Modern.az

Makronun Ukraynaya qoşun göndərmək təklifini dəstəkləyən ilk ölkə məlum oldu

Makronun Ukraynaya qoşun göndərmək təklifini dəstəkləyən ilk ölkə məlum oldu

1 Mart 2024, 09:27

Estoniya Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərmək ideyasını açıq şəkildə  dəstəkləyən ilk və indiyədək yeganə Avropa ölkəsi olub. Belə ki, Estoniyanın baş naziri Kaya Kallas bəyan edib ki, Qərb liderləri belə bir ehtimalı istisna etməməlidirlər.

Modern.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.
 

“Düşünürəm ki, bunlar həm də Rusiyaya müxtəlif təşəbbüsləri istisna etmədiyimizə dair göndərdiyimiz siqnallardır. Çünki bütün ölkələr başa düşüb ki, biz hər şeyi etməliyik ki, Ukrayna qalib gəlsin, Rusiya isə bu müharibədə uduzsun”, - Kaya Kallas deyib.

Bundan əvvəl Latviya və Litva da Makronun təklifini qismən istisna etmirdilər.


NATO, eləcə də İsveç, Almaniya, İtaliya, İsveçrə, Macarıstan və Polşa Ukraynaya qoşun göndərmək variantını qəti şəkildə rədd edib.

Ukrayna prezidenti Vladimir Zelenski Makronun təşəbbüsü ilə maraqlandığına eyham vuraraq, məsələni Fransa prezidentinin martda səfəri zamanı müzakirə edəcəyinə söz verib.

Xatırladaq ki, bazar ertəsi  Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdə 20-dək Avropa dövlətinin rəhbəri Ukrayna-Rusiya müharibəsini müzakirə edib.
Konfrans zamanı Avropa liderləri Ukraynaya yardımı artırmaq üçün müxtəlif ideyalar təklif ediblər. Makron Ukraynaya döyüşmək üçün qoşun göndərmək ideyası irəli sürüb və deyib ki, Rusiyanın qələbə qazanmasına imkan vermək olmaz.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə