyib, həm də güclü külək, yağıntı və qum tufanı meydana gətirib. Fevralın 20-də axşam saatlarından etibarən paytaxt Pekində də güclü qar yağmağa başlayıb.
Milli Meteorologiya Mərkəzi yerli hökumətlərə, müvafiq qurumlara, əhaliyə şaxtalı havanın törədə biləcəyi fəsadlara hazır olmağı tövsiyə edib.
Soyuq hava kütləsinin ölkənin şimal hissəsində fevralın 22-dək, cənub hissəsində isə 26-dək hökm sürəcəyi gözlənilir.