Modern.az

“Üçüncü dünya müharibəsi başlayıb”

“Üçüncü dünya müharibəsi başlayıb”

Dünya

10 Sentyabr 2025, 00:13

Üçüncü dünya müharibəsi artıq başlayıb və ABŞ imperiyası dünyaya öz siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu sırımaq üçün xüsusi müharibə planı həyata keçirir.

Modern.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro bildirib.

“Papa Fransisk hələ iki il əvvəl deyirdi ki, biz üçüncü dünya müharibəsinə doğru gedirik. Mən hesab edirəm ki, o artıq başlayıb. ABŞ imperiyası dünyaya öz hegemonluğunu diktə etmək üçün müharibə planına malikdir”, - deyə Maduro vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin avqustunda Roma Papası Fransisk (2025-ci ilin aprelində vəfat edib) bəşəriyyətin “üçüncü dünya müharibəsini yaşadığını” bəyan edib. 2024-cü ilin mayında isə o, qlobal vəziyyəti yenidən bu ifadə ilə xarakterizə edib.

"Reuters"in məlumatına görə, 19 avqustda ABŞ Hərbi Dəniz Qüvvələrinin üç esminesi, atom sualtı qayığı və raket kreyseri, həmçinin 4,5 min hərbçisi Venesuela sahillərinə, Karib hövzəsinin cənub hissəsinə göndərilib. Rəsmi izahata görə, məqsəd “narkokartellərə qarşı əməliyyatlar” aparmaq olub.

"The New York Times" yazır ki, ABŞ Prezidenti Donald Tramp Latın Amerikasındakı narkokartellərə qarşı hərbi güc tətbiqi barədə gizli direktiv imzalayıb. Dövlət katibi Marko Rubio isə 2 sentyabrda Venesueladan çıxmış və “narko-terrorçu təşkilata” məxsus olduğu iddia edilən gəminin məhv edildiyini, hücum nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb.

Vaşinqton Maduronu “Cartel de los Soles” adlı narkokartel ilə əlaqəli olmaqda ittiham edir. Lakin rəsmi Karakas bu qurumun mövcudluğunu qəti şəkildə inkar edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?