Çinin Tayvan İşləri İdarəsi (Çin Xalq Respublikasının Dövlət Şurasının nəzdində işləyir və Tayvan regionu ilə əlaqələrə cavabdehdir) Tayvanda baş vermiş güclü zəlzələ ilə bağlı narahatlığını bildirib.
Modern.az xəbər verir ki, qurum təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yardım göstərməyə hazır olduğunu açıqlayıb.
Tayvan rəsmiləri narahatlığına görə Pekinə təşəkkür edib, lakin onların köməyə ehtiyacı olmadığını bildiriblər.
Tayvanın şərq sahillərində 7,5 və 6,6 bal gücündə zəlzələ baş verib. Bu, son 25 ildə adada ən güclü olub. 40-dan çox yeraltı təkan qeydə alınıb. Son məlumatlara görə, 4 nəfər ölüb, 90-dan çox insan yaralanıb. Zəlzələ Yaponiyanın Okinava və Miyako adalarında da hiss olunub, burada sunami xəbərdarlığı edilib.
Qeyd edək ki, Çin Tayvanı öz ərazisi hesab edir. Lakin Tayvanın müstəqilliyi bir sıra ölkələr tərəfindən tanınır. II Dünya müharibəsindən sonra Çindəki vətəndaş müharibəsində kommunistlər hakimiyyəti ələ keçirdikdən sonra mərkəzi hakimiyyət Tayvan adasına sığınıb. Nəticədə əsas hissədə Çin Xalq Respublikası, adada isə Çin Respublikası formalaşıb. Uzun illər BMT-də Çini məhz Tayvan təmsil edib.