ABŞ-da tanınmış sağçı aktivist və "Turning Point USA" (TPUSA) təşkilatının icraçı direktoru Çarli Kirk silahlı hücum nəticəsində öldürülüb.
Modern.az xəbər verir ki, hadisə Yuta ştatında yerləşən Yuta Vadisi Universitetində keçirilən tədbir zamanı baş verib. Silahlı şəxs Kirki boyun nahiyəsindən vurub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək Kirkin ölümünü təsdiqləyib və ölkədə dövlət bayraqlarının endirilməsi barədə göstəriş verib. Tramp onu “ABŞ gəncləri üçün ürəyi yanan, böyük və hətta əfsanəvi şəxsiyyət” adlandıraraq mərhumun ailəsinə başsağlığı verib.
İlkin məlumatlarda hücumçunun saxlanıldığı bildirilmişdi. Universitet isə sonradan açıqlama yayaraq saxlanılan şəxsin - Corc Zinn adlı yaşlı kişinin hücumla əlaqəsi olmadığını, onun yalnız “ədalət mühakiməsinə mane olma” ittihamı ilə tutulduğunu bəyan edib. Rəsmi məlumata görə, hücumçu hələ də azadlıqdadır və atəş təxminən 60 metrdən açılıb.
***
23:27
ABŞ-da tanınmış sağçı aktivist və "Turning Point USA" təşkilatının icraçı direktoru Çarli Kirk debat zamanı silahlı hücuma məruz qalıb.
Modern.az xəbər verir ki, hadisə Yuta Vadisi Universitetində baş verib.
Universitet rəhbərliyi tələbələrə göndərdiyi bildirişdə şübhəlinin saxlandığını açıqlayıb. Rəsmi məlumata görə, insidentdə yalnız Kirk yaralanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə naməlum şəxsin Kirki boyun nahiyəsindən vurduğu anlar əks olunub. "Fox News" onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirib.
Universitet polisinin nümayəndəsi də kampus ərazisində atəş açıldığını təsdiqləyib. Hadisə ilə bağlı FBI araşdırmaya başlayıb.
Hücum ABŞ siyasətində rezonans doğurub. Müdafiə naziri Pit Heqset, vitse-prezident Cey Di Vens və digər respublikaçılar Kirki dəstəkləyən açıqlamalar veriblər.
Prezident Donald Tramp “Truth Social” hesabında yazıb: “Biz hamımız Çarli Kirk üçün dua etməliyik. O, möhtəşəm bir insandır. Tanrı onu qorusun!”