Bu gün Rusiyada prezident seçkilərinin səsverməsi başlayıb. Seçkilərdə 4 namizəd (əlifba sırası ilə) iştirak edir: “Yeni insanlar” hərəkatından Vladislav Davankov, özünün namizədliyi ilə hazırkı prezident Vladimir Putin, Liberal Demokrat Partiyasından Leonid Slutski və Rusiya Federasiyası Kommunist Partiyasından Nikolay Xaritonov.
Putin ilk dəfə 2000-ci ildə seçkilərdə qalib gəlib. O, beşinci dəfə dövlət başçısı postuna namizədliyini irəli sürüb. Xaritonov ikinci dəfədir seçkilərdə iştirak edir (2004-cü ildə o, Putinə uduzaraq 13,69% səslə ikinci olub). Davankov və Slutski ilk dəfədir ki, seçkilərdə iştirak edirlər.
Modern.az xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov da bu gün səs veriblər. Generallar Cənub Hərbi Dairəsinin seçki məntəqələrindən birində səs veriblər.
Müdafiə Nazirliyi bununla bağlı video yayıb.
“Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov prezident seçkilərində Cənub Hərbi Dairəsindəki seçki məntəqələrindən birində Birləşmiş Qüvvələr Qrupunun hərbi qulluqçuları ilə birlikdə səs veriblər”, - deyə məlumatda bildirilir.
Birinci turda qalib gəlmək üçün namizəd səsvermədə iştirak edən seçicilərin yarıdan çoxunun səsini qazanmalıdır. Seçilmiş prezidentin səlahiyyət müddəti 6 il olacaq.
Səsəvermə üç gün davam edəcək – 15, 16, 17 mart. Seçki məntəqələri cümə günündən başlayaraq yerli vaxtla saat 8:00-dan 20:00-a qədər açıqdır. Moskva da daxil olmaqla 89 regiondan 29-da elektron səsvermə sistemi (DEG) vasitəsilə də səs vermək mümkündür. Elektron səsvermə bazar günü saat 20:00-a qədər olacaq.
Son məlumata görə, artıq 500 min nəfər elektron səsvermədə iştirak edib.